"Bakı dünya problemlərinin müzakirəsi üçün dialoq platformasına çevrilib" RƏY-ÖZƏL
“ABŞ, eləcə də NATO və Rusiya generallarının Bakıda görüşmələrinin əsas səbəbləri Azərbaycan prezidentinin dünyadakı nüfuzu, beynəlxalq hüququn prinsip və təhlükəsizlik mexanizmlərinin qorunmasının tərəfdarı kimi çıxış etməsi və bu müstəvidə mütəmadi olaraq çox önəmli mesajlar verməsi, ölkəmizin hərbi bloklara qoşulmaması, ayrı-ayrı güc mərkəzlərinə münasibətdə öz neytrallığını qoruyub saxlaması, etibarlı tərəfdaş olması, ölkəmizdəki təhlükəsizlik və sabitlik amilidir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, artıq “Nə üçün Bakı" sualına heç kim cavab axtarmır: “Çünki Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmaq üçün çox çətin mərhələlərdən, kataklizmlərdən keçib.
Regional miqyaslı təsirlərdən dünya miqyaslı, kütləvi tədbirlərin təşkilinədək çox önəmli mərhələləri uğurla adlayıb. Bakı bütün kriteriyalarına görə dünyanın iki nəhəng güc mərkəzinin hərbi rəhbərlərinin bir araya gəlməsi, nəinki konkret regionun, bütövlükdə dünyanın problemlərinin müzakirə edilməsi üçün əlverişli, təhlükəsiz dialoq platformasına çevrilib”.
Ümumilikdə görüşün Azərbaycan üçün siyasi əhəmiyyətə malik olduğunu deyən E. Mirzəbəyli söyləyib ki, görüş növbəti dəfə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki önəmli rolunun dünyanın iki əsas güc mərkəzi tərəfindən qəbul olunması və bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ilə bağlıdır: “Görüş NATO üzvü olan ölkələr və Rusiya, bütövlükdə dünya üçün də mühüm hərbi və siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüşdə müzakirə olunan məsələlər bəşəriyyəti narahat edən məsələlərdir”.
Qeyd edək ki, dekabrın 12-də Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında görüş keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB