Müsavat rəsmisindən Aslan İsmayılova “mafiozların vəkili” İTTİHAMI

Müsavat rəsmisindən Aslan İsmayılova “mafiozların vəkili” İTTİHAMI

Mustafa Hacıbəyli: “Utansın bir az, ayıbdır!”

Müsavat partiyasının aparıcı funksionerlərindən olmuş, 2014-cü ildə keçirilmiş qalmaqallı qurultaydan sonra və partiyadxili ziddiyyətlər səbəbindən istefaya gedərək, elmi işlərlə məşğul olmuş mərhum Vurğun Əyyubun dəfnində Müsavat rəhbərliyinin də iştirak etməsinin ardınca sosial şəbəkədə onları ittiham edən, dəfn prosesində iştiraklarını tənqid edən vəkil Aslan İsmayılovun cavabı gecikməyib. SİA xəbər verir ki, Müsavat partiyasının Məclis üzvü, başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli öz münasibətində A.İsmayılovu “mafiozların vəkili” adlandırıb. O, qarşı tərəfi hər kəsin bostanına daş atmaqda ittiham edərək bildirib ki, əslində A.İsmayılovun bənzər hərəkətlərindən təəccüblənmək lazım deyl.

“Adama sual verərlər ki, sənə aid olmayan mövzulara sən niyə qarışırsan?”

“Sosial şəbəkədən də göründüyü kimi son vaxtlar Aslan İsmayılov hər kəsin ünvanına ittihamlar səsləndirir, hər kəsin bostanına daş atır. Ölkədə nə baş verirsə, Aslan İsmayılov həm də Müsavat partiyasını hədəfə alır. Onun bu açıqlaması da təəccüblü deyil. İndi də bu mövzu”, deyə qeyd edən müsavatçı funksioner onu səmimiyyətsizlikdə, araqarşıdırmaçılıqda gunahlandırıb: “Guya Vurğun Əyyubun dərdinə qalan olmusunuz? Adama sual verərlər ki, sənə aid olmayan mövzulara sən niyə qarışırsan? V.Əyyubun əmisi oğlu İsmayıl Əyyubov iki gün əvvəl sosial şəbəkədə məhz bu məsələyə münasibət bildirib. O deyib ki, V.Əyyubun ölümündən heç kim öz məqsədləri üçün istifadə etməsin. Birmənalı şəkildə qeyd edib ki, V. Əyyub ölümündən əvvəl Müsavat partiyasının rəhbərliyinə qarşı heç vaxt düşmən münasibətdə olmayıb. A.İsmayılov utansın bir az, ayıbdır! Heç olmasa bircə dəfə Müsavat əleyhinə danışmaq fürsətini buraxsın. Bu qədər də olmaz, çox pis görsənir. A.İsmayılov özü haqqında düşünsün. A.İsmayılovu hər kəs “mafiozların vəkili" kimi tanıyır”.

“Mənəviyyatsızlıqdır”

M.Hacıbəyli ortada siyasi və s. fikir ayrılıqlarının olmasına baxmayaraq, V.Əyyubun dəfn prosesində iştirak etdiyini deyərək bildirib ki, partiya rəhbərliyi vida mərasiminə getməsəydi, daha böyük tənqidlərlə üzləşərdi: “Amma mərasimdə iştirak etdikləri halda, bu cür tənqid olunmaları da artıq mənəviyyatsızlıqdır. Müsavat partiyası belə məsələlərə siyasi baxımdan deyil, insani münasibətlər baxımından yanaşıb”.

“V.Əyyubun ölümündən istifadə edib, kimisə gözdən salmaq üçün təbliğat aparmağa ehtiyac yoxdur. Sadəcə, Aslan İsmayılova ayib olsun!”, deyə qeyd edən Müsavatın Məclis üzvü onun hərəkətlərinin insanlığa yaraşmadığını bildirib.

Beləliklə, tərəflər arasında yaranmış qarşılıqlı ittiham daha da böyüyüb və görünür, bundan sonra da davam edəcək.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə