Sven Alkalayla: “Azərbaycan hər zaman Dağlıq Qarabağ məsələsində Bosniya və Herseqovinanın dəstəyinə arxalana bilər”

Sven Alkalayla: “Azərbaycan hər zaman Dağlıq Qarabağ məsələsində Bosniya və Herseqovinanın dəstəyinə arxalana bilər”
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun ölkəmizdə rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalayla görüşü olub. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, vitse-spiker Ziyafət Əsgərov qonağa Azərbaycan parlamentinin strukturu, fəaliyyəti, beynəlxalq qurumlardakı təmsilçiliyi, ikitərəfli münasibətləri barədə məlumat verərək iki ölkənin millət vəkillərinin əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri, zəngin karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycan Avropa ilə sıx əməkdaşlıq edir. Ermənistanın işğalçılıq siyasətindən, Dağlıq Qarabağ münaqişəsindən danışan birinci vitse-spiker deyib ki, ölkəmizdə 1 milyon qaçqın və məcburi köçkün var. Ziyafət Əsgərov Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə bağlı BMT, Avropa Şurası və digər beynəlxalq qurumların qətnamə və qərarlarını xatırladaraq Ermənistanın həmin sənədlərə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini qonağın diqqətinə çatdırıb.

Bakıda olduğu iki gün müddətində mühüm və səmərəli görüşlər keçirdiyini deyən Sven Alkalay Bosniya və Herseqovinanın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini bildirib. Qonaq ümumdünya maliyyə böhranı şəraitində ölkəmizin sürətli iqtisadi inkişafından danışaraq diqqətə çatdırıb ki, Azərbaycanda neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafına böyük önəm verilməsi çox gözəl və düzgün bir siyasətdir. Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq öz ölkəsinin də qaçqın problemi ilə üzləşdiyini vurğulayaraq, bizi yaxşı başa düşdüyünü söyləyib.

O əlavə edib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Azərbaycan hər zaman BMT-də bu məsələ ilə bağlı Bosniya və Herseqovinanın dəstəyinə arxalana bilər.
Görüşdə hər iki tərəfin əməkdaşlığın inkişafı üçün mövcud potensialdan səmərəli istifadə edəcəyinə əminlik ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə