"Paşinyan bu reallığı danışıqlar prosesində nəzərə almalıdır” ÖZƏL - ŞƏRH

"Paşinyan bu reallığı danışıqlar prosesində nəzərə almalıdır” ÖZƏL - ŞƏRH

"Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçiriləcək. Bu görüşə çox böyük diqqət var. Məsələ ondadır ki, bu görüşdən öncə mart ayının 14-də Paşinyanın gözlənilmədən işğal altındakı Azərbaycan ərazisinə Xankəndinə səfər etdi və orada Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bütün bunlar hamısı Vyana görüşü öncəsi baş verən hadisələrdir. Bununla belə Vyana görüşündən 4 gün öncə martın 25-də yenə də Paşinyan Ermənistan Müdafiə Nazirliyinin qapalı toplantısını keçirdi. Bax, bu reallıqda Paşinyanın son bəyanatlarında da onun danışıqlar prosesində qondarma rejimin iştirakı məsələsini gündəmə gətirəcəyi ilə bağlı mövqelər tez-tez səslənməkdədir. Burada diqqətdən yayınmayan bir məqam var". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

"Paşinyan məgər bilmir ki, belə mövqe ilə danışıqlara gəlirsə bu artıq danışıqların öncədən nəticələrini heçə endirir. Çünki bu məsələ ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi var ki, qondarma rejim danışıqların tərəfi ola bilməz. Eyni zamanda ATƏT rəhbərliyinin bu məsələ ilə bağlı eyni mövqeyi var. ATƏT-in Minsk Qrupunun son bəyanatı məhz bu mövqe ilə bağlı idi. Avropa İttifaqının rəhbərliyi də analoji mövqeni müdafiə edir. Yəni Paşinyan faktiki olaraq həm beynəlxalq təzyiq altında bu danışıqlara gedir, həm də çıxılmaz vəziyyətində söz oyununa başlayıb. O danışıqların formatının dəyişməyəcəyini bəyan edir və söyləyir ki, biz format dəyişməsini istəmirik, əksinə biz formatın bərpasını istəyirik. Hər halda nəzərə alsaq ki, Vyana danışıqları aprel döyüşlərinin üçüncü il dönümünə təsadüf edir. Təbii ki, burada da bir rəmzi məna var. Aprel döyüşləri Ermənistan ordusunun nə qədər zəifliyini və acizliyini nümayiş etdirsə də eyni zamanda Azərbaycan Ordusunun olduqca güclü olduğu faktını ortaya qoydu. Mənə elə gəlir ki, Paşinyan bu reallığı da danışıqlar prosesində nəzərə almalıdır”-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə