"Azərbaycan regional böyük dövlət kateqoriyasına aid bütün tələblərə cavab verir" ŞƏRH-ÖZƏL
“U.S News & World Report” jurnalı Azərbaycanı dünyanın 45-ci ən güclü ölkəsi sırasına daxil edib. Dünyanın 80 ölkəsi arasında bizim dövlətimiz Nigeriya, İndoneziya, İrlandiya, Portuqaliya və Kolumbiyanı belə geridə qoyaraq bu pilləyə yüksəlib. ABŞ və Rusiyanın liderlik etdiyi, Çin, Almaniya, Böyük Britaniya, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Cənubi Koreyanın ön sıralarda yer aldığı hesabatda 45-ci yerdə qərarlaşmanın özü böyük bir irəliləyişdir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, jurnalda Litva, Slovakiya, Sloveniya, Latviya burada ən az nüfuzlu ölkələr hesab olunsa da, reytinq cədvəlində diqqətçəkən məqamlardan biri qonşu Gürcüstan və işğalçı Ermənistanın ümumiyyətlə, daxil edilməməsidir.
Politoloq söyləyib ki, güc, nüfuz hesabatın 9 kateqoriyasından biri olub və liderlik, iqtisadi güc, siyasi güc, möhkəm beynəlxalq ittifaqlar, güclü ordu kriteriyaları əsas götürülərək qiymətləndirmə aparılıb: “Azərbaycanı bütün bu sadalanan kriteriyalar baxımından təhlil etsək görərik ki, ölkəmiz regional böyük dövlət kateqoriyasına aid bütün tələblərə cavab verir. Prezident İlham Əliyev öz çıxışlarında Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olduğunu daima vurğulayır və bunun obyektiv əsasları mövcuddur. Dünya birliyi, beynəlxalq təşkilatlar, ayrı-ayrı güc mərkəzləri tərəfindən də Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən güclü, nüfuzlu dövləti olaraq qəbul edilir. Yüksək hərbi, iqtisadi, demoqrafik üstünlüyümüzü əks etdirən statistika, eləcə də beynəlxalq təşkilatların, araşdırma mərkəzlərinin hesabatı əyani mənzərəni təkzibedilməz faktlarla ortaya qoyur”.
N.Məmmədova qeyd edib ki, Azərbaycan regionda ən böyük hərbi büdcəyə, ən güclü orduya malik dövlətdir: “Ölkəmiz iqtisadi inkişaf göstəriciləri baxımından da regionda lider ölkə, dünyanın dinamik inkişaf edən iqtsadiyyata malik dövlətlərindən biridir. Əhalinin sayının sürətlə artması, gənc əhalinin faiz nisbəti, doğum həddinin yüksək olması deyilənləri təsdiq edir; regiondakı digər güclər və böyük dövlətlər tərəfindən qiymətləndirilməyə gəlincə, bü gün istər Ermənistan kimi düşmən, istərsə də dost ölkələr Azərbaycanın hərtərəfli qüdrətini qəbul edir. Azərbaycan olduğu regionda və bütün dünyada söz sahibi olan ölkələrdən biridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB