“İşğal edilmiş ərazilərini geri qaytarmaq üçün Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir”

“İşğal edilmiş ərazilərini geri qaytarmaq üçün Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir”

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Meksikanın nüfuzlu və ingilis dilində ölkədə yeganə çap olunan "The News" qəzetinə müsahibə verib. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, sözügedən müsahibə 2010-cu ilin 31 dekabr tarixində "The News" qəzetində "Azərbaycan Meksikanı vacib tərəfdaş kimi dəyərləndirir" başlıqlı geniş məqalə ilə dərc edilib. Müsahibədə Azərbaycanın Latın Amerikası regionu ilə münasibətlərin genişləndirilməsində maraqlı olduğu, Azərbaycanın region ölkələrində yeni diplomatik nümayəndəliklərinin açıldığı qeyd edilir, o cümlədən Meksika ilə həm çoxtərəfli, həm də müqavilə-hüquq bazasının inkişaf etdirilməsi ilə ikitərəfli ticarət-iqtisadi əlaqələri, xüsusən də enerji sektorunda əməkdaşlıq perspektivlərindən bəhs edilir.

Müsahibə zamanı E.Məmmədyarov, həmçinin Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edildiyi, Xocalı faciəsi və Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin BMT və dünya ictimaiyyətinə çatdırılması üçün aparılan hüquqi proseslər və münaqişənin həlli istiqamətində davam edən danışıqlar haqda da "The News" qəzetini geniş məlumatlandırıb.

Münaqişənin diplomatik vasitələrlə həll edilməsi üçün imkanların hələki tükənmədiyini qeyd edən nazir E.Məmmədyarov bildirib ki, Azərbaycanın 20 faiz ərazilərinin işğalı faktı BMT tərəfindən qəbul edildiyinə baxmayaraq, qlobal siyasətdə bəzən ikili standartlar mövcuddur və məhz bu səbəbdən də beynəlxalq hüquq çərçivəsində, o cümlədən BMT-nin Əsasnaməsinə uyğun olaraq işğal edilmiş ərazilərini geri qaytarmaq üçün Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edəcəyini istisna etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə