Son zamanlar nanotexnologiyalar elmin çox aktual sahəsinə çevrilib. Bu texnologiyalar maddəyə müxtəlif təsir metodları, yanaşmaları, atom və molekullar ilə əlaqəli olan bütün texniki prosesləri özündə cəmləşdirir. Nanotexnologiyanın tətbiq sahələri həddən artıq çoxdur: ekologiya, tibb, kosmos, kibernetika, sənaye - xüsusilə neft sənayesi. Neft sahəsində nanotexnologiyalın tətbiqi ölkəmiz üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan dünya bazarına xam neft ixrac edən iri təchizatçılardan biridir və neft sənayesi ölkə iqtisadiyyatının yüksəlişində başlıca yer tutur.
BDU-nun Mətbuat və İnformasiya şöbəsinin rəhbər Pərvanə İbrahimovanın SİA-ya verdiyi xəbərə görə, müəllifləri Azərbaycanın görkəmli alim və mütəxəssisləri Azad Mirzəcanzadə, Abel Məhərrəmov, Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov, Məhəmmədəli Ramazanov, Şəbiyar Şəfiyev və Elçin Kazımov olduğu "Neft sənayesində nanotexnologiya (fundamental elmi araşdırma, ixtira və tətbiq)" adlı elmi iş YUNESKO (BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı) tərəfindən yüksək qiymətləndirilib, işə qurumun bu günlərdə işıq üzü görmüş "Nanoelm və nanotexnologiyalar ensiklopediyası" kitabında 17 səhifəlik yer ayrılıb.
1000 səhifə həcmində hazırlanmış ensiklopediyanın baş redaktorları dünya şöhrətli alimlər - Sergey Kapitsa (Rusiya), Osama Avadelkərim (ABŞ) və Çunli Baydır (Çin). Kitabın mündəricatı 4 bölmədən ibarətdir: elmi əsaslar, nanotexnologiyalar, cihazlar və sistemlər, siyasət. Azərbaycan alimlərinin elmi işi ensiklopediyanın "Nanotexnologiyalar" bölməsində yerləşdirilib.
Bakı Dövlət Universitetinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən birgə aparılmış araşdırmalar nəticəsində neft sənayesinin texnoloji proseslərində nanotəsir və nanomühitin tədqiqi əsasında texniki-texnoloji və iqtisadi göstəricilər ciddi surətdə yaxşılaşdırılıb.
Metal nanohissəciklərin əsasında yaradılmış yeni sistemin tətbiqi nəticəsində kiçik hasilatlı və yüksək dərəcədə sulaşmış quyularda neft hasilatının 2,0-2,5 dəfə artmasına nail olunub. Alim və mütəxəssislərimiz tərəfindən müəyyən edilib ki, nanotexnologiyanın tətbiqi nəticəsində səthi gərilmə 70%-ə qədər, duz çökməsi 60%-ə qədər azalmış, asfalt-qətran-parafin çöküntülərinə qarşı mübarizədə effekt artmış, nəticədə sinergetik effekt hesabına məhsuldar laylarda neftin hərəkət etməsində sürət 50%-ə qədər yüksəlib.
Qazma texnologiyasında isə ″gil qabığı-qazma aləti″ kontaktında sürtünmə əmsalı kəskin azalmış, hidrofob səthinin islanması 25%-dən çox artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB