İdlibdə yaranmış durumun müzakirəsi hazırda bütün dünyanın diqqət mərkəzindədir. Türk silahlı qüvvələrinin Rusiya-Suriya hava zərbəsi nəticəsində verdiyi itgi, 33 nəfər əsgərin həyatını itirməsi hadisələrin daha da gərginləşməsinə səbəb olub. Daha dəqiq desək, Türkiyə tərəfinin istər diplomatik, istərdə də döyüş bölgəsindəki cavabı özünü çox göslətməyib. Hazırda Türkiyə ilə Rusiya arasında da münasibətlər aydınlaşdırılır ki, dünya ictimaiyyətinin də diqqətini cəlb edən məqamlardan biri də məhz budur.
Suallar müxtəlifdir. Görəsən, Türkiyə, Rusiya və Suriyaya qarşı irimiqyaslı müharibəyə başlayacaqmı? NATO-nun qərarından, ABŞ-ın nə edəcəyindən də çox şey asılıdır. Ona görə ki, Türkiyəyə verilən siyasi dəstək, demək olar ki, yetərsizdir. Bu baxımdan həm də sual oluna bilər ki, hadisələrin gedişi nədən xəbər verir? Bəs Ermənistan tərəfi niyə narahatdır və niyə ermənilər sayıqlıqlarının artırılması qərarındadırlar?
Əslində, hadisələrin gedişi və Türkiyənin iradəsi, təkcə Suriyada deyil, bütün dünya miqyasında göstərdiyi qətiyyət daha çox erməniləri narahat edir. Çünki, onlar yaxşı başa düşürlər ki, Türkiyənin mövqelərinin möhkəmlənməsi, bölgədə söz sahibinə çevrilməsi heç də Ermənistan üçün sərfəli deyil. Yəni, başa düşülən odur ki, istənilən anda Türkiyə Ermənistanla bağlı da öz iradəsini, qətiyyətli tələbini ortaya qoya bilər və bu da işğalçı dövlətə baha başa gələ bilər.
Türkiyənin Azərbaycanla isti münasibətləri, dövlət başçılarının mütəmadi görüşləri və görüşlər zamanı səsləndirilən fikirlər də erməni cəmiyyətinin və onun mətbuat səhifələrinin diqqətindən kənarda qalmır. Bakıda Türkiyə-AzərbaycanYüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası, iclasın yekununda Bakıda səfərdə olan Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakıyla 14 əməkdaşlıq sənədinin imzalanması, sonra da prezidentlərin mətbuat qarşısında bəyanatla çıxış etmələri ermənilər üçün açıq-aşkar bir dərd olub. Xüsusən, əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verilməsi, Türkiyədən yeni hərbi texnika alınacağı haqqında bildirilməsi Ermənistanın narahatçılığına səbəb olub. Çünki, işğalçı ölkədə çox yaxşı başa düşürlər ki, iki ölkə arasındakı hərbi əməkdaşlğın yeni mərhələsi başlayır və məqsəd orduların güclü olması, müdafiə sənayelərimizin gücləndirilməsidir. Azərbaycan və Türkiyə olmaqla iki ölkənin gələcəkdə birgə hərbi texnika istehsal edəcəyi, terrorla mübarizədə də iki dövlətin əməkdaşlıq edəcəyi anlamına gəlir ki, bu da erməniləri narahat etməyə bilməz.
Nəzərə almaq lazımdır ki, Türkiyə ATƏT-in Minsk Qrupu yarandığı ilk gündən onun daimi üzvüdür və hər zaman onun işində, eləcə də ATƏT-in Minsk Qrupu həmsədrləri ilə məsləhətləşmələrdə fəal iştirak edib. Yəni, yeri gəldikdə söz sahibidir və tələbləri də nəzərə alınmalıdır. Əbəs yerə deyil ki, Ermənistan mətbuatında Türkiyənin belə bir mövqeyi daim hədəfə alınır və bu da ermənilərin həddindən artıq dərəcədə qorxu keçirdiyindən xəbər verir.
Digər tərəfdən, hazırda Türkiyənin Rusiya ilə münasibətləri də ermənilərin kürkünə birə salıb desək yanılmarıq. Çünki, daim ruslardan dəstək alan və bu dəstəyə ümid edən ermənilər üçün bu heç də arzuolunan deyil. Eyni zamanda ermənilər yaxşı bilirlər ki, Türkiyə bölgədəki bütün layihə və proseslərin fəal iştirakçısıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişənin tezliklə həllində maraqlıdır. Belə olan halda Türkiyənin Rusiyadan Dağlıq Qarabağla əlaqədar istəyi, şərti də ola biləcəyini ermənilər nəzərə alırlar və onlar bu səbəbdən də qorxu içindədirlər.
Son zamanlar Ermənistana məxsus mətbuat səhifələrində bu ölkə ictimaiyyətinin keçirdiyi qorxu hissi öz əksini tapır. Beləki, erməni siyasi ekspertlərinin Türkiyənin Rusiya ilə razılığa gəlmək kimi bir proqnozu işğalçı ölkə mediasının gündəmini zəbt edib. Bu ölkənin mətbuat səhifələri yazır ki, Türkiyə Rusiya ilə razılığa gələrsə, daha doğrusu Türkiyə Suriya ilə bağlı Rusiyaya müəyyən bir güzəştə gedərsə əvəzində Dağlıq Qarabağla bağlı tələb irəli sürə bilər. Daha dəqiq desək, erməniləri qorxudan odur ki, Türkiyə Suriyadakı mövqelərinin müqabilində Rusiyadan Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını tələb edər. İndi ermənilərin yuxusunu ərşə çəkən də məhz budur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB