"Məqsədimiz yüksək biliklərə malik mütəxəssis yetişdirməkdir" ÖZƏL-MÜSAHİBƏ-SƏS TV

"Məqsədimiz yüksək biliklərə malik mütəxəssis yetişdirməkdir" ÖZƏL-MÜSAHİBƏ-SƏS TV

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun SƏS TV-yə müsahibəsi:

- Ceyhun müəllim, Azərbaycan İlahiyyat İnstitutu nə vaxtdan fəaliyyətə başlayıb və qarşısında qoyduğu məqsəd nədən ibarətdir?

- Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. Sərəncamda da qeyd olunduğu kimi Aİİ-nin yaradılmasında iki əsas məqsəd var. Onlardan biri Azərbaycanda tarixən mövcud olan dini, mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda dini fəaliyyət sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsidir. Bildiyiniz kimi Azərbaycanda tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri yaşayıb. Bu gün Azərbaycanda dinlərarasında münasibət çox yüksək səviyyədədir. Bu ənənəni qorumaq bir vəzifə kimi bizim qarşımızda durur. Eyni zamanda da dini fəaliyyət sahəsində gələcəkdə fəaliyyət göstərəcək mütəxəssislərin yetişdirilməsidir. Bu məqsədlə Aİİ-də iki ixtisas yaradılıb. Onlardan biri dinşünas, digəri isə islamşünasdır. İslamşünaslar sırf islam üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Dinşünaslar üçün isə təkcə islamla bağlı yox, eyni zamanda digər dinləri öyrənən ixtisaslara kimi nəzərdə tutulub.

- Aİİ hansı maarifləndirmə tədbirlərini həyata keçirib?

- Ümumiyyətlə Aİİ yarandığı gündən qarşısında bir neçə məqsəd qoyub. Həmin məqsədlərdən biri yüksək tədrisin təşkil olunmasıdır ki, artıq bu istiqamətdə biz xeyli iş görmüşük. İkinci məqsəd isə İnstitutun eyni zamanda bir tədqiqat müəssisəsi kimi fəaliyyət göstərməsidir. Təbii ki, bununla bağlı da artıq bizdə işlər gedir. Üçüncü vacib sahə isə maarifləndirmədir. Bu gün ən həssas sahələrdən biri dini maarifləndirmə sayılır. Bu istiqamətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər qurumlar müxtəlif tədbirlər həyata keçirirlər. Biz fəaliyyətə başlayanda bu sahəni bir daha təhlil etdik. Ümumi vəziyyət onu göstərir ki, insanların bu sahədə maariflənməsinə çox böyük ehtiyac var. Bəzən din insanlara yalnış çatdırılır, bəzən isə insanlar kifayət qədər məlumatlı olmurlar. O baxımdan bəzi radikal və qeyri-ənənəvi təriqətlər insanları öz sıralarına cəlb etməyə çalışırlar. Artıq bu sahədə bizim İnstitut bir sıra layihələrə başlayıb. Yarandığımız gündən bu günə kimi biz təxminən 100-ə yaxın bu cür müxtəlif tədbirlər keçirmişik. Eləcə də hər həftə bir neçə müxtəlif mövzularda seminarlar, treninqlər keçirilir. Burada dini maarifləndirmə işinə xüsusi önəm verilir. Eyni zamanda müxtəlif dinlərin ehkamları prinsipləri barədə də insanlara geniş məlumat verilir. Biz bununla bağlı davamlı olaraq elanlar veririk. Bu ancaq Aİİ-nin tələbələri üçün deyil, digər təhsil müəssisələrinin tələbələri, eyni zamanda ictimaiyyət üçün də açıq tədbirlərdir.

- Aİİ hansı xarici ölkələrin universitetləri ilə əməkdaşlıq həyata keçirib və sazişlər imzalayıb?

- Aİİ yeni yaranıb amma yeni yaranmasına baxmayaraq bu gün bizim qarşımızda duran ən əsas hədəflərdən biri beynəlxalq təcrübəni öyrənməkdir. Biz islamşünaslıq və dinşünaslıqla bağlı ixtisasların standartlarını hazırlayarkən beynəlxalq təcrübəni öyrəndik. Biz Avropanın, Amerikanın, xüsusilə beynəlxalq təhsil müəssisələrinin (Oxford, Kembric), eyni zamanda Orta Asiyada müəyyən dini təhsil müəssisələrinin, Türkiyənin, Ərəb ölkələrinin və s. bütün bunların hamısının təcrübəsini öyrəndik və standartları hazırlanarkən bu məsələləri nəzərdən keçirdik. Ümumiyyətlə biz bir çox ölkələrin bu sahədə geniş təcrübəsini nəzərə alaraq əməkdaşlığa başlamışıq. Artıq bir sıra ölkələrlə danışıqlar gedir və bir sıra ölkələrin səfirləri Aİİ-də olub. Bunlara misal olaraq İtaliyanın, Türkiyənin, Sudanın, Fələstinin eyni zamanda digər müsəlman ölkələrin səfirlərini göstərə bilərik. Hazırda biz Türkiyənin, Ərəb ölkələrinin, Rusiyanın, Avropanın bir sıra universitetləri ilə danışıqlar aparırıq və gözləyirik ki, yaxın vaxtlarda biz onlarla müəyyən sənədlərin imzalanmasına başlayacayıq.

Qeyd edim ki, bir neçə gün əvvəl mən Rusiyanın Perm şəhərində bir konfransda iştirak etdim. Biz orada Moskvanın İslam İnstitutu ilə danışıqlar apardıq. Yaxın vaxtlarda qarşılıqlı səfərlər nəzərdə tutulur. Eyni zamanda yaxın günlərdə Aİİ-nin əməkdaşlarının Türkiyəyə, digər müsəlman ölkələrinə səfərləri nəzərdə tutulur. Artıq biz müəyyən ölkələrin Rusiyanın, Türkiyənin bəzi universitetlərindən protokol, memorandum layihələrini almışıq və onların üzərində iş gedir. Biz yaxın aylarda onların imzalanmasını həyata keçirəcəyik.

- Bəzi qruplar var ki, onlar din pərdəsi altında gəncləri özlərinə aludə edərək, öz çirkin məqsədlərinə yönəldirlər. Sizin buna münasibətini necədir?

- Ümumiyyətlə İnstitutun əsas məqsədi şəxsiyyət yetişdirməkdir. Bu elə bir şəxsiyyət olmalıdır ki, onun həm dərin dini, dünyəvi bilikləri olmalıdır, həm də yüksək intellekti, zəngin dünyagörüşü olmalıdır. Beləcə İnstitutu bitirən şəxs artıq sadaladığımız xüsusiyyətləri ilə seçilməlidir. Bu gün dünyada bu proses çox sürətlə gedir. Biz analiz etdikdə görürük ki, bir sıra müsəlman ölkələrində din amili çox məharətlə istifadə olunur. Biz Suriyada, İraqda və digər müsəlman ölkələrində qarşıdurmaları zaman-zaman müşahidə edirik. Bu gün sosial şəbəkələrdən çox aktiv şəkildə istifadə olunur və gəncləri bu sahələrə cəlb etməyə çalışırlar. Bu gün biz öz fəaliyyətimizdə də işimizi elə qururuq ki, davamlı olaraq tələbələrlə ünsiyyətdə oluruq, onlarla görüşlər keçiririk, qayğıları ilə maraqlanırıq və davamlı olaraq onlarla izahat işləri aparırıq. Çünki bu gün çox güclü informasiya axını var və onun da gənclərə təsir imkanları mövcuddur. Bu baxımdan da davamlı olaraq onlarla ünsiyyətdə olmaq, maarifləndirmə tədbirlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.

Xüsusi olaraq vurğulamaq istərdim ki, bu cür gəncləri bir çox hallarda dini onlara yalnış çatdırmaqla bu yola sövq edirlər. Artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə bir neçə film hazırlayıb. Bu gün də Aİİ-də DQİDK-nın yeni hazırladığı “Vəhdət” filminin nümayişi olacaq. Biz onunla bağlı bu gün geniş tədbir keçirəcəyik. Biz davamlı olaraq tələbələri Azərbaycanın müxtəlif bölgələrinə səfərlərə aparırıq. Onların sırf azərbaycançılıq, Vətən sevgisi ruhunda böyüməsi üçün gərəkən bütün işləri görürük. Eyni zamanda biz 9 noyabr Bayraq Günündə tələbələrimizi Cocuq Mərcanlıya apardıq. Burada əsas hədəflərdən biri tələbələrin milli, vətənpərvər, dövlətə bağlı ruhda böyüməsidir. Biz həmişə deyirik ki, gənclər gələcəyin idarəçisidirlər. Ona görə də onlarla sıx işləmək, ünsiyyətdə olmaq bizim üçün çox vacibdir.

- Son olaraq Azərbaycan İlahiyyat İnstitutu ilə Media arasında əlaqələr hansı formada qurulub və əməkdaşlıq necə aparılır?

- Ümumiyyətlə Aİİ yarandığı gündən media ilə şəffaf və açıq münasibətlərə çox böyük önəm veririk. Bizim gördüyümüz işlərin hamısı davamlı olaraq mediada, müxtəlif mətbuat orqanlarında işıqlandırılır. Həmçinin biz müasir dövrün nailiyyətlərindən də bəhrələnirik və bütün fəaliyyətimizi sosial şəbəkələrdə - “facebook”da, “intagram”da və digər şəbəkələrdə işıqlandırmağa çalışırıq. Bundan əlavə ötən ay mətbuatın tanınmış nümayəndələri Aİİ-də oldu. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev burada oldular. Biz hesab edirik ki, bu gün bizim uğurumuz eyni zamanda bilavasitə fəaliyyətimizin mediada işıqlandırılması ilə bağlıdır. Təbii ki, bu istiqamətdə də biz bütün fəaliyyətimizi çalışırıq ki, mətbuatda, sosial şəbəkələrdə yayaq. Yeri gəlmişkən qeyd edim ki, bizim İnstitutun fəaliyyətini ən aktiv və ən çox işıqlandıran qurumlardan biri də “Səs” İnformasiya Agentliyidir. Agentlik bizimlə sıx əməkdaşlıq edir. Biz bu gün də mətbuatla əməkdaşlığa böyük önəm veririk. Çünki mətbuatın rolu çox böyükdür. Bu gün sosial şəbəkələr müəyyən mənada mətbuatı bəzən sıxışdırır, bəzən orada geniş şəkildə məlumatlar gedir və təbliğatlar aparılır. Bu baxımdan da fəaliyyətin mətbuatda işıqlandırılması, görülən işlərin orada əksini tapması bizim üçün çox böyük əhəmiyyət daşıyır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə