Əli Əliyevin fikrini dəyişməsi İlqar Məmmədovu çətin vəziyyətə saldı
Qarşıdan gələn parlament seçkilərində Vətəndaş və İnkişaf Partiyasının (VİP) təmsil olunmayacağı haqqında qərar bəlli idi. Hətta müxalifət partiyasının sədri Əli Əlkiyev bir neçə dəfə mətbuata, eləcə də sosial şəbəkələrə çıxaraq qəti şəkildə seçkilərdə iştirak etməyəcəyini bəyan etmişdi. Ancaq bugünlərdə məlum oldu ki, VİP sədri seçkilərə qatılmaq qərarını verib, hətta müəyyən olunmuş DSK tərəfindən onun namizədliyi belə qeydə alınıb.
Qeydiyyata alınma məsələsinin altından kəskin qarşıdurma, siyasi rəqabətdən daha çox siyasi savaş qoxusu gəlir
Ə.Əliyevin qəfil qərar verib, imza toplaması isə artıq onun düşərgənin digər cinahında təmsil olunan rəqiblərini çətin vəziyyətə salıb, hətta qıcıqlandırıb. Məsələ ondadır ki, müəyyən olunmuş DSK-da VİP sədrinin rəqibləri “REAL” partiyasının təmislçiləridir. Onlar Vəkillər Kollegiyasının üzvü Cavad Cavadlı və bir müddət əvvəl partiyada İlqar Məmmədovun qərarları əleyhinə çıxan Azər Qasımlıdır. Yəni həm A.Qasımlının, həm də C.Cavadlının namizədliyi DSK tərəfindən qeydə alınıb. Fəqət, bu qeydiyyata alınma məsələsinin altından kəskin qarşıdurma, siyasi rəqabətdən daha çox siyasi savaş qoxusu gəlir.
Artıq “REAL” tərəfdarları ilə VİP təmsilçiləri arasında kəskin söz savaşlarına start verilib. Sosial şəbəkələrdə Ə.Əliyevi hədəfə alan İ.Məmmədovun partiyadaşları VİP sədrini sözübütöv olmamaqda, hərdəmxəyallıqda, yalan danışmaqda, onları aldadıb, son anda seçkilərə qatılmaq qərarnı verməkdə suçlayırlar.
Əli Əliyevin bu qərarı müxalifət düşərgəsində onun başını çox ağrıdacaq
Daha bir maraqlı məqam isə, Əli Kərimlinin AXCP-dən və “Milli Şura”dan doğur. Belə ki, parlament seçkilərini öz təbirincə “boykot” edəcəyini bəyan etmiş Ə.Kərimli VİP sədrinin daha öncələr seçkilərə getməmək qərarına dəstək göstərmişdi. Lakin sonradan onun fikrini dəyişməsi Kərimlinin facebookdakı söyüş qrupları tərəfindən hədəfə alındı. Bu gün artıq cəbhəçilər də “REAL”çılar kimi Ə.Əliyevi kəskin şəkildə təhqir obyektinə çeviriblər.
Ümumilikdə götürdükdə isə, VİP sədrinin seçkilərə qatılmaq qərarını verməsi, daha dəqiq desək, seçimini dəyişməsi onun öz səhvini başa düşməsi anlamını daşıyır. Hər halda, ictimai-siyasi proseslərin əsas amili olan seçkilərdə iştirak siyasi fəallığın da göstəricisi kimi başa düşülə bilər. Görünür, Ə.Əliyevin bu qərarı müxalifət düşərgəsində onun başını çox ağrıdacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB