Azərbaycan gəncliyi sabahına böyük inamla baxır

Azərbaycan gəncliyi sabahına böyük inamla baxır

2 Fevral Azərbaycan Gəncləri Günü münasibəti ilə dövlət başçısının imzaladığı sərəncamlar dövlət-gənclər siyasətinin davamıdır

Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də, hər zaman diqqət mərkəzindədir.
Bu gün Azərbaycan bütün gücü ilə inkişaf edən ölkədir. Onun xarici görkəmini dəyişən tikintilər, günü-gündən güclənən milli ordu, möhkəm və etibarlı siyasət dövlətin gələcəyinə uğurla və inamla addım atmağa şərait yaradır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-gənclər siyasəti, Sovet məkanında yaşadığımız illərə təsadüf edir. Belə ki, Ümummilli Lider Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək istiqamətində məqsədyönlü gənclər siyasətini həyata keçirib. Bu siyasətin davamı olaraq, Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqillik dövründə gənclər siyasətinə önəm verərək, onların təşkilatlanmasına xüsusi diqqət ayırır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin rolunun müstəsnalığı nəzərə alınaraq, vahid gənclər siyasəti hazırlanıb, həyata keçirildi. Ümummilli Lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk Ümumrespublika Forumunun keçirilməsi, dövlət proqramlarının qəbulu, "Dövlət-gənclər siyasəti haqqında" Fərman və geniş Fəaliyyət Proqramının təsdiq edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə böyük qayğısı idi. 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi. Bütün bunlar gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratmaqla yanaşı, dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldilməsi baxımından da olduqca əhəmiyyətli idi.

GƏNCLƏR SİYASƏTİ MAHİYYƏT VƏ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏSİNİ YAŞAYIR

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir.
Dövlət başçısının gənclərin xaricdə təhsil almalarına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar açır. Dövlət Proqramının əsas məqsədi, qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan, builki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Tələbələr, əsasən, Türkiyə, Böyük Britaniya, Rusiya, ABŞ və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük verirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan gəncliyinin savadına, bacarığına və gələcəyinə böyük inam bəsləyir: "... Hər bir insanın gücü, əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır".

"HAQLI OLARAQ GƏNCLƏRİMİZLƏ FƏXR EDƏ BİLƏRİK"

Dünən Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısının keçirilməsi də, elə gənclərə ayrılan diqqətin daha bir təzahürüdür. Toplantıda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında "Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik" deyib. Bildirib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Çıxışında Prezident İlham Əliyev Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək, onlara uğurlar arzulayıb. Dövlət başçısı tərəfindən gənclərə hər zaman diqqət və qayğı ilə yanaşılır. Gənclər Günündə "2019-cu il gənclər üçün Prezident Mükafatlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da dövlət gənclər siyasətini davamıdır. Sərəncama əsasən, mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir neçə şəxsə 2019-cu il gənclər üçün Prezident Mükafatları veriləcək. 2 Fevral Azərbaycan Gənclər Günü münasibəti ilə dövlət-gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə isə bir neçə şəxs dövlət başçısının Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Tərəqqi" medalı ilə, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.
Gənclərə olan diqqətin nəticəsidir ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da, beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. Bu təşkilatların istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır. Hər bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan reallıqlarını dünyaya çatdıran, onun həqiqətlərinə göz yuman insanlara reallıqları təqdim edən, məhz elə gənclərdir.
Bu gün həyata keçirilən siyasət, uğurlu iqtisadi islahatlar və iqtisadiyyatın inkişaf tempi müasir gənclərin düşüncəsinin formalaşmasına birbaşa təsirini göstərir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə, Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə