"Gənclər cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilir" RƏYLƏR
Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Azərbaycan fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər dövlətin və cənab Prezidentin onlara göstərdiyi diqqət və qayğını SİA-ya açıqlamasında belə ifadə ediblər:

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Bu diqqəti simvolizə edən 2 fevral – Gənclər Günü xüsusi təntənə ilə qeyd olunur. İstər region, istər qeyri-hökumət təşkilatları, eləcə də gənclərlə işləyən qurumlar artıq bu günlə bağlı silsilə tədbirlər keçirməyə başlayıblar. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərirlər. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlayıb. Bu da mühüm əlamətdir.
Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər dövlətimizin, uyğun olaraq fəaliyyət göstərən nazirliklərimizin əməyi ilə yanaşı, könüllülük qrupunun dəstəyi ilə də ərsəyə gəlir. İdarəetmə prinsipindən könüllülük prinsipinə gəlib çıxıb. Bu da ondan xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası özünü doğruldur. Bizim arxamızda güclü Azərbaycan dövləti dayanır. Belə olduqda, təbii ki, biz gənclərin də üzərinə böyük məsuliyyət düşür”.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Şahin İsmayılov: “Azərbaycanda çox uğurlu gənclər siyasəti modeli mövcuddur. Təbii ki bu siyasətin əsası Ulu Öndər tərəfindən qoyulub və Azərbaycan Prezidenti İlham Əliyev də hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərir. İstər regionlara səfəri, istərsə də ölkədə keçirilən yerli və beynəlxalq tədbirlərdə hər zaman gənclər mövzusu aktual olaraq qalmaqdadır.
Azərbaycanda gənclər siyasətinin müasir müstəqillik tariximizlə yaşıd olduğunu deyən deputat söyləyib ki, bu sahəyə hər zaman diqqət göstərilib, institsional olaraq gənclər siyasəti bir sıra dövlət qurumları vasitəsilə həyata keçirilir: “Təbii ki burada əsas və birbaşa icraedici qurum olan Gənclər və İdman Nazirliyidir. Bundan başqa Prezident Administrasiyasının müvafiq şöbəsi, Gənclər Fondu, Milli Məclisin Gənclər və idman komitəsi gənclərlə işləyəcək bütün infrastruktur mövcuddur. Bura eyni zamanda regionlarda olan Gənclər Mərkəzləri, Olimpiya kompleksləri və digərləri daxildir”.
Deputat söyləyib ki, ölkəmizdə gənclər üçün yaradılan bütün imkanlar Azərbaycanda gənclər siyasətinin digər sahələrdə olduğu kimi dövlət başçısının birbaşa nəzarətində, diqqətindədir və bu sistemli xarakter daşıyır. Hər il gənclərlə bağlı yeni dövlət proqramları, layihələrin həyata keçirilir ki, buna misal olaraq 2005-2009, 2011-2015, 2017-2021-ci illəri əhatə edən Dövlət Proqramları, Azərbaycan gənclərinin İnkişaf strategiyasını və digərlərini misal gətirə bilərik”.
Ölkəmizdə 300-dən çox gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının olduğunu deyən Ş. İsmayılov qeyd edib ki, könüllülük hərəkatında gənclərin sayı xüsusi payı var: “Könüllülük hərəkatı Azərbaycanda yeni mərhələyə qədəm qoyub. Biz bu gün gənclərlə bağlı əsaslandırılmış faktlara söykənən bir sıra faktlar haqqında danışa bilərik. Azərbaycan gənci dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Onların xaricdə təhsilindən tutmuş fərdi inkişaflarına qədər bir sıra dövlət qurumları və fondlar tərəfindən dəstək göstərilir. Sadəcə olaraq gənclərimiz maksimum təşəbbüskar olub, öz üzərilərində çalışmalıdırlar”.
Azərbaycan gənclərinin kifayət qədər aktiv, yenilikçi olduğunu deyən komitə üzvü qeyd edib ki, ölkə gəncləri dövlətimizi beynəlxalq arenalarda kifayət qədər təmsil etməyi bacarırlar: “Azərbaycan gənci anlayışı bu gün ən yaxşı nöqtəsindədir. Bu anlayışa baxdıqda, gənclərimizin kifayət qədər ağıllı, savadlı, müasir dünyanın çağırışlarına cavab verəcək şəkildə ölkəmizi təmsil edirlər. Təbii ki, bu da birbaşa ölkədə həyata keçirilən gənclər siyasətinin uğurudur”.
Ş.İsmayılov vurğulayıb ki, ölkəmizin bu sahədə digər uğuru gənclər siyasətinin dünyada model kimi qəbul olunmasıdır. Gənclər siyasətimiz digər ölkələr tərəfindən öyrənilir, qazanılan uğurlarımız başqa dövlətlər tərəfindən tətbiq edilir”.
Deputat əlavə edib ki, hər il olduğu kimi bu ildə 2 fevral Gənclər günü ərəfəsində həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən tədbirlər həyata keçirilir: “ Bilirsiniz ki, ölkəmizdə gənclər üçün Dövlət Proqramı təsis olunub. Hər il müxtəlif sahələrdə fəaliyyətinə görə fərqlənən gənclərə bu mükafata layiq görülürlər. Bu il də gənclərin müəyyən hissəsi mükafata layiq görüləcəklər. Bu gənclərimiz üçün böyük motivasiyadır və Dövlət başçısının gənclərə göstərdiyi diqqətin göstəricisidir. Bundan əlavə bu günlərdə gənclərlə bağlı hesabat xarakterli, mədəni kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub”.

“İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov: “Azərbaycanın gələcəyinin etibarlı əllərdə olacağına inanırıq. Azərbaycanda gənclər hərəkatının, gənclər təşkilatlarının formalaşması, gənclərlə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir. Biz geniştərkibli layihələrimizi regionlarda keçirir və şahidi oluruq ki, inkişaf çoxdur. İllər əvvəl gənclərlə toplaşıb hansısa fikri, ideyanı müzakirə etmək üçün məkan tapmaqda çətinlik çəkirdiksə, bu gün gənclər çox rahat şəkildə Gənclər evi, Gənclər mərkəzində toplaşa bilirlər. Bu zaman təbii ki, yeni dostluqlar yaranır, yeni ideyalar formalaşır və gənclər daimi olaraq inkişafda olur. Gənclərin asudə vaxtının mənalı və səmərəli təşkili üçün yeni imkanlar yaradılır.
Bizim üçün ölkə olaraq təhsilli, sağlam, intellektual gəncin yetişməsi prioritetdir. Bu, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin dövlət gənclər siyasətində əsas istiqamətlərindən biridir. Gənclərlə bağlı icra olunan dövlət proqramları, qəbul edilmiş qərarlar, sərəncamlar, fərmanlar, inkişaf strategiyaları bunun əyani sübutudur. Bu günün sağlam gənci sabahın sağlam anası, sağlam ruhlu idmançısı olur. İntellektual gənc ölkəmizi beynəlxalq yarışlarda təmsil edir, savadlı gənci isə ölkə həqiqətləri, Azərbaycan tarixini beynəlxalq arenada səsləndirir. Və bütün bu qeyd edilənlərin ana ideyası sağlam ruhlu gəncliyin Azərbaycan bayrağını beynəlxalq sferada dalğalandırması və bir vətəndaş borcunu yerinə yetirməsidir. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.
Gənclərin təhsili üçün ölkədə atılan addımlar göz önündədir. Biz Cocuq Mərcanlıya getdiyimiz zaman məktəblilər üçün yaradılan yüksək şəraiti gördük və bu o deməkdir ki, nəinki paytaxtda, ucqar bölgələrimizdən tutmuş cəbhə bölgəsinə yaxın ərazilərə qədər bu günün məktəblisi üçün yaradılan şərait, gələcəkdə onların sağlam, savadlı gənc kimi yetişməsi ölkə rəhbərinin diqqətindədir.
Gənclər üçün əlverişli mühitin, şəraitin yaradılması üçün atılan addımlar sırasında 2005-2009-cu və 2011-2015-ci, 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarını qeyd edə bilərik. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı Prezidentin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilib, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanıb. Dövlət Proqramının məqsədi isə Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.
Deyiləcək tək söz qalır! Ölkə başçısının gənclərə olan diqqət və qayğısını görən gənclik Cənab Prezidentin etimadını doğrultmağı özünə borc bilməlidir. Azərbaycan gənclərinin uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağına inanırıq. Gənclər Gününüz mübarək, əziz gənclər!”.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov: “Azərbaycanda gənclərə diqqət dövlətin diqqətindədir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndərin diqqət ayırdığı sahə gənclərlə bağlı idi. Gənclər Nazirliyinin yaradılması, Gəncləri Gününün təsis edilməsi, Gənclər Forumunun keçirilməsi buna bariz nümunədir. Sevindirici haldır ki, bu gün də bu siyasət daha innovativ formada Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Gənclər Fondunun yaradılması buna ən bariz nümunədir. Prezident Administrasiyasında Gənclər şöbəsinin yaradılması isə bu siyasətin yeni bir mərhələyə daxil olduğunu göstərir. Yusuf Məmmədəliyevin rəhbərlik etdiyi şöbə Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq dünya standartlarına uyğun şəkildə ölkəmizdə gənclər siyasətini davam etdirməkdədir. Gənclər Fondu son 1 ildə yüzlərlə imkansız gəncin illik təhsil haqqısını ödəyib, onlarla QHT-yə, yüzlərlə fiziki şəxsə layihə verib. Bütün bunlar gənclərin hərtərəfli inkişafına hesablanmış yol xəritəsidir”.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Lalə Mehdiyeva: “Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu siyasət heç şübhəsiz gənclərin inkişafına, onların cəmiyyətdəki rolu istiqamətində mühim addımdır. Ölkə başçısının siyasəti nəticəsində həyata keçirilən sərəncamlar, dövlət proqramları sırf dövlətçiliyimizə sadiq, vətənpərvər, yüksək intellek sahibi, dünyagörüşlü gənclərin yetişməsinə gətirib çıxarır. Dövlət başçısı İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət, onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalaması nəinki gənclərə eyni zamanda xalqımızın bütün təbəqələrinə qarşı qayğının bariz nümunəsidir.
Bu gün Azərbaycanda bir gəncinin uğurlu gələcəyi üçün hər bir şərait vardır. Bu ona əsas verir ki, Azərbaycan gənci nəinki ölkə hüdudlarında, hətta ölkə hüdudlarından kənarda da ölkəmizi təmsil edə bilər və öz fikirlərini azad şəkildə ifadə edə bilər. Buna görə də gənclər onlara verilən bu etimada böyük məsuliyyətlə yanaşmalıdır.
Bildiyiniz kimi bu gün Cənab Prezident İlham Əliyev Gənclər Gününə həsr olunmuş Respublika toplantısında iştirak etmiş və gənclərə öz tövsiyələrini səsləndirmişdir. O çıxışında qeyd etmişdir ki, "Bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycan dövlət müstəqilliyi hər şeydən üstündür. Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır”. Əlbətdə cənab Prezidentin söylədiyi fikirlər gənclər üçün önəmli bir mesajdır və əsl Azərbaycanlı bu dəyərlərə sadiq olmalıdır.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) bugünə kimi hər zaman öz fəaliyyətində dövlət müstəqilliyimizi, milli mənəvi dəyərlərimizi hər zaman üstün tutub. Bundan sonra da bu meyarları əsas tutaraq gənclərin ictimai fəaliyyətinin daha da artması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması, gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam edəcəkdir”.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Müstəqil Azərbaycan Respublikasının gənclər siyasətinin banisi Ümummilli lider Heydər Əliyev bu siyasətin prioritetlərini müəyyən edərkən böyük uzaqgörənliklə ilk pillədə gənclərin vətənpərvər ruhda, xalqa, dövlətə və milli dəyərlərə bağlı olaraq yetişməsini qeyd edirdi və artıq dövlətimizin 25 illik gənclər siyasətində ana xətt kimi bu istiqamət dəyişməz qalır. Əslində bizim gənclər siyasətinin başlıca uğurunu şərtləndirən amil məhz budur. Bu gün Azərbaycan gənclərinin respublika toplantısında ölkə başçımız nitqində də gənclərin müstəqilliyimizin nə qədər dəyərli olmasının fərqində olmalarını bir daha vurğuladı. Bu günkü qloballaşan dünyada müxtəlif güclərin maraqlarının toqquşduğu, siyasi kataklizmlərin gərgin olduğu bir məqamda cənab Prezidentin gənclərə məhz dövlətin və xalqın maraqlarını hər şeydən üstün tutmaqla bağlı tövsiyyəsi olduqca əhəmiyyətlidir. Fikrimcə vaxtilə Ulu öndərin arzuladığı milli ruhlu, müasir biliklərə yiyələnmiş, fiziki cəhətdən sağlam, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan gənclik formalaşmışdır. Bizim gənclərimizin səsi dünyanın ən nüfuzlu ali məktəblərindən, elmi mərkəzlərindən, beynəlxalq təşkilatların yüksək kürsülərindən, idman yarışlarından gəlir. Bugünkü Azərbaycan gənci dedikdə dünyanın ən müasir silahlarından, hərbi texnikasından məharətlə istifadə edən, hər bir qarış torpağımızın uğrunda canını, qanını əsirgəməyən, Aprel döyüşlərində düşməni diz çökdürən qəhrəman əsgərlərimiz göz önünə gəlir. Bugünkü Azərbaycan gənci dedikdə dövlətin yükünün altına çiyinləri duruş gətirəcək monolit bir qüvvə başa düşülür. Məhz bu baxımdan dövlətimiz ümidlidir, arxayındır. Amma, narahatçılıqlar da az deyildir. Müstəqilliyimizi, uğurlarımızı görmək istəməyən, həzm edə bilməyən qüvvələr çoxdur.
Azərbaycan Respublikaının Prezidenti bütün fəaliyyətini milli maraqlarımıza uyğun olaraq, xalqımızın mənafeyini nəzərə alaraq qurur. Bu da əlbətdə müəyyən xarici qüvvələrin maraqlarına, istəklərinə uyğun gəlmir. Biz bütün bunların nəticəsi kimi ölkəmizə qarşı yönəlmiş təzyiqləri, təhdidləri görürük. Əlbətdə ilk növbədə gənclərimiz ayıq-sayıq olmalıdırlar. Gənclər müasir texnologiyaların imkanlarından istifadə edərək informasiya müharibəsində ölkəmizin maraqlarını müdafiə etməlidirlər, müstəqilliyimizin əbədi olması üçün gənclərimiz üzərlərinə düşən böyük məsuliyyətin müqəddəsliyini hər zaman dərk etməlidirlər. Bu baxımdan Cənab Pezidentin bu günkü toplantıda nitqinin tezisləri təkcə orada iştirak edən gənclər üçün deyil, bütövlükdə bütün gənclərimiz üçün fəaliyyət istiqaməti olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB