"Ümid edirəm ki, debat münaqişənin həllində dönüş nöqtəsi olacaq" RƏY-ÖZƏL

“Münxendə baş verənlərdən sonra dünya bir daha işğalçının, işğala məruz qalanın kim olduğunu, Dağlıq Qarabağın hansı ölkəyə məxsus olduğunun şahidi oldu. Artıq dünya ictimaiyyəti, beynəlxalq birlik ölkəmizin işğal altında olan torpaqlarından bir qarış belə keçməyəcəyini, güzəştə getməyəcəyini bildi və duydu”. Bu fikirləri SİA-ya açıqlamasında Mİlli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Azərbaycan Prezidentinin Münxendə münaqişə ilə bağlı panel müzakirələrində ermənilərin II erməni dövləti yaratmaq istəyinin Dağlıq Qarabağ münaqişəsinin həll etməklə dəfn etməli olduğu ilə bağlı fikirlərini xatırladan deputat söyləyib ki, ümumilikdə Münxen müzakirələri ermənilərin xüsusilə də Ermənistanın fiaskosu, Paşinyanın isə rəzaləti oldu.

Baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə gəlincə K. Əliyeva əminliklə qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad olunacağı gün o qədər də uzaqda deyil: “ Bu arzumuz istər diplomatik, istərsə də hərb yolu ilə olsun mütləq gerçəkləşəcək”.

Münaqişənin həllində beynəlxalq təşkilatların, ictimaiyyətin ikili standartlara yol verdiyini deyən millət vəkili vurğulayıb ki, indiyə qədər heç bir nəticə çıxarmayan beynəlxalq təşkilatların bəlkə bundan sonra fikirlərində dönüş yarana bilər: “ Çox təəssüf ki, Ermənistanın arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır ki, məhz həmin qüvvələrin fəaliyyəti nəticəsində münaqişənin həlli uzanır. Ümid edirəm ki, Münxen debatı münaqişənin həllində dönüş nöqtəsi olacaq və problem tezliklə Azərbaycanın xeyrinə həllini tapacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə