"Erməni separatçıları mayın 1-də başlayacaq Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən narahatdırlar. Hesab edirlər ki, hərbi təlimlər zamanı Azərbaycan ordusu təmas xəttində hansısa həmlələr edə bilər". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
"Separatçılar onu da deyirlər ki, Türkiyə ordusu Azərbaycan ordusunun güclənməsi üçün bütün imkanlardan istifadə edir, təcrübəsini bölüşür və s. İlk dəfədir ki, separatçıların bu mövzuda dediklərinin tamamilə razıyam. Bəli, təlimlərin bir məqsədi də separatçıların qorxusunu artırmaq və onları gərgin vəziyyətdə saxlamaqdır. İndi təsəvvür edin ki, Türkiyənin Azərbaycanda hərbi bazaları olsa bu işğalçıya qarşı təzyiqi hansı səviyyəyə qaldıra bilər"-deyə, Elxan Şahinoğlu bildirib.
Politoloq onu da əlavə edib ki, Nikol Paşinyan hakimiyyətə gəlişinin bir ilində tamamən Rusiyaya əyilib: "Halbuki, yeni gələndə balanslı xarici siyasətə üstünlük verəcəyinə işarə edirdi. Bizdə də bəziləri yanlış olaraq “Rusiya Paşinyanı cəzalandıracaq” və “Rusiya-Ermənistan münasibətləri gərginləşəcək” kimi başlıqlar atırdılar. Bunların heç biri olmadı. Tam əksinə, Paşinyan Avropa və ABŞ-dan ümid etdiyi maliyyəni ala bilmədiyinə görə Serj Sərkisyandan daha çox Kremlin nökəri olmağı hazırdır. Təsadüfi deyil ki, Paşinyan son bir ildə İrəvana gələnlər arasında yalnız Rusiyanın baş naziri Dmitri Medvedvi evinə qonaq dəvət edib. “Ermənistanda adətdir ki, evə yalnız əziz qonaqları dəvət edirlər” – deyən Paşinyan sanki bununla demək istəyib ki, bu bir ildə İrəvana gələn başqa rəsmilərin, o cümlədən avropalıların və amerikalıların heç biri onun üçün əziz qonaq olmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB