Başlığa çıxardığım misra mərhum el şairi KƏMSAVADdandır (yanılmıramsa, ötən yüzilin 80-ci illərində Tovuzun “Həqiqət” qəzetində oxumuşdum). –
“Tərəziyə vurub çəpik,
Aldadıram qəpik-qəpik,
Alıcıya dəyən təpik,
Bir deyildir, beş deyildir.
Var-dövlətim aşıb-daşır,
Milis mənə çox sataşır.
Övladlarım xoruzlanır,
Bir deyildir, beş deyildir.
Quracaqlar mənə tələ,
Düşəcəyəm, bir gün ələ.
Bu qorxular, bu vəlvələ,
Bir deyildir, beş deyildir”... və s.
İndi də SAVADSIZ təxəllüslü bir gənc yazarımız var, o da ara-sıra iynəli şeirlər yazır, Tanrı kömək olsun. Bəs niyə yadıma düşdü o KƏMSAVADla bu SAVADSIZın sözü-sovu? Bu yazı şeir-sənət barədə deyil, bu yazıda özlərini savaddan yoxsun kimi göstərən qələm adamlarımızın təxəllüsü də mövzu deyil; ölənə rəhmət, qalana can sağlığı; bu yazı məhz o məşhur misraya uyğun bir mövzu ilə bağlıdır – bəli, “bir deyildir, beş deyildir”...
Bilirsiz, vəzifə sahibi, işadamı barədə pul-para, mal-mülk iddiası ortalığa atılanda ha beş gün, ha on gün... səngiyib gedir. – Niyə? – Çünki mən, “el-oba bir az aşağı, bir az yuxarı, onlara mal-mülkü yaraşdırır” deyim, siz də qüsura baxmayın, lütfən. Amma siyasətçi, özü də müxalifət partiyasının rəhbəri haqqında mal-mülk, pul-para söhbəti oldumu? – səngimək bilmir ki, bilmir. Qardaş, ictimai şüur hakimiyyətə gəlməyi qarşısına məqsəd qoymuş təsisatın başçısını, onun komandasını acından ölən görmək istəməsə də, dəbdəbə, təntənə yiyəsi kimi, nə bilim, siyasi oliqarx olaraq da görmək istəmir. İstəmir də, istəmir!.. Anındaca suallar yaranır, yaranır. Əgər sən mənimlə eyni duyğuları bölüşmürsənsə, əgər sən mənimlə eyni ortamı paylaşmırsansa, sən necə mənim arzularımın, ideallarımın ifadəçisi ola bilərsən? – Elədi ya elə deyil? – Məncə, siyasi partiyaların bir çoxunda partiya elitası ilə, partiya üzvləri arasında uçurum səviyyəsində maddi fərq olması, həmin partiyaların sıradan çıxmasının bir səbəbi olur.
Özü də, həncəri deyərlər, kor-kor, gör-gördü: şübhə buludları məhz (daha çox yaxud bilavasitə) bir partiya başçısı üzərində toparlanırsa, torbada pişik var da, var, havası əsir... – Söz vaxtına çəkər – mən bu sətrləri yazarkən Abşeron yarmadasının isti yay ayına uymayan küləyi elə əsir, elə əsir, elə bil, növbəti xəbər gətirir. Gətirir ki, bəs filan qədər də, filan yerdən...
Öncəki illəri bir qırağa qoysaq belə, yalnız son illər ərzindəcə, ən müxtəlif media orqanlarında, ən müxtəlif adamlar – çoxu usta qələmlər tərəfindən, açıq-aşkar imza ilə yazılar yazılıb, suallar ünvanlanıb. Ünvanlanıb ki, uzun illərdir heç yerdə işləməyən Əli Kərimli dəbdəbəli həyatı necə təmin edir – kim(lər)in, nəyin hesabına? – Belə suallar, belə yazılar, mediadakı iddialar bir deyildir, beş deyildir. Bəs cavab? Cavablar da gözə dəyib ara-sıra... ancaq c-dan öncə, r-dan sonra dırnaq işarəsi ilə... Cavabları təqribən belə ümumiləşdirmək olar: “niyə mənim varidatımla maraqlanırsız?” Cavablar ustalıqla özünü ictimai qınaqdan yayındırmaq xəttinə uyumludur: bəs deməzsənmi, gənc mütəxəssis kimi evlər almışdıq-filan... Ən adi hesabla kimsə durub barmağını barmağına vursa, bu ictimai rəğbət (canıyananlıq) oyandırma “ustalıq”lığı ilə verilən cavabların blef olduğunu sezər.
Pul-para hardan yaranar? – Göydənmi düşüb, yerdənmi çıxıb? – İşləməyən bir siyasətçinin pul-parası, maddi imkanları ya ölkədaxili imkanlarla ya da xarici dəstəklə şəkillənər. Elədi ya yox? – Ölkədaxili imkanlar sıravi partiya üzvləri hesabına, demək olar, qeyri-mümkündür. İş adamları isə hansı ağılla perspektivsiz bir quruma yardım etsin. İş adamının ağlı var ki, pul qazana bilib, əgər ağlı varsa, pulunu hara, kimə, niyə yönəltməsini də bilir. – Bu ki, adidən adi məntiqdir. Üstəlik, partiyanın adına iddialılar dünən də vardı, bugün də var, sabah da Allah kərimdir (Əli Kərim deyil)... Ölkədaxili məsələsini bu nöqtədə fokuslanma ilə yetinə bilərik, deyə düşünürəm; qalır, ikinci – xarici dəstək məsələsi. Hə, bu necə ola bilər? – bu artıq hüquq-mühafizə orqanlarının kompitensiyasında olan məsələdir, bizlər informasiya qıtlığından, bu yöndə eninə-boyuna danışa bilmərik. (Yalnız onu deyə bilərik ki, siyasi partiyaya hər hansı üsulla xarici yardım qadağandır, ən azı məqsədəuyğun deyil! İkincisi, belə yardımlar siyasi partiyaya, onun başçısına yaxın ictimai qurumlara, ictimai fəallara qrant ayrılıbmış kimi göstərilirsə, bu da, bir başqa –uzun söhbətin mövzusudur və belə maliyyələşmə xətləri illa da, məqsədəuyğun deyil, deyil!) Sual oluna bilər: bəs iddialar. Hə, onlar, bir deyildir, beş deyildir...
***
Vətəndaş haqları, siyasi mübarizə hüququ, ədalət, bərabərlik, əqidə qardaşlığı..! – yaxşı şüarlardır, deyilmi? – Əlbəttə. Əlbəttə, şüardakı sözlər həmişə dəyərlidir, dəyərli olmalıdır.
Gərək, belə çağırışlar edən siyasi qurum, özü o çağırışlara uyğun mənəvi iqlimə malik olsun.
Yadıma (nə vaxtsa, oxuduğum) bir əhvalat düşür, onu da yazım, sağollaşaq:
-Bir nənə nəvəsinin əlindən tutub, gəlir ünlü loğmanın yanına. Deyir, “amandı, nəvəmi xilas elə, hər gün bal yeyir, bədəni səpir, başqa da bir şey yemir”-filan... Loğman deyir, gedin, 40 gündən sonra gəlin. Nənə fikirləşir, yəqin 40 günə əmələ gələcək dərman hazırlayacaq. Uzun sözün qısası, 40 gün ötür, yenə nənə, yenə əlindən tutduğu nəvəsi və yenə loğmandan eyni yalvar-yaxarış: “amandı, nəvəmi xilas elə, hər gün bal yeyir, bədəni səpir, başqa da bir şey yemir”... Loğman əlini uşağın başına çəkir, kürəyini sığallaya-sığallaya, “yavrum, bundan sonra, iki gündən bir, bircə qaşıq bal ye, artığı lazım deyil. Oldumu?” deyir. Uşaq da, hər hansı bir tibbi prosedurdan keçirilmədiyinin sevinci ilə həmən razılaşır. Nənə görür, loğman əfəndi sözdən başqa heç nə eləmədi, heç nə vermədi, haytalanır:
- Səni böyük bir adam bilirdim, uzaq yoldan gəldiyimi bilə-bilə, bu bir kəlmə sözü niyə 40 gün öncə deyil, indi dedin? Niyə bizi ikinci dəfə bura gətirtdin? Niyə bizi gözlətdin?”
Kamili-mürşid qatındakı loğmanın cavabı qısa olur:
-Ey Banuçiçək, o zaman özüm bal yemişdim, sözüm keçməzdi, 40 gün bal yemədim, gözlədim, ta ki sözümün kəsəri olsun, nəvən məni eşitsin...
Bilməm, deyə bildimmi? (“Başa düşdünüzümü?”, “Anladınızmı?”, “Fikrim çatdımı?” yerinə “DEYƏ BİLDİMMİ?” sorusunu rəhmətlik Azad Mirzəcanzadədən eşitmişdim, ruhu şad olsun!)
Siz, ey, radikallar, yediyiniz balın son qətrəsi bədəninizdən çıxmadan siyasi çağrışlarınız, məmurlara ittihamlarınız, sözünüzün kəsəri ola biləcəkmi, sanırsınız?
Əgər 40 gün yerinə 26 ildən – bu illər boyu işləmədən dişləməkdən danışırıqsa, söz kəsərliliyi üçün 26 il gözləmək aktuallıq qazana bilər, qaliba...
P.S. Usta qələmlərdən Elçin Alıoğlunun bizim də müraciət etdiyimiz mövzu ilə bağlı bu ibrətamiz cümlələri diqqətimi cəlb etdi: “Axı niyə məmurların varidatlarını araşdırmır, Əli Kərimlidən yapışırsız?”, “Çörəyiniz oradan çıxır, eləmi?!”, “Görəsən, Əli Kərimli olmasaydı, nədən yazacaqdınız?!”, “Nə istəyirsiniz liderimizdən?! Məmur deyil, nazir deyil, iş adamı deyil – siyasətçidir, nə haqla soruşursunuz necə və nəyin hesabına yaşadığını?!” sualları səslənəcək, yazılacaq. Və mütləq “hakimiyyətə satılmış”, “rejimin nökəri” ifadələri sıralanacaq.
Adi haldır, daha doğrusu, Əli Kərimlinin sosial şəbəkədəki trol yığnağının nominal yaşam tərzidir. “Azadlıq!”, “İstefa!” deyib və yazıb siyasi mübarizə apardıqlarını düşünən, məntiqləri primitivliklə xaos arasında avaralanan bu “igid”lərin geniş qapanmış gözlərinin açılma vaxtı çatıb.
Buyursunlar, oxusunlar və dərk etməyə çalışsınlar...”.
Əkbər Qoşalı
Milli QHT Forumunun (MQF) İdarə heyətinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB