31 Mart soyqırmını tanıda bilirikmi? ŞƏRH-ÖZƏL

"31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı, ağır səhifələrindən biridir. Azərbaycan cəmiyyətində, ayrı-ayrı ailələrdə, ziyalı qruplarda hər zaman bu barədə söhbət gedib, maarifləndirmə aparılıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Həmin dövrdə ermənilərin törətdiyi vəhşiliklərlə bağl ailələrində hər zaman müxtəlif söhbətlərin getidiyini deyən deputat ata nənəsinin atası Məhəmmədəli bəyin 1918-ci ildə soyqırımı ərəfəsində öz kəndlərində ermənilər tərəfindən öldürüldüyünü söyləyib: "Məhəmmədəli bəy o dövrdə kəndin silah və sursatını alıb, kəndin erməni hərbi dəstələrinə qarşı hərbi mübarizəsini təşkil etsə də, özü də erməni vəhşiliyinin qurbanı olub. Bu baxımdan bizim ailədə daim həmin dövrdə baş verənlərlə bağlı söhbətlər gedib, müzakirələr aparılıb. Belə nümunələr az deyil".

A.Mizəzadə söyləyib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə 31 mart soyqırımını dövlət səviyyəsində qaldırması, həmin günü azərbaycanlıların soyqırımı günü elan etməsi, məsələnin artıq rəsmiləşdirilməsi, müzakirəsinin daha da yüksək səviyyəsyə çatdırılması idi.

Deputat söyləyib ki, həmin dövrdən keçən 22 il müddətində Azərbaycan cəmiyyəti bununla bağlı daha da çox məlumatlandırıldı: "Tarixi sənədlər, baş verənlərin səbəbləri açıqlandı. Aydın məsələdir ki, soyqırımın həyata keçirilməsində əsas səbəb Azərbaycan xalqının müstəqil dövlətçiliyinin, xalqımızın təhlükəsizliyini qoruyan sistemin, prinsiplər toplusunun olmaması idi. Məhz dövlətçiliyimizin olmaması erməni millətindən olan yüz minlərlə insanın qanunsuz sürətdə tarixi azərbaycan torpaqlarına yerləşdirilməsi, erməni hərbi birləşmələrinin yaradılmasına səbəb oldu".

O qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətçiliyimizin xalqımızın varlığının və təhlükəsizliyinin əsas amili olduğunu bilməlidir: "Cəmiyyətdə 31 mart soyqırımı ilə bağlı kifayət qədər məlumat var. Lakin hesab edirəm ki, bu dayanmamalı, xüsusilə də gənc nəsil məlumatlandırılmalı, maarifləndirilməlidir. Hər bir gənc Azərbaycan vətəndaşı tariximizin, dəyərlərimizin daşıyıcısı olmaqla fəxarət hissi duymalıdır. Eyni zamanda bu məsələnin beynəlxalq aləmdə tanıdılması istiqamətində işində fəaliyyətimizi daha da gücləndirməliyik. Bu barədə xarici dillərdə filmlər çəkilməli, materiallar, kitablar nəşr edilməli, sosial şəbəkələrdə məlumatlar paylaşılmalıdır. Xaricdə yaşayan azərbaycanlılar soyqırım barəsində yaşadıqları cəmiyyəti məlumatlandırmalıdırlar. Hətta erməni dilində də belə materaiallar yazılmalı, erməni mühitinə göstərilməlidir. İşlər görülür, fəaliyyət var. Lakin hesab edirəm ki, gələcəkdə daha böyük işlər görməli, daha geniş fəaliyyət göstərməliyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə