Namiq Əliyev: “AXCP siyasi dialoq yox, özləri demiş, “mitinq, nümayiş və inqilab yolu” seçib” RƏY-ÖZƏL

Namiq Əliyev: “AXCP siyasi dialoq yox, özləri demiş, “mitinq, nümayiş və inqilab yolu” seçib” RƏY-ÖZƏL

“İctimai-siyasi proseslərə təsir göstərmək gücündən asılı olmayaraq, ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların bir araya gəlmələri və konkret bir problem müzakirə etmələri çox müsbət qiymətləndirilən hadisədir”. ”. Bunu SİA-ya açıqlamasında “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev deyib. Onun sözlərinə görə, sivil ölkələrdə vətəndaş həmrəyliyinin mövcud olmasının əsas şərtlərindən biri dövlətin taleyüklü məsələlərində siyasi qüvvələrin bir araya gəlib, milli maraqlara uyğun yekdil qərar qəbul etmələridir: “Bu baxımdan, siyasi partiyaların toplantısında iştirak edən hər bir partiyaya təşəkkür edirik. Toplantıya dəvət edilib, lakin iştirakdan imtina edən KXCP və Müsavat partiyalarının bu addımı isə təqdirəlayiq hesab edilə bilməz. Çünki iqtidarda olub-olmamasından asılı olmayaraq, bütün siyasi partiyalar dövlətin və cəmiyyətin gələcək taleyi üçün məsuliyyət daşıyırlar. KXCP və Müsavat bu toplantıda iştirak etməli və müzakirə olunan məsələlər barədə öz mövqelərini bildirməli idilər. Məsələn, toplantının yekun bəyanatında əksini tapan çağırışların hansı müsbət deyil? Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atılacaq addımların, silahlı qüvvələrin, islahatların bütün siyasi partiyalar tərəfindən dəstəklənməsi, siyasi mübarizədə etik normaların gözlənilməsi, KİV və sosial şəbəkələrdə böhtana, təhqirə yol verilməməsi, seçkilərə xarici müdaxilə cəhdinin qarşısının birgə alınması kimi müddəaların nəyi pisdir? AXCP-nin bu tədbirə dəvət olunmaması isə onların ictimai-siyasi proseslərdə tutduğu radikal mövqe ilə bağlıdır. AXCP siyasi dialoq yox, özləri demiş, “mitinq, nümayiş və inqilab yolu” seçib. Əslində, müzakirə olunan mövzu - “Siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” tematikası onların fəaliyyəti ilə uyğun gəlmir. Belə ki, AXCP rəhbərliyi Qərb ölkələrinin səfirləri ilə ölkəmizdəki siyasi prosesləri müzakirə etmələrini, heç cəmiyyətdən gizlətmirlər də… İndidən bəllidir ki, Qərbdəki bəzi çevrələr nəinki seçkilərə, həmçinin digər proseslərə də AXCP pərdəsi altında müdaxilə etməyə cəhdlər göstərirlər”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə