İlham Əliyev Nikol Paşinyanı növbəti dəfə susdurdu TƏHLİL

Azərbaycan Prezidenti növbəti dəfə mükəmməl diplomatik qələbəyə imza atdı

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr dünya ictimaiyyətinin diqqətindən yayınmadı. Müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı xüsusilə maraq doğurub desək yanılmarıq. Beləki, Münhendə Cənab İlham Əliyevin Nikol Paşinyanı faktlarla susdurması nəzərdən qaça bilməzdi.

Bir saata yaxın davam edən müzakirələrin video görüntüsünü izlədikdə də görünür ki, Ermənistanın baş naziri Azərbaycan Prezidentinin arqumentləri qarşısında aciz qalıb. Təbii ki, erməni baş nazir xislətinə uyğun olaraq hansısa formada cavab verməyə çalışırdısa da cəhdləri uğursuz alınır, ifadələri mənasız səslənirdi. Bu mənasız ifadələr isə heç şübhəsiz ki, nəinki görüşü izləyənlərin, ümumiyyətlə dünya mediasının da diqqətindən yayına bilməzdi. Hətta Paşinyanın dəfələrlə gülünc vəziyyətə düşdüyü də video görüntülərdə öz əksini tapır.
Prezident İlham Əliyevin öz çıxışında Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını qətiyyətlə deməsi, ölkə başçısının münaqişə ilə bağlı məsələdə də kəskin mövqeyini, iradəsini təsdiq edir. Daha dəqiq desək, Paşinyan bir daha və növbəti dəfə şahidi oldu ki, Azərbaycan Prezidentinin mövqeyi birdir, dəyişməzdir və ölkə başçımız istənilən formatda ölkəmizin mənafelərini müdafiə etmək iqtidarında, ərazi bütövlüyümüzün müdafiəsində dayanmaq əzminədir. Nəinki erməni baş nazir, nəinki erməni xalqı, eləcə də bütün dünya ictimaiyyəti Azərbaycan Prezidentinin ölkəmizin haqq işinin müdafiəsində, ərazi bütövlüyümüzün bərpasında necə qətiyyətli olduğuna bir daha əmin oldu.

Cənab Prezident İlham Əliyevin erməni baş nazirinə Azərbaycanın ərazi bütövlüyünun bütün beynəlxalq ictimaiyyət tərəfindən tanındığını xatırlatması Paşinyanı çətin duruma saldı. Çünki, bu xatırlatma Ermənistanın Dağlıq Qarabağ məsələsində haqsız olduğunun bütün dünyada qəbul olunmasının, etirafının isbatı idi. Beynəlxalq ictimaiyyətin belə bir etirafı ilə haqsız olduğunu yerindəcə dərk edən erməni baş nazirin bu ifadə qarşısında dəfələrlə kəkələməsi əlbəttə ki, başadüşüləndir. Çünki, bununla Paşinyan beynəlxalq ictimaiyyətin tək onun özünün yox, bütövlükdə Ermənistanın haqsız olmasını təsdiq edən münasibəti ilə üz-üzə qaldı və bu baxımdan da çaşqın vəziyyətə düşdü. Təbii ki, erməni baş nazirini belə bir çətin duruma salan Azərbaycan Prezidentinin qətiyyəti, sarsılmaz iradəsi və ümumiyyətlə şəxsi keyfiyyətləri oldu.

Bir məsələyə də xüsusilə diqqət yetirmək yerinə düşərdi ki, Azərbaycan Prezidenti erməni baş nazirini törətdikləri işğal faktı ilə üz-üzə qoydu. Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi faktı qarşısında aciz qalan erməni baş nazirinin bu faktı təkzib etmək imkanında olmaması ona böyük zərbə oldu. Özü də bu zərbə bütün dünya ictimaiyyətinin diqqətinin yonəldiyi bir platformada reallaşdırıldı ki, bu ölkə başçımızın diplomatik uğurları sırasındadır.

Həmçinin, Prezident İlham Əliyev işğal olunmuş torpaqlarda ermənilərin mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını da diqqətə çatdırıb ki, bu gün bütün dünya ictimaiyyəti bir milyondan çox qaçqın və məcburi köçkünün olasını bildiyi halda baş nazir bu faktl da təkzib etmək gücündə ola bilməzdi. Əksinə, Paşinyan nəinki etnik təmizləmə, hətta Xocalı kimi soyqırımı törətdikləri barədə ölkə başçımızın ittihamları qarşısında çox aciz vəziyyətə düşdü. Çünki, Xocalı soyqırımı, ermənilərin törətdikləri insanlıq dramı barədə bütün dünya ictimaiyyətinin məlumatlılığı fonunda Paşinyan hansısa bəhanələr gətirə bilməzdi.

Nikol Paşinyan görüş zamanı Cənab Pezident İlham Əliyevin, işğal altında olan torpaqlarda mədəni irsimizin ermənilər tərəfindən məhv edildiyi ittihamları qarşısında da çarəsiz duruma düşdü. Başqa cür ola da bilməzdi və o bilirdi ki, ermənilər Dağlıq Qarabağda Azərbaycana məxsus tarixi abidələrdən tutmuş, son tikiliyə qədər hər nə varsa vəhşiliklə dağıdıblar və bu faktı heç zaman təkzib edə bilməz. Əslində, ölkə başçımızın erməni baş nazirinə söylədikləri bu ittihamlar onların tarixi saxtalaşdırmaq cəhdlərini də ifşa etdi. İşğalçıların saxtakarlığını bilməyənlərə də agah oldu ki, ermənilər zəbt etdikləri, işğal etdikləri torpaqların mənsub olduğu xalqa, dövlətə aid olduğunu təkzib etmək üçün bütün tarixi abidələri dağıdır, yox etməyə çalışırlar, əvəzində isə özlərinə məxsus saxta dəlillər hazırlamaqla məşğul olurlar. Cənab Prezident İlham Əliyev ermənilərin mədəni irsimizi məhv etmələrini açıq şəkildə bildirməsi və eyni zamanda Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsinin olmamasını bəyan etməsi onların bu hiyləgərliyini də ifşa etdi.

Ermənistan tərəfinin ifşa olunması faktlarından biri də, bütün erməni rəhbərlərinin status-kvonu saxlamaq cəhdlərini ölkə başçımızın Münhendki görüşdə acıq şəkildə bildirməsi oldu. “İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir və onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!", deməklə, Prezident İlham Əliyev bu məqamda Paşinyana səylərinin əbəs olduğunu da başa saldı. Həmçinin, "Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar”, deməklə, Dağlıq Qarabağ məsələsində qələbəyə inandığını və kökləndiyi, qələbə əzmində olduğunu da xatırlatdı.

Münhendə öz çıxışı zamanı tarixi faktlara istinad edən, tutarlı arqumentlərə əsaslanaraq aponentini ittiham edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə susdurub və nəticədə işğalçı dövlətin baş naziri geniş auditoriya qarşısında çıxılmaz vəziyyəti ilə barışmalı olub. Əslində isə, ölkə başçımız erməni baş nazirini susdurmaqla həm Paşinyanın yox dərəcəsində olan bütün nüfuzunu, həm də ermənilərin yaratdığı yalançı, bayağı təsəvvürlərin hamısını darmadağın etdi. Dünya ictimaiyyəti də şahidi oldu ki, Azərbaycan Prezidenti erməni baş nazirini bir növ qarşısında diz çökdürdü və Ermənistan hökuməti, onun rəhbəri üzərində mükəmməl diplomatik qələbəyə növbəti dəfə imza atdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə