"Qoşulmama Hərəkatına sədrlik ökəmizin beynəlxalq proseslərdə daha da yaxından iştirakını təmin edəcək" RƏY
"Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü, Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən ehtiram, etimad və inamın təzahürüdür". SİA-nın xəbərinə görə, bu fikirləri Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü bir sıra məsələlərin müzakirəsi üçün münbit əhəmiyyətli platformadır: "Təşkilata üzv ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu baxımdan, hesab edirəm ki, Bakıda keçirilən Zirvə Görüşü çərçivəsində aparılan müzakirələr burada təmsil olunan ölkələr arasında həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik, həm də digər sahələrdə əməkdaşlıq imkanlarını daha da artıracaq".
Qoşulmama Hərəkatının 120 ölkəni birləşdiridiyini deyən ekspert xatırladıb ki, təşkilatın əsas fəaliyyət prinsiplərinə ölkələrin suverenliyi, demokratik dəyərlərin təhlükəsizliyi, ərazi bütövlüyü, müstəqilliyinin qorunması və digər məsələlər daxildir: "Qoşulmama Hərəkatına sədrlik 3 il müddətində Azərbaycana keçdi. Bu, ölkəmizin beynəlxalq proseslərdə daha da yaxından iştirakını təmin edəcək. Bununla yanaşı, təşkilata sədrlik müddətində Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha geniş auditoriyaya çatdırmaq, eləcə də problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarı olan ölkələrin sayını daha da artırmaq imkanı əldə edəcək. Bakıda keçirilən Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev ikili standartlarla bağlı qəti mövqeyini ortaya qoymaqla yanaşı, Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürünü bildirdi. Hesab edirəm ki, Azərbaycan təşkilata sədrlik etdiyi illər ərzində də bu problemini mütəmadi olaraq dünya ictimaiyyətinin diqqətinə çatdıra biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB