Paşinyanın siyasi iflası və ya uçuruma bir addım ŞƏRH-ÖZƏL

“Ölkə başçısı İlham Əliyev Münhendə Paşinyanı siyasi iflasa daha da yaxınlaşdırdı. Artıq Ermənistanda siyasi qarışıqlığı proqnoz etmək daha da rahat oldu”. Bunu SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

Paşinyanın bütün cəbhələrdə Prezident İlham Əliyevə məğlub olduğunu deyən politoloq bildirib ki, erməni mediası Azərbaycan Prezidentinin Paşinyanı darmadağın etməsini çəkinmədən manşetə verirlər: “Erməni sosial media seqmentlərində Paşinyan məsxərə obyektinə çevrilib. Münhen görüşündən keçən iki gün ərzində xaricə səpələnmiş erməni lobbi təşkilatları ciddi narazılıq ifadə edirlər. Bütün hər yerdə Paşinyan əleyhinə “kəps”lər və postlar yayılır. Küçə adamının siyasi səbatsızlığı və savadsızlığı Prezident İlham Əliyev tərəfindən bütün dünyanın gözünün qabağında ortaya qoyuldu”.

T. İsmayılov qeyd edib ki, Paşinyanın siyasi ömrü qısadır və bundan sonra Ermənistan iqtidarı ilə diaspora arasında uçurum daha da artacaq: “Əvvəllər onunla eyni cinahda Sarkisyana qarşı “vuruşan” Zauri Postanciyan kimi radikal siyasi simalar da indi Paşinyanın sərt tənqidçiləri qismində yer alır. Aram Hamparyanın rəhbərlik etdiyi Amerikadakı erməni lobbi təşkilatları, başda “ANCA”, Fransada Laurent Leylekian və digərləri Paşinyanın ölkədə böyük bir çaxnaşma hazırladığını üstüörtülü və ya açıq şəkildə bəyan edirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə