“Chinar Hotel & SPA Naftalan” kompleksinin yenidənqurmadan sonra açılışı olub

“Chinar Hotel & SPA Naftalan” kompleksinin yenidənqurmadan sonra açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da Naftalanda "Chinar Hotel & SPA Naftalan" kompleksinin yenidənqurmadan sonra açılışında iştirak edib.

SİA-nın xəbərinə görə, dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə tanış oldu.

Naftalanda kurort zonasının inkişaf etdirilməsi məqsədi ilə şəhərin inzibati ərazisinin genişləndirilməsi barədə Prezident İlham Əliyevin Sərəncamı burada turizmin inkişafına da təkan verəcəkdir.

"Chinar Hotel & SPA Naftalan" kompleksinin istifadəyə verilməsi son illərdə Azərbaycanda yeni səhiyyə ocaqlarının, sanatoriyaların, mehmanxanaların inşasının, kurort zonalarının inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunun göstəricisidir. 18,8 hektar ərazidə yerləşən 312 yerlik "Chinar Hotel & SPA Naftalan" kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılmış, 2010-cu ilin noyabrında sona çatdırılmışdır.

Dövlətimizin başçısı kompleksin foyesinin divarlarında çəkilmiş və Naftalan neftinin tarixinə həsr olunmuş kompozisiyalara baxdı.

Kompleksin urologiya, dietalogiya, ginekologiya, kardiologiya, qulaq-burun-boğaz, stomatologiya, terapiya və dermatologiya şöbələrinin olduğu poliklinikası İtaliya, Almaniya, Çexiya, Türkiyə, Yaponiya və Cənubi Koreyada istehsal edilmiş müasir tibbi avadanlıqla təchiz olunmuşdur. Burada ən müasir tibbi avadanlığı olan biokimyəvi, hematoloji, mikrobioloji, immunoloji, seroloji laboratoriyalar fəaliyyət göstərir. Poliklinikada hərəkət orqanları, qulaq-burun-boğaz, uşaq, uroloji, dəri, ginekoloji, periferik damar, periferik sinir və mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi aparılacaqdır.

Dövlətimizin başçısı SPA terapiya, fizioterapiya və reabilitasiya, fitness mərkəzləri ilə tanış oldu. Naftalan Terapiya Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, burada 24 vanna otağı var və əsas müalicə vasitəsi Naftalan neftidir. Təkcə Azərbaycanda mövcud olan Naftalan nefti bir çox xəstəliklərin dərmanıdır. Bu baxımdan Naftalan terapiyası tibbin bir çox sahələrində əvəzsiz müalicə metodu kimi qəbul edilmişdir.

Birnəfərlik, ikinəfərlik və ailəvi otaqlardan ibarət (cəmi 170 otaq) yataq korpusunda bütün zəruri şərait yaradılmışdır. Burada qadın gözəllik mərkəzi, internet klub, hədiyyələr dükanı var, elektrikli arabaların və velosipedlərin kirayəsi xidmətləri təşkil olunmuşdur.

Dövlətimizin başçısı müasir standartlara cavab verən su prosedurları korpusunda türk hamamına, sauna və hovuza baxdı. Sonra Prezident İlham Əliyev Naftalan şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə