Mehriban Abasquliyeva: “"Siyasi mühacir” düşmənə nökərçilik edirlər" ŞƏRH

“Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı sammitində Azərbaycan dövlətinin müstəqil və qəti mövqeyi bir daha sübut etdi ki, ölkəmiz daim haqqın, ədalətin tərəfində dayanır, bütün siyasi məsələləri bu çərçivədə həll olunmasının tərəfdarı olduğunu nümayiş etdirir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemi olan Qarabağın işğalı faktında ərazi bütövlüyümüzün birmənalı olaraq tanınması məsələsində sərgilənən qətiyyətli mövqe daxili və xarici anti-Azərbaycan qüvvələrini ciddi şəkildə təlaşlandırır: “Bununla yanaşı, ölkəmizin sosial-iqtisadi inkişafı, aparılan inqilabi islahatlar, ölkə rəhbərinin daim xalqla təmasda olması, eləcə də vətəndaşları narahat edən problemlərin qısa zamanda həll olunması kimi məsələlər xalqın dövlətə, dövlətin isə xalqa olan etimadını ən yüksək səviyyədə tərənnüm edir. Bu, bilavasitə xalq-iqtidar vəhdətinin bariz təcəssümüdür. Ona görə də, özlərini “siyasi mühacir” kimi qələmə verən, intellektual səviyyələri sıfır həddində olan bir qrup qaragüruhçu dərhal erməni diasporunun maliyyələşdirdiyi bəlli mərkəzlər vasitəsi ilə ortaya düşür, qaragüruhçuluq vasitəsi ilə düşmənə nökərçilik edirlər”.

“Əlbəttə, belələri bununla sübut edirlər ki, heç vaxt dövlətçilik, xalq maraqları onları maraqlandırmayıb və əsasən bəlli fəaliyyətləri ilə, yəni düşmən dəyirmanına su tökməklə özlərini erməni lobbisinin ağuşuna atdıqlarını ”, deyən YAP Sabunçu rayon təşkilatının sədri əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev daim öz qətiyyətli və müdrik siyasəti ilə dövlətimizə qarşı yönələn bütün hücumları, qərəz və şantajları dəf edir: “Çünki bayaq da qeyd etdiyim kimi, qədirbilən xalqımız öz Prezidentinə sonsuz etimad göstərir və dövlət başçımız da öz xalqına güvənir, bundan stimul alaraq, Azərbaycanımızın nüfuzunu daim yüksəldir. Əbəs deyil ki, ölkəmiz bir sıra beynəlxalq layihələrdə, iqtisadi, sosial məsələləri əhatə edən məsələlərdə öndə gedir, təşəbbüskar rolunda çıxır. Ən yüksək, mötəbər tribunalarda Azərbaycan dövlətinin səsi gəlir və bu reallıq əslində ölkəmizin yüksələn xəttlə tərəqqi etməsini isbatlayan faktor olaraq qiymətləndirilməkdədir”.

Mehriban Abasquliyeva əlavə edib ki, bu gün ölkəmiz istər Avropada, istərsə də bütün dünya miqyasında enerji təminatçısı rolunu oynayır, müxtəlif mühüm yol xəritələrinin iştirakçısı, ideyavericisi kimi tanınır: “Baxın, paytaxtımız Bakı olmaqla, regionlarımızda müxtəlif sahələri əhatə edən böyük tədbirlər, konfrans və seminarlar keçirilir. Deyərdim ki, Azərbaycan dünyanın siyasi mərkəzinə çevrilib. Bu, dövlətimizin nüfuzunun ali məqamlara söykənməsinin göstəricisidir və getdikcə, həmin nüfuz durmadan artır, yüksəlir. Anti-mili qaragüruhçular isə bundan qorxuya düşürlər. Çünki ölkəmizin mövqeyi gücləndikcə, onların və erməni lobbisinin gücü zəifləyir, sıradan çıxır. Azərbaycan xalqı müdrik və ədalətlidir. Xalq hər şeyi gözəl dərk edir, kimin kim olduğunu da yaxşı bilir. Şərbaz və satqın müxalifətçilər isə 25 ildən çoxdur ki, eyni şüarları səsləndirir, eyni populist və mənasız çağırışlar edirlər. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində belə deyillər. Çünki, onlar hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar. Biz, onların istər ölkədəki rüsvayçılıqla başa çatan mitinqlərinin, istərsə də Avropadakı sirk tamaşalarının da şahidləri olmuşuq. Bu baxımdan, onlar dərk etməyə məhkumdurlar ki, heç vaxt, heç zaman öz qaranlıq, çirkin məqsədlərinə çata bilməyəcəklər. Çünki ilk növbədə belələrinin qarşısında dövlətini, Vətənini, dövlətçilik maraqlarını qoruyan Azərbaycan xalqı dayanıb. Azərbaycan xalqı qanuni yolla seçdiyi iqtidara sadiqdir və onun siyasətini tamamilə dəstəkləyir. Sadəcə, bu gün Azərbaycanın müstəqilliyi, söz sahibi olması regionda, dünyada müəyyən rəqib qrupları və koalisiyaları qıcıqlandırır. Onlar unutmamalıdırlar ki, müstəqil Azərbaycan dövləti güclüdür, onunla heç bir qüvvə hədə və şantaj, sifarişli siyasi şoular yolu ilə danışa bilməz”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə