Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə dövlət qayğısı artır
Dövlət başçısının Sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 50 faiz artırılıb

Ölkəmizin inkişafında əsas rol oynayan sabitliyin möhkəmlənməsi Azərbaycanda iqtisadi imkanların genişlənməsi üçün biri-birindən əhəmiyyətli layihələrin icrasını sürətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etdirilməkdədir. Ölkəmizdə mütərəqqi sosial siyasətin həyata keçirilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətlidir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib. İnsanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Prezidentinin məlum sərəncamları ilə hər il əməkhaqları, təqaüdlər, sosial müavinətlər artırılır. O cümlədən, aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə, sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə də diqqət artır. Bildiyimiz kimi, ölkəmizdəki çadır düşərgələri, dəmir yolu yük vaqonlarından ibarət qəsəbələr 2007-ci ildə ləğv olundu.Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində, qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Təkcə ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən, 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülmələri dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Məlumdur ki, Azərbaycan Respublika Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi" haqqında imzaladığı Fərmana əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizmi sadələşdirilmişdir. Belə ki, bu kateqoriyaya aid olanların yemək xərci müavinəti, habelə, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 (otuz altı) manat məbləğində vahid aylıq müavinət təyin olunmuşdur. Qeyd etdiyimiz Fərman Azərbaycan Prezidentinin mütərəqqi sosial siyasətinin məntiqi davamıdır. Dövlət başçısının "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" 26 fevral 2019-cu il tarixli Sərəncamı görülən işlərin məntiqi davamıdır, Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər və islahatlar respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradıb və yaradacaqdır. Belə ki, insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Azərbaycan iqtisadiyyatında ardıcıl müşahidə olunan inkişaf meyilləri, ayrı-ayrı sahələrdə əldə edilən müsbət nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verir. Bir sözlə, sosial sahədə, ardıcıl surətdə, həyata keçirilən layihələr, onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB