Bəxtiyar Hacıyevin “Məni içəri buraxmadılar” yalanı ifşa olundu FOTOFAKT

Bəxtiyar Hacıyevin “Məni içəri buraxmadılar” yalanı ifşa olundu FOTOFAKT

Bildiyimiz kimi, artıq beynəlxalq müşahidəçi missiyaları, müxtəlif xarici təşkilatların nümayəndələri 9 fevral 2020-ci ildə keçirilən parlament seçkilərinin kifayət qədər demokratik və şəffaf keçirildiyini bəyan ediblər, hətta bu seçkilərin digər ölkələrə örnək olacağını da bildiriblər. Seçki günü havanın soyuq olmasına baxmayaraq, seçicilər müəyyən olunmuş məntəqələrə gedib, səsvermə hüquqlarından istifadə etdilər, istədikləri namizədlərə səs verdilər. Əlbəttə ki, bu eyni zamanda məntəqələrdə yaradılmış yüksək şəraitin, müdaxilələrin olmaması ilə də bağlıdır.

Uğursuz teatral tamaşalar...

Lakin o da bəllidir ki, bəlli müxalifətyönlü namizədlər bir sıra məntəqələrdə qəsdən təxribatlar törədərək, seçki prosesini ya pozmağa, ya da şər-böhtanları vasitəsi ilə qara yaxmağa cəhdlər göstəriblər. Bu isə bir daha sübut edir ki, belə cəhdlərin məqsədi bir sıra Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən xarici təşkilatların sifarişləri əsasında oynanılan uğursuz teatral tamaşalardır. Belə tamaşalardan birini də Bəxtiyar Hacıyev nümayiş etdirməyə çalışıb. O, sosial şəbəkədəki səhifəsində iddia edib ki, guya namizəd olduğu halda, onu məntəqəyə buraxmayıblar, hətta zor tətbiq ediblər (?!) və s.

Ancaq sonradan məlum olub ki, əslində B.Hacıyev istədiyi vaxt məntəqəyə daxil olmaqla yanaşı, namizəd kimi seçki prosesini də izləyib.

Sənan Nəcəfov: “Bəlkə Bəxtiyarın "dvoynik"idir...

SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı qhtxeber.az saytının baş redaktoru, jurnalist Sənan Hüseynov maraqlı araşdırma aparıb.

"29 saylı Səbayıl seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevi seçki məntəqəsinə buraxmayıblar". Bu xəbəri tanınmış qəzetlədən(sayt) birinin xəbər başlığında gördüm. Çox qəribə gəldi. Düşündüm ki, yəqin yalnışlıq olub, düzəldərlər. Bəxtiyar Hacıyevin də səhifəsinə baxdım, gördüm yox, həmin məlumat səhifədə var və sayt Bəxtiyar Hacıyevə istinadən yayıb xəbəri. Niyə diqqətimi cəlb etdi?”, deyə yazan S.Ncəcəfov daha sonra qeyd edir: “Prezident İlham Əliyevin seçki məntəqəsinə gələrək, səs verdiyi anın video-görüntülərinə baxırdım. Orada Bəxtiyar Hacıyevi məntəqə daxilində, arxa planda gördüm.

Bu xəbəri oxuyandan sonra qəribə vəziyyət yarandı. Cənablar, kimi aldadırsınız? Niyə yalan danışırsınız? İçəri buraxmayıblarsa indi paylaşdığım videoda 20 və 29-cu saniyələrdə görüntülənən kimdir? Bəlkə Bəxtiyarın "dvoynikidir", ya Bəxtiyar Hacıyevə xüsusi istedad verilib, özü bayırda olsa da görüntüləri məntəqə içərisindən yayımlanır, nə məsələdirsə baş açmadım. Zarafatı qoyaq bir kənara. Adamda bir siyasi mədəniyyət olar, media etikası deyilən şey var. "Xalam mənə dəli deyib, gələn gedənə vur deyib" deyil e. Nə gəldi paylaşa bilərsiniz, bəs sonra?

Əgər təhlükəsizliklə bağlı müəyyən müddətə içəri buraxılmamısınızsa, siz bundan yararlanaraq yalan məlumat yayırsınızsa, eyib etməz, mümkündür, özünüz üçün PR , əziyyət çəkən kimi bunu təqdim edə bilərsiniz. Amma və əgər sonradan içəri keçmisinizsə, mədəniyyət göstərib həmin məlumatı verin və deyin ki, bu səbəbdən müvəqqəti içəri keçməmişdim, indi arzuma çatmışam. Vəssallam!”.

Beləliklə, hər şey bütün çılpaqlığı ilə göz önündədir və təəssüf ki, hətta ortada danılmaz faktların olduğu halda, B.Hacıyev kimiləri siyasi macəra axtarıb, hələ də öz gərəksiz düşüncələri ətrafında xal toplamağa çalışırlar. Lakin onların bu cəhdləri yalnız böyük xal itkilərinə səbəb olur, özlərinin böyük xalq itkilərinə!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə