Respondentlərin 78,8 faizi Prezidentin kadr siyasətinə müsbət rəy bildirib

Respondentlərin 78,8 faizi Prezidentin kadr siyasətinə müsbət rəy bildirib

“Opinion Way” şirkətinin Azərbaycanın bütün bölgələrində keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşlar Prezident İlham Əliyevin kadr islahatlarını yüksək qiymətləndiriblər. Respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını bildirib.

Ekspertlər də hesab edirlər ki, dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi məsələlərinin həlli istiqamətində Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları çox ciddi addımdır. Göründüyü kimi, Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin son zamanlar keçirilən bütün sorğularda yüksək qiymətləndirilməsi heç də təsadüfi deyil. Sorğunun nəticələrindən aydın olur ki, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri rəyi soruşulanların 75,6 faizi effektli və qənaətbəxş hesab etdiyini təsdiq edib.

Ekspertlər bunu da onunla izah edirlər ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni son dövrdə Prezident İlham Əliyev dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, eyni zamanda ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Ölkə başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda bütün dünyada korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi təqdir olunur və tətbiqi dəyərləndirilir. Həmçinin, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini şərtləndirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə