Qəbul qaydaları dəyişdirilir

“Rezidenturaya baza imtahanı əvvəllər mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdisə, bu prosesin davamı olaraq bu il DİM tərəfindən baza fənləri üzrə imtahanların daha tez verilməsi təklifi verilib”. SİA xəbər verir ki, bunu DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək.
“İmtahandan “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. 4-cü kursda qeyri-məqbul alanlar növbəti kursda yenidən baza imtahanı verə biləcəklər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar”, deyə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri bildirib.
N.Əliyev qeyd edib ki, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar: “Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq”.
Natiq Əliyev bildirib ki, artıq 2020-2021-ci il üçün qəbul qaydalarında dəyişikliklər öz əksini tapacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə