Parlament seçkiləri, seçkilərə qatılmaq və namizədlərin fəaliyyəti heç zaman olmadığı qədər Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir. Milli Məclisə seçkilərlə bağlı Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda dedikləri heç də təsadüfi deyildi və əslində, ölkə başçısının fikirləri bu diqqətin nədən qaynaqlandığını aşkara çıxarır. Davosda Azərbaycan Prezidentinin “seçkilərin məqsədi insanlara etimad göstərdikləri namizədləri seçmək üçün imkan verməkdir”, deməsi də gözlənilən seçkilərin şəffaflığından xəbər verir və ölkə vətəndaşının bu seçkilərə olan ümidləri də məhz bu baxımdan heç də səbəbsiz deyil.
Hal-hazırda seçki təbliğatının ən qızğın dövrüdür və ölkədə aparılan islahatlara, eləcə də tam demokratik seçki prosesinin keçiriləcəyinə, vətəndaşların özlərinin də seçkidə fəal iştirakına inandıqları üçün seçki prosesinə namizədlər daha fəal şəkildə qoşulublar. Əbəs yerə deyil ki, siyasi müşahidəçilər bu qədər seçici fəallığına səbəb olan parlament seçkilərinin keçirilmədiyini bəyan ediblər.
Təəssüflər olsun ki, seçkilərə hətta bir neçə gün qalmasına baxmayaraq, indidən seçkilərin qeyri-demokratik keçiriləcəyi barədə danışan və indidən bu prosesə qara yaxmağa çalışanlar da var. Hər dəfə olduğu kimi, kimlərsə ictimai dəstəkdən məhrum olduqlarını ört-basdır etmək üçün, absurd şəkildə bu seçkinin qanunsuz olacağını iddia edərək “baykot” kimi səsləndirdikləri bəhanələrə əl atırlar. Kimlərsə məğlubiyyətlərini əvvəlcədən dərk edərək ümumiyyətlə, seçkiyə qatılmaqdan belə çəkinirlər. Ələlxüsus səs qazana bilməyəcəyini, seçilmək ehtimalının sıfıra bərabər olduğunu çox gözəl anlayan radikallar məğlubiyyət rüsvayçılığını indidən etiraf edirlər. Bu etirafları ilə yanaşı ətə çatmayan ağızlarını da büzürlər ki, bunu da cəmiyyətimiz çox yaxşı bilir və hər kəsin qiymətini layiqincə verir.
Məsələ burasındadır ki, ayrı-ayrı şəxslər bir tərəfə, ağız büzənin biri də AŞPA kimi beynəlxalq bir qurumdur. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mövqeyi, qeyri-demokratik seçkilər keçiriləcəyi barədə əsassız fikirləri həm təəccüb doğurur, həm də təəssüf hissi. Maraqlıdır, görəsən, AŞPA bir beynəlxalq qurumdur, yoxsa falçılıqla məşğul olan təşkilat? Soruşmaq ayıb olmasın, bu beynəlxalq təşkilat hansı əsasla belə bir qənaətə gəlib? Təbii ki, seçki başlamadan bu qurumun neqativ rəydə olması heç bir müstəviyə sığmayan absurd bir yanaşmadır və təəccüb doğuran da budur. Təəssüf hissi də ona görədir ki, bu yekəlikdə təşkilatın, AŞPA-nın Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin ötən həftə Azərbaycana səfərdən sonra yaydıqları bəyanat bu təşkilatın ikiüzlülüyünü göstərir. Avropa Şurasının parlament seçkiləri keçirilməmiş, deputatlığa namizədlərin ciddi problemlərlə üzləşmədiyi halda mənfi rəylər formalaşdırmaq cəhdləri isə qəbuledilməzdir və seçkinin sonunda bu riyakar, ikiüzlü, qərəzli qurumun hansı bəyanatla ortaya çıxacağını indidən proqnozlaşdırmaq heç də çətin deyil.
Parlament seçkilərinə qatılan bəzi siyasi partiyalar və şəxslər təbliğat-təşviqat mərhələsində bərabərlik prinsipinin pozulması, seçicilərlə görüşlərə maneçilik törədilməsi, plakatların cırılması kimi bir sıra pozuntuların olmasını iddia edirlər. Amma unudurlar ki, seçkilər, heç bir ölkədə qüsursuz icra etmək mümkün olmayan prosesdir və hər yerdə pozuntular, neqativ hallar müşahidə olunur.
ABŞ-da son prezident seçkilərinin qanun pozuntusu ilə reallaşdırıldığı, hətta Rusiyanın seçkiyə açıq müdaxiləsi barədə dünyanın aparıcı mediası hələ də yazır. ABŞ Prezidenti Donald Tramp özü də şəxsi “Twitter” səhifəsində Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verildiyini etiraf edib. Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciəti də, Donald Trampın isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırılması da dünya ictimaiyyəti üçün sirr deyil.
ABŞ seçkilərində seçkinin nəticəsinə birbaşa təsir göstərə bilən ciddi pozuntular barədə məlumatlar hələ də yayılmaqdadır. Bu barədə Qərb mətbuatında məqalələrin dərc olunması bu gün də davam edir. Məsələn, 24 milyon seçicinin göstəricilərinin dəqiq olmadığı barədə məlumatların yayılması heç də diqqətdən yayına bilməz. Seçici siyahısında 1,8 milyon "ölü canlar" meydana çıxdığı faktına isə bu günə qədər hələ də tutarlı cavab verilməyib. Qeyd olunan statistik rəqəm, yəni 24 milyon seçici heç də kiçik göstərici deyil və belə baxanda 10 milyonluq Azərbaycan əhalisindən iki dəfə yarım çoxdur. Heç 1,8 milyon "ölü canlar" da balaca rəqəm deyil. Sual oluna bilər ki, Azərbaycanda neqativ görüntü yaratmağa çalışan AŞPA və onun kimi beynəlxalq qurumlar ABŞ seçkilərində hara baxırdılar və niyə “öz qiymətlərini” verməmişdilər zamanında? Axı dünyaya demokratiya dərsi keçməyə iddialı olan Amerikada bu kimi hallara göz yumulursa, bu yanaşmanın adına ikili yanaşma deməmək mümkün deyil. Bu halda Azərbaycana haqsız olaraq neqativ rəy vermək ölkəmizə qarşı ədalətsizlik deyilmi?
İddialara görə, hər 5 amerikalıdan biri seçici siyahısında qeydə alınmayıb. Qeyd olunduğu kimi, 24 milyonluq seçici siyahısı isə dəqiq olmayıb. Bunlar azdırmı AŞPA və digərləri üçün? Yaxud, demokratik prinspləri rəhbər tutan kimi özünü təqdim edən ölkələrdə sadalanan seçki pozuntuları, qanunsuzluqlar, saxtakarlıqlar Azərbaycandakı namizədlərin plakatlarının cırılması kimi faktlardan xırda məqamlardırmı? Trampın prezidentlik dönəmi demək olar ki, başa çatmaqdadır, amma seçki saxtakarlığı ilə bağlı iddialar və müzakirələr isə hələ də səngimir. AŞPA kimi qurum isə bu məqamları görməməzlikdən gələrək Azərbaycanda nə isə axtarır. Bu fakt AŞPA-nın özü üçün də utancvericidir və qurumun fəaliyyətindəki ədalətsizlikdən, ikili yanaşmadan, bir sözlə, qüsurlardan xəbər verir. İndi Azərbaycanda ən kiçik detallara böyüdücü şüşədən baxan bir quruma cəsarətlə demək olar ki, öz gözlərində tiri görmədikləri halda, başqalarının gözündə tük axtarırlar.
Ən maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar, namizədliyin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələlərində heç bir ciddi pozuntuya yol verilmədiyi faktı hətta müxalifəti təmsil edən namizədlər tərəfindən də etiraf edilir. Seçkilərin çoxpartiyalı əsasda keçirildiyini isə, namizədlərin siyasi mənsubiyyətləri təhlil edilməklə isbat etmək də çətin deyil. Bu halda, AŞPA kimi qurumdan sual oluna bilər ki, əgər qanun pozuntusunun olmadığını müxalifət təmsilçiləri belə etiraf edirsə, bu riyakar beynəlxalq quruma nə düşüb ki, neqativ rəy formalaşdırmaq niyyətindədir? Bəlkə Azərbaycanda keçiriləcək parlament seçkiləri, həmin qurumu ölkənin vətəndaşından, yaxud, müxalifətindən də çox maraqlandırır?
Xatırladaq ki, seçkilərdə iştirak üçün ümumilikdə 2431 nəfər müraciət edib, hazırda qeydiyyata alınan namizədlərin sayı 1374 nəfərdir və onlardan 248 nəfəri 19 siyasi partiyanın nümayəndəsidir. Bu fakt özü parlament seçkilərinə, seçkilərin demokratikliyinə, şəffaflığına inamın, seçki kompaniyasına etimadın təzahürü deyilmi? Azərbaycan hansısa Afrika ölkəsi deyil və ölkə vətəndaşı artıq seçki ilə bağlı kifayət qədər təcrübəyə malikdir ki, bunu AŞPA, yaxud digər beynəlxaq qurumlar da çox yaxşı bilirlər. Ən azından məhz buna görə bəyanat verdikdə həssas olmalıdırlar və Azərbaycan vətəndaşlarına, onların azad seçiminə hörmətlə yanaşmalıdırlar. Daha sərt desək, AŞPA-nın timsalında beyəlxalq qurumlar Azərbaycan vətəndaşının seçiminə hörmətlə yanaşmağa borcludurlar.
Digər tərəfdən axı namizədlərin təşviqatl ilə bağlı da heç bir problemi qeydə alınmayıb. Bunu KİV-in və sosial medianın səthi monitorinqi belə təsdiq edə bilər. İndi heç kim, ələlxüsus hər şeylə maraqlanan və qüsur axtaran beynəlxalq təşkilatlar üçün də sirr deyil ki, seçicilərlə görüş üçün ölkəmizdə ən münasib yerlər ayrılıb və namizədlər öz seçiciləri ilə görüşmək imkanına malikdirlər. Namizədlər tam azad şəkildə öz seçiciləri ilə görüşür, platformalarını açıqlayır, heç bir məhdudiyyət olmadan təşviqat aparırlar. Niyə AŞPA kimi beynəlxalq təşkilatlar bu məqamı qabartmır? Əksinə, bunu görməməzliyə vurub, sonra da ən xırda detalları şişirtməyə çalışırsa, bunun yalnız bir adı var ki, o da qərəzdir.
Artıq 40-dan çox media orqanı ödənişli təşviqatda iştirak etmək üçün MSK-ya müraciət edib. Mediada namizədlərin intensiv təşviqat materiallarının getdiyini də müşahidə etmək olar. Bütün bunlar bir yana, AŞPA seçkiləri 41 beynəlxalq qurumdan, 44 ölkənin vətəndaşlarından ibarət 409 nəfər beynəlxalq müşahidəçi izləyəcəyini də olsa nəzərə almırmı? Nəzərə almırmı ki, seçkilərdə 54 min 292 nəfər yerli müşahidəçi olacaq? Bu həm də ciddi ictimai nəzarət mexanizminin təmin edildiyini təsdiqləmirmi və gözlənilən seçkilərə ağız büzən qurum bunu da görmürmü? Əlbəttə ki, görür. Sadəcə, qeyd etdiyimiz kimi, ədalətsiz, həm də ikili yanaşma, xüsusən də qərəzli münasibət özünü qabarıq şəkildə nümayiş etdirir və AŞPA kimi beynəlxalq qurumların həqiqətləri, ölkəmizdə seçkilərə hazırlıqlardan tutmuş seçki prosesinə qədər şəffaflığı etiraf etmək niyyətində olmadıqları özünü büruzə verir.
Göründüyü kimi, Azərbaycanın siyasi elitası yeni, potensial imkanlı kadr axtarışındadır. İslahatların davamlı olmasını, ölkə parlamentinin də bu islahatlara cavab verməsini, islahatlardan kənarda qalmamasını təmin etmək məqsədi ilə potensial imkanları olan kadrlara yer verilir. İslahatlara hazır olan, bu islahatlara tövhələrini verə biləcək hər bir vətəndaşa siyasi mənsubiyyətindən asılı olmayaraq yol verilir. Bu baxımdan cəsarətlə deyə bilərik ki, bu parlament seçkiləri yalnız deputat mandatı uğrunda mübarizə deyil, eyni zamanda hər kəsə öz potensialını nümayiş etdirmək şansıdır. Məhz buna görə də hər bir Azərbaycan vətəndaşı ilə yanaşı, dünya ictimaiyyəti də, beynəlxalq təşkilatlar da yaxşı bilir ki, parlament seçkiləri zamanı öz potensialını nümayiş etdirə bilən şəxslər kənarda qalmayacaq və seçicilərin, Azərbaycan vətəndaşlarının, eləcə də dövlətin etimadını doğruldacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB