"Formula-1" SOCAR Azərbaycan Qran-Prisi möhtəşəmliyi ilə yadda qaldı
Mötəbər beynəlxalq idman tədbirlərinin təşkilatçılığı baxımından artıq böyük təcrübə qazanmış Azərbaycan 26-28 aprel tarixlərində daha bir idman yarışına uğurla ev sahibliyi etdi. Dünyada 500 milyondan çox azarkeşi olan "Formula-1" Qran-Prisini dörd il əvvəl ilk dəfə təşkil edən Bakı artıq bu yarışların təşkilində də əhəmiyyətli təcrübəyə malikdir. Məhz, 26-28 aprel tarixlərində dünyanın dörd bir yanında yaşayan tamaşaçıların diqqəti ölkəmizdə keçirilən "Formula-1" Qran-Prisinə yönəldi.
Qeyd edək ki, "Formula-1" Qran-Prisi olduqca populyar olan idman növüdür. Yarışın paytaxtımızda təşkil olunması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Bu Qran-Prinin Azərbaycanda təşkil olunması, ilk növbədə, ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzunun göstəricisidir və dövlətimizə olan böyük etimadla bağlıdır. Adıçəkilən yarışın Bakıda keçirilməsi, ilk növbədə, ölkəmizi dünyaya tanıtmaq üçün əlverişli fürsətdir. Həmçinin adıçəkilən yarışlar Azərbaycanın iqtisadiyyatına xeyir verəcək bir amildir. Çünki "Formula-1" Qran-Prisinə baxmaq üçün ölkəmizə xaricdən çoxlu sayda qonaq gəlir. Yarışlar ölkəmizin mədəniyyətini dünyaya təqdim etmək baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının mühüm sahəsi olan turizmin inkişafına da mühüm töhfə verir.
"Formula-1" Qran-Prisi bir tərəfdən əyləncəli tədbirdir, digər tərəfdən isə keçirildiyi ölkənin dünyada təbliğində böyük rol oynayır. Yarışlar ərəfəsində internet resurslarında "Formula-1" Qran-Prisi keçirilən ölkə ilə bağlı axtarışların sayı milyonları keçir. Həmçinin bu yarışların respublikamızda keçirilməsi dünyanın həm Azərbaycanın tarixi, həm də mədəniyyəti ilə tanış olmasına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri daha dərindən başa düşməsinə imkan yaradır. Bundan əlavə, ölkəmizin sivil, inkişaf edən bir ölkə olması qənaətinə gəlməsindən xəbər verir. Təşkilatçılar da Azərbaycanın yarışların təşkilinə diqqətindən çox razılıq edirlər. Son üç ilin təcrübəsi nəzərə alınaraq, bu il yarışa hazırlıq işləri daha qısa zamanda və yüksək səviyyədə ortaya qoyuldu. Heç şübhəsiz ki, 26-28 aprel tarixlərində Bakıda keçirilən bu yarışlar bütün dünya tərəfindən böyük maraqla izlənildi.
"Formula-1" yarışı məşhurluğuna görə futbol üzrə dünya çempionatları və olimpiya oyunları ilə rəqabət aparır. Çempionat birbaşa efirdə yayımlanır və beş qitənin 200 ölkəsini əhatə edir. Açıqlanan statistik rəqəmlərdə qeyd olunur ki, adıçəkilən yarışı izləmək üçün 2016-cı ildə Bakıya dünyanın 42, 2017-ci ildə 65, 2018-ci ildə isə 78 ölkəsindən qonaqlar gəlib. Bu il keçirilən yarışları izləmək üçün ölkəmizə gələn qonaqların sayı isə daha çox oldu.
Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, 2016-cı və 2017-ci il Qran-Prilərindən ölkəmizə gələn ümumi gəlirlərin məbləği 277 milyon dollar təşkil edib. Belə ki, yarışların iki ilinə yatırılan 100 milyon dollar iki dəfədən çox qazanc verib. Nəzərə almaq lazımdır ki, əsas xərcləri - müvafiq avadanlıqlar alınması, bu və ya digər infrastruktur qurğuların quraşdırılması yarışın ilk ilində həyata keçirilir, sonrakı illər isə xərclər get-gedə azalır.
"Formula-1" Qran-Prisinin ölkəmizdə keçirilməsi, həmçinin turizm sektorunun inkişaf etməsinə səbəb olur. Məlumdur ki, adıçəkilən yarış 2023-cu ilə qədər ölkəmizdə keçiriləcək. Ona görə də "Formula-1" Azərbaycan Qran-Prisinin keçirilməsi sayəsində 2023-cü ilədək ölkəmizə turist axınının 4 milyon nəfərə qədər artacağı gözlənir.
Ötən illər ərzində keçirilən "Formula-1" yarışlarında Bakıya gələn turistlərin sayı sürətlə artıb. Yarışlardan sonra Bakı otellərindən verilən bilgilərə görə, bütün otellərin otaqları, demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq ölkəmizə 10 milyon dollar gəlirin gəlməsi deməkdir.
Bakıda keçirilən "Formula-1" SOCAR Azərbaycan Qran-Prisi yarışı haqqında dünyanın tanınmış media orqanlarında silsilə materiallar yayımlandı. Hətta 2018-ci ildə Bakıda baş tutmuş "Formula-1" yarışı İngiltərənin məşhur "The Times" və "The Guardian" nəşrləri kimi dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən "2018-ci ilin ən yaxşı yarışı" adlandırılıb.
"Səs" Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB