İğdır Universitetində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasına qarşı etiraz bildirilib

İğdır Universitetində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasına qarşı etiraz bildirilib

Türkiyənin İğdır Universitetində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasına qarşı etiraz bildirilib.

SİA-nın xəbərinə görə, Türkiyənin Təhsil İşçiləri Həmkarlar Təşkilatının İğdır şöbəsinin müdiri Zəkəriyyə Düşüncəli İğdır Universitetinin ədəbiyyat fakültəsində erməni dili və ədəbiyyatı fakültəsinin açılmasının doğru addım olmadığını qeyd edib. Z.Düşüncəli İğdır Universitetinin rektoru İbrahim Hakkının bununla bağlı fikirlərini təəccüb və təəssüflə qarşıladıqlarını vurğulayıb. O, universitetin dost və qardaş Azərbaycanın universitetləri ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq etməsinin daha vacib olduğunu ifadə edib.

Z.Düşüncəli İğdır Universitetinin rektoru İbrahim Hakkıya müraciətlə deyib: "Bilirik ki, bu günə qədər sizin rektor olduğunuz müddətdə Azərbaycan və digər türk dövlətlərinin universitetləri ilə belə bir əməkdaşlıq edilməyib. Bu gün Ermənistan kimi tanınan dövlətin torpaqlarının keçmişdə türk torpaqları olduğu həqiqətdir. İğdırda oradan zorla köçürülmüş bir çox insan yaşayır. Bölgənin türk mədəniyyəti izlərini ortaya çıxarmaq üçün Türk Mədəniyyətini Araşdırma Mərkəzi qurmağınızı istərdik".

Qeyd edək ki, üç həftə əvvəl rektor İbrahim Hakkı İğdır Universitetində Erməni dili və ədəbiyyatı fakültəsinin açılmasını planlaşdırdıqlarını bildirib. O, bunun üçün hətta Ermənistandan müəllim gətirilməsinin mümkünlüyündən də danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə