"Son proseslər bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqları lazımi nəticəni vermir. Çünki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur. Gündəmə daxil edilməli məsələlərin hazırlanmasına dəstək vermir. Bu azmış kimi Vyana görüşündən sonra Ermənistana qayıdan Paşinyan həyasızlıq göstərərək heç bir danışıqların aparılmadığı bəyan etdi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Paşinyanın elementar təfəkkürə malik olmadığını deyən politoloq bildirib ki, görünən odur ki, Ermənistanın baş naziri problemin həllini qəsdlə dalana dirəyir: "3 saat müddətində keçən görüşdən sonra heç bir danışıqların aparılmadığını açıqlamaq əslində çox böyük siyasi əxlaqsızlıq, siyasi ədəbsizlikdir. Bundan sonra Ermənistanın müdafiə naziri tərəfindən sərsəm bəyanat da səsləndi. Çox təəssüf ki, o bu fikri həm işğal altında olan torpaqlarımıza gələrək ifadə etməklə yanaşı, həm də Vaşinqtonda söylədi. Beynəlxalq ictimaiyyət, eləcə də Amerika ictimaiyyəti müdafiə nazirinin torpaq iddiaları ilə bağlı çıxışına lazımi reaksiya vermədilər".
Q. Hüseynli vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın müdafiə nazirinin çıxışına qarşı sərt mövqe ortaya qoymalıdır: " BMT Təhlükəsizlik Şurasının çağırılması və bu məsələnin orada müzakirə edilməsi gözləniləndir. Çünki, işğalçı ölkə açıq şəkildə zəbt etdiyi torpaqlarda yeni işğalın anonsunu verir. Müharibəyə çağırış özü cinayət məsuliyyəti yaradır. Dövlətlərarası qarşıdurmaya çağırış, beynəlxalq hüquqda çox ağır cəza növlərindən hesab olunsa da, buna əhəmiyyət verilmir. Azərbaycan tərəfi beynəlxalq təşkilatlardan Ermənistanın müdafiə nazirinin fikirlərinin qınanılmasını tələb etməlidir".
Politoloq qeyd edib ki, bir sözlə ifadə etsək deyə bilərik ki, Ermənistan Azərbaycanı cinayətə, yəni müharibə yə çağırır, danışıqlar prosesindən imtina etdiyini açıq şəkildə bəyan edir: "Bu, çox təhlükəli tendensiyadır. Dünya, beynəlxalq təşkilatlar bu məsələyə diqqət yetirməli, Ermənistanın belə bir haqq malik olmadığını onların gözünə soxmalıdır. Bir məsələdə var ki, nədənsə işğaldan danışılanda işğalçı dövlətin adı çəkilmir. Bu məsələyə diqqət yetirilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB