Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən təlimlərdə iştirak ediblər

Gürcüstan Silahlı Qüvvələrinin Besik Kutataladze adına Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin yaranmasının 14-cü ildönümü qeyd olunub.

SİA xəbər verir ki, bu münasibətlə təşkil olunan mərasimdə və nümunəvi təlim çıxışlarında Gürcüstan, Azərbaycan, Polşa, Latviya və digər ölkələrin hərbçiləri də iştirak ediblər.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, ölkənin müdafiə qüvvələri komandanının müavini, briqada generalı İrakli Dzneladze Mərkəzin şəxsi heyətini təbrik edib, bu qurumun inkişafına göstərdiyi dəstəyə görə Fransa dövlətinə minnətdarlığını bildirib.

Tədbir çərçivəsində Mərkəzin rəhbəri, polkovnik-leytenant Malxaz Qoletiani Fransa Müdafiə Nazirliyinin gümüş medalı ilə təltif olunub.

Qeyd edək ki, Mərkəzin inşasına 2005-ci ildə başlanılıb və rəsmi olaraq 2006-cı ildə açılıb. Məktəb Bidzina İvanişvilinin Kartu Fondunun maliyyə dəstəyi ilə tikilib və maddi-texniki baza ilə təchiz olunub.

Təlim mərkəzində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün beynəlxalq səviyyəli təlimlər təşkil olunur.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...