"Ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür" ÖZƏL-MÜNASİBƏT

“Koronavirusun yayılmasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi vətəndaşlarımızın həyatının qorunması baxımından əlahiddə tədbirlərdir”. Bunu SİA-ya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədrinin sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyevin bütün bu tədbirləri şəxsən nəzarətdə saxlaması Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durmasının bariz nümunəsidir: “Koronavirusun Azərbaycanda kütləvi şəkildə yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı zəruri olan bütün addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Dünyada olduğu kimi Azərbaycanda da pandemiyanın yayılmasını məhdudlaşdırmaq məqsədilə turizm, ticarət, ictimai iaşə kimi sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və iş fəaliyyəti məhdudlaşdırılıb. Aparılan təhlillərə görə, həyata keçirilən bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığa təsir edə və təsirə məruz qalan sahələrdə sahibkarların itkilərlə üzləşməsinə, insanların iş yerlərini itirməsinə səbəb ola bilər.

Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısının imzaladığı sərəncamla dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb. Sərəncam 4 istiqamətdə xüsusi tədbirlərin görülməsini nəzərdə tutur: pandemiyanın iqtisadiyyata təsirini qiymətləndirmək; sahibkarlıq subyektlərinə dövlət dəstəyi; məşğulluq problemlərinin və sosial problemlərin həlli; makroiqtisadi sabitliyin qorunub saxlanması üçün tədbirlər planın hazırlanması. Göründüyü kimi, dövlətimizin başçısı tərəfindən müəyyən edilən dəstək istiqamətləri çox geniş fəaliyyət sahəsini müəyyən edir. Artıq ilkin olaraq açıqlanan tədbirlər planının maliyyə tutumu 3 milyard manatı keçmişdir. Bu vəsaitin ÜDM-ə nisbəti göstəricisinə görə Azərbaycan regionda iqtisadiyyata və insanların sosial həyatına ən çox vəsait ayıran ölkədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə