Prezident İlham Əliyev yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib

Prezident İlham Əliyev yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin təməlqoyma mərasimində iştirak edib.

SİA-nın xəbərinə görə, mərasim iştirakçıları Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına məlumat verdi ki, ümumi sahəsi 58 min kvadratmetr olacaq yeni aerovağzal kompleksi ən son texnologiya və avadanlıqla təchiz ediləcəkdir. Kompleks istifadəyə verildikdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunun illik sərnişin dövriyyəsi 3 milyon nəfərə çatdırılacaqdır.

Prezident İlham Əliyev yeni aerovağzal kompleksinin baş planını və mövcud terminalda aparılacaq əsaslı yenidənqurma işlərini əks etdirən stendlərə baxdı.

Sonra Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Dövlətimizin başçısı kapsulu bünövrəyə buraxdı, beton qarışığı tökən qurğunun düyməsini basdı.

Prezident İlham Əliyev hava limanının kollektivi və inşaatçılarla görüşdü, tövsiyə və tapşırıqlarını verdi.

Sonda xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə