"Ermənistan Çindən özünün maraqları üçün istifadə etməyə çalışır" ÖZƏL-MÜNASİBƏT
"Bu gün Çinlə Ermənistan arasında münasibətlərin və əməkdaşlığın xarakteri haqqında danışmaq çox çətindir. Çünki bunun hər hansı bir əlaməti görünmür. Ola bilsin ki, Ermənistan bazarında hansısa Çin məhsulları yer alsın. Bildiyiniz kimi Çin dövləti bu gün dünyanı iqtisadi zəbtə məruz qoymaqdadır. Bu reallıqdır. Elə Çinin geosiyasətindən çox geoiqtisadi elementləri özünü büruzə verməkdədir. Təbii ki, Ermənistan özünü beynəlxalq münasibətlər sistemində və müasir beynəlxalq əməkdaşlıq sistemində fəal aktor kimi təqdim etməyə çalışır. Burada məqsədlər mövcuddur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Politoloqun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Ermənistan kimdən hansı yardımı ala bilsin: "Yəni işğalçı ölkənin bu gün əsas hədəfi yardım almaqdan ibarətdir. Ümumiyyətlə, uzun illərdir ki, Ermənistanla İran arasında dəmiryol xəttinin çəkilməsi məsələsi gündəmdədir. Amma uzun illər keçməsinə baxmayaraq həmin xəttin çəkilməsi üçün Ermənistan tərəfi maliyyə tapa bilməyib. Nəhayət 2009-cu ildə Asiya Bankı bu layihəni həyata keçirmək üçün Ermənistana maliyyə ayırsa da Ermənistan tərəfindən bu istiqamətdə gözəgörünən bir iş görülmədi. Beləcə layihə yarımçıq qalıb. Ermənistan bu layihəni gerçəkləşdirmək üçün əlavə maliyyə mənbələri axtarır. Çox güman ki, bu gün Ermənistanın Çindən çox ciddi umacaqları vardır. Amma bir şeyi unudurlar ki, Çin bu gün dünyanın əksər ölkələrinə kreditlər verir. Lakin bu kredit şərtləri o qədər ağırdır ki, Ermənistan kimi aşağı iqtisadi inkişaf səviyyəsinə malik olan və heç iqtisadi sistemindən danışılması üçün əsas olmayan bir dövlətin gələcəkdə bu kreditləri nə cür ödəyəcəyi çox ciddi sual doğurur.
Məsələnin digər tərəfinə diqqət yetirmək lazımdır. Ermənistan Çindən özünün digər maraqları üçün istifadə etməyə çalışır. Məsələn, Ermənistan hesab edir ki, bu gün Çinlə Türkiyə arasında çox ciddi fikir ayrılığı mövcuddur. Təbii ki, bunun müəyyən əsasları var. Bildiyiniz kimi Türkiyə ilə Çin arasında uyğur məsələsi ilə bağlı müəyyən ziddiyyətlər mövcud olub. Amma bu heç də Çinlə Türkiyə arasındakı nə siyasi, nə də iqtisadi münasibətlərə ciddi təsir göstərməyib. Bu gün Ermənistan elə düşünür ki, Çin Türkiyəyə qarşı mübarizə üçün Ermənistanı bir plastarm kimi nəzərdən keçirir. Təbii ki, Çində əgər bu barədə eşitsələr buna çox böyük ironiya ilə yanaşarlar. Yəni Çinin Ermənistandan hər hansı bir formada istifadə etməsi üçün əsas yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB