"Fransa dövləti ermənilər qarşısında gözü kölgəlidir" ÖZƏL-RƏY

"Fransa dövləti ermənilər qarşısında gözü kölgəlidir" ÖZƏL-RƏY

"Ümumiyyətlə Fransa dövləti ermənilər qarşısında gözü kölgəlidir. Hətta millət, dövlət olaraq da onların ermənilərə borcları var. Bu borc nədən ibarətdir. Osmanlı İmperiyasını dağıtmaq əslində Avropa dövlətlərinin işi idi və onun da mərkəzində Fransa dayanırdı". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, Fransa XIX əsrin ikinci yarısından başlayaraq erməniləri, Osmanlı İmperiyasının tərkibində yaşayan qeyri-müsəlman xalqlarını müxtəlif vasitələrlə qızışdırırdılar, şirnikləndirirdilər ki, öz dövlətlərinə qarşı çıxsınlar: "Onlara vəd verilmişdi ki, Osmanlı İmperiyası dağılacaq və Türkiyə ərazisində sizə biz dövlət quracayıq. Ermənilər də bunların fitvasına getdilər və XIX əsrin axırlarından başlayaraq qətliamlar, ölkədaxili qiyamlar törətdilər. Xüsusən Şərqi Anadolu bölgəsində yaşayan müsəlman əhali olan kürdlərə və yerli türklərə qarşı terror hadisələri törətdilər. Bütün bunların əsasında I Dünya Müharibəsində ermənilər öz dövlətinə xəyanət edərək Rusiyanın tərəfinə keçdilər. Bunun qarşısını almaq üçün də Osmanlı dövləti müvafiq tədbirlər gördü və o ərazidə yaşayan kompakt ermənilərin bir hissəsini İmperiyanın cənub hissəsinə köçürdü. Təbii ki, bu köçürmələr zamanı ölüm-itim və faciələr də oldu. Beləcə Fransa ermənilərə vəd etdiyi dövləti orada yarada bilmədi. 1915-ci il hadisələrindən sonra toplumun bir hissəsi Fransa köçdü getdi. Bu gün Fransada təxminən bir milyona yaxın erməni yaşayır. Fransa ənənəvi olaraq ermənilərə bu dəstəyi göstərib. Burada həm xristian, həm də türk düşmənçiliyi var. Buna görə də məqam düşdü-düşmədi onlar Türkiyəni arxadan vurmaq, ermənilərə müəyyən dəstək göstərmək və haradasa müsəlman-türk dövlətinin güclənməsini arzu etməmək və buna da istənilən müqaviməti göstərmək hissləri özünü göstərir.

Hələ 2001-ci ildə Fransa senatı qondarma “erməni soyqırımının” tanınması haqqında, eləcə də başqa bir qanun qəbul etdi. Bu qanun “erməni soyqırımını” tanımamağa görə cəza qanunu idi. Hətta belə bir qanun Ermənistanın özündə yoxdur. Həmçinin dünyanın heç bir yerində Allahı tanımamağa görə cəza qanunu yoxdur. Ondan sonrakı dövrlərdə də Fransada prezident və parlament seçkilərində ermənilərin kompakt yerləşdiyi bölgələrdən xüsusilə Marsel şəhəri və onun ətrafındakı bölgələrdən səs almaqdan ötrü bunlar ermənilərə müxtəlif vədlər verirlər. Həmin vədlərdən biri qondarma “erməni soyqırımının” Ermənistanla bərabər Fransada da qeyd olunması idi. Amma bunlar bunu qeyd edərkən nəyəsə görə Əl-Cəzairdəki yerli ərəblərin soyqırımını unudurlar. Beləki vaxtilə ermənilərdən də çox yerli ərəbləri bunlar soyqırıma uğratmışdılar və genosid törətmişdilər. Ona görə də hesab edirəm ki, qondarma “erməni soyqırımının” tanınması Fransa tərəfindən ilk cəhd deyil. Türkiyə-Fransa münasibətlərinin də pozulmasında, gərginləşməsində Makronun uğursuz, uzaqgörən olmayan siyasətinin “əhəmiyyəti” olacaqdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə