“Qarabağ” bağırıb, siyasi məqsədlərini güdənlər

“Qarabağ” bağırıb, siyasi məqsədlərini güdənlər

Və ya İsgəndər Həmidovla Rəsul Quliyevin əlaltısı - Ağasəf Şakiroğlu bu qurumdan niyə istefa verdilər?

Məlum olduğu kimi, “Qarabağ” komitəsinin (QK) 16 fevralda keçirməyi planlaşdırdığı mitinqinə icazə verilmədi. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətinə cavabında aksiyanı “məqsədəuyğun hesab edilmədiyini” bildirib.

Lakin maraqlı məqam budur ki, adıçəkilən komitəyə üzv olan AMDP sədri İsgəndər Həmidov, eləcə də, eks-spiker Rəsul Quliyevin əlaltısı, “GAP” sədri Ağasəf Şakiroğlu həmin qurumdan istefa verdiklərini bəyan ediblər. Onlar, İ.Həmidov tərəfindən yaradılan və nədənsə, radikal müxalifətin digər təşkilatları tərəfindən qəbul edilməyən “Azərbaycan Xalq Hərəkatı” daxilində özlərinə məxsus “Qarabağ” komitəsi tipli siyasi qurumun yaradılmasını daha məqsədəuyğun sayıblar. Ancaq “Qarabağ” komitəsində təmsil edilənlər, İ.Həmidovla A.Şakiroğluya qurumu parçalamamağı tövsiyə edərək, öz etirazlarını bildiriblər. Qarşı tərəf isə öz növbələrində icazəsiz mitinq keçirməyi təklif ediblər və komitə rəhbərliyi tərəfindən rədd cavabı aldıqdan sonra, istefa verdiklərini bəyan ediblər. Ümumilikdə götürdükdə isə, fakt budur ki, məhz bu faktın özü bir sıra radikal müxalifət üzvlərinin “Qarabağ” komitəsinin mitinqini öz maraqları kontekstində keçirməyi planlaşdırıblar. Ölkədəki sabitliyi “Qarabağa azadlıq” şüarı ilə deyil, bu şüar altında hazırladıqları anti-dövlətçilik şüarları ilə əvəzləməyə hazırlaşırmışlar. Onu da nəzərə alarsaq ki, İ.Həmidov həm də AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə edilən anti-milli xarakterli “Milli Şura”nın üzvüdür, bu zaman onların Qarabağ adından kirli məqsədlər güddüklərini bəri başdan proqnozlaşdırmaq olar.

Hər kəs yaxşı bilir ki, Azərbaycanın inkişafını, sabitliyini istəməyən daxili və xarici qüvvələr əlbir olaraq, inqilabi islahatlara, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün atılan addımlara, uğurlara kölgə salmağa cəhdlər göstərirlər

O da əbəs deyil ki, mitinqin icazə verilməməsinə səbəb kimi məhz bu amillər göstərilib. Belə ki, son dövrlərdə ayrı-ayrı adlar altında keçirilən aksiyalar zamanı məqsəd və diqqətin heç də bu və ya digər məsələyə yönəldilməsi deyil, ölkədə vətəndaşlar arasında qarşıdurma yaratmağa cəhd olduğu ortaya çıxıb. Bu gün hər kəs yaxşı bilir ki, Azərbaycanın inkişafını, sabitliyini istəməyən daxili və xarici qüvvələr əlbir olaraq, dövlət rəhbərliyi tərəfindən aparılan inqilabi islahatlara, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün atılan addımlara, ümumiyyətlə uğurlara kölgə salmağa cəhdlər göstərirlər. Bu cəhdlər puça çıxdıqdan sonra, onlar digər manipulyasiyalarla, misal üçün, “Qarabağ” komitəsinin pərdəsi altında öz xəyanətkar siyasətlərini reallaşdırmağa çalışırlar.

Fakt budur ki, bu qurum altında kamufilyaj olunmuş AMDP və GAP kimi təşkilat rəhbərləri, “Milli Şura”, AXCP, Müsavat üzvləri qeyd olunan planlarını hər an cızmağa hazırdırlar

Başqa tərəfdən, radikal müxalifətin satqın “liderləri” də yaxşı bilirlər və dərk edirlər ki, dövlət rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ problemi müstəvisində qətiyyətli addımlar atır, işğalçı tərəfi bütün mənalarda dalana sıxışdırır. Əlbəttə ki, belə bir hal xaricdə fəaliyyət göstərən erməni lobbisini də narahat edir. Erməni lobbisi belələri vasitəsi ilə öz məqsədlərinə çatmaq üçün, maliyyələr ayırırlar. Həmin maliyyələrin bir hissəsi isə radikal müxalifətin cibinə axır. Ona görə də, bəri başdan məlum idi ki, “Qarabağ” komitəsi dağıdıcı düşərgə təmsilçiləri üçün sadəcə, bir vasitədir. O vasitədən isə istifadə edə bilmədilər – dövlət onların növbəti çirkin məqsədlərinin qarşısını mitinqə icazə verməməklə aldı. Göründüyü kimi, əgər belə olmasaydı, nə İ.Həmidov, nə də A.Şakiroğlu “Qarabağ” komitəsindən istefa verməzdilər. Ancaq bunu etdilər və hətta səbəbini də açıqladılar ki, icazəsiz mitinq keçirmək istəyirlər və s.

Düzdür, biz deyə bilmərik ki, “Qarabağ” komitəsi adlı quruma daxil olanların hər biri radikal təmayüllü insanlardırlar və onların hamısı ölkədə süni və siyasi gərginlik yaratmağa, sabitliyi pozmağa çalışırlar. Amma fakt budur ki, bu qurum altında kamufilyaj olunmuş AMDP və GAP kimi təşkilat rəhbərləri, “Milli Şura”, AXCP, Müsavat üzvləri qeyd olunan planlarını hər an cızmağa hazırdırlar.

Habelə, unutmaq olmaz ki, səs-küy yaradıb, “Qarabağ” bağıranların əksəriyyəti AXC-Müsavat iqtidarı dönəmində rəhbərliklərdə təmsil olunmuş, torpaqlarımızın işğal olunmasında isə bilavasitə baiskarlardırlar. Əslində onların ümumiyyətlə, xalq arasına çıxıb, hər hansı fikir söyləmələri də doğru deyil. Belə olan halda, onların sözügedən cəhdləri boş və uğursuzdur.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə