Vilayət Eyvazov Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti ilə görüşüb

Vilayət Eyvazov Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti ilə görüşüb

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov Azərbaycanda səfərdə olan Almaniya Federal Kriminal Polis İdarəsinin prezidenti Yorq Sirkenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, V. Eyvazov Azərbaycanın Avropaya inteqrasiya etdiyini, polisin fəaliyyətini tənzimləyən, demokratik prinsiplərə söykənən yeni qanunların qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların, o cümlədən almaniyalı ekspertlərin də böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, deyib ki, DİN Avropa dövlətlərinin analoji qurumları ilə səmərəli əməkdaşlıq edir, həmçinin Almaniyanın Federal Daxili İşlər Nazirliyi ilə də belə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.


V. Eyvazov vurğulayıb ki, dünyanın inkişaf etmiş dövlətlərindən biri sayılan Almaniyanın zəngin təcrübəsi olan Federal Kriminal Polis İdarəsinin narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, polis orqanlarının fəaliyyətində yüksək texnologiyaların tətbiqi, müasir texnoloji vasitələrin istifadəsi ilə törədilən cinayətlərin qarşısının alınması üsulları, hadisə yerinin müayinəsi və kriminalistik tədqiqat, DNT araşdırmaları və digər sahələr üzrə əməkdaşlığı Azərbaycan tərəfi üçün çox faydalıdır.


Yorq Sirke Azərbaycan DİN ilə Almaniya Federal Kriminal Polis İdarəsi arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə