Elnur Aslanov: "Ermənistan bunu nəzərə almalıdır ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün başqa yollara da əl ata bilər" - AÇIQLAMA
Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı söylədiyi fikirlər önəmlidir, ancaq bu, artıq yetərli deyil. SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.
Onun sözlərinə görə, artıq real addımlar atmaq, siyasi iradə ortalığa qoymaq lazımdır və beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün konkret addımlar atmalıdırlar: "Beynəlxalq təşkilatlar işğalçının əzəli Azərbaycan torpaqlarından azad edilməsindən konkret addımlar ortaya qoymalıdır. Bu gün Azərbaycan regionun ən sabit, iqtisadi və hərbi cəhətdən ən inkişaf etmiş dövlətidir. Ermənistan bunu nəzərə almalıdır ki, Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün başqa yollara da əl ata bilər. Hamı bilməlidir ki, Azərbaycan öz ərazilərinin işğal altında qalması ilə razılaşmayacaq".
BMT-nin qətnamələrinin və digər beynəlxalq təşkilatların sənədlərinin həyata keçirilmədiyi halda Azərbaycanın digər variantlara da əl ata biləcəyini deyən PA rəsmisi qeyd edib ki, müxtəlif təşkilatlar münaqişəni dondurulmuş adlandırsalar da, bu, atəşkəs razılığının əldə olunduğu münaqişədir: "Azərbaycan Ermənistan arasında münaqişə davam edir. Müharibənin aktıv fazası mövcud deyil. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Müharibə davam edir. Müharibədə Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər münaqişə davam edəcəkdir. İstər siyasi, istər iqtisadi, istər informasiya məkanında".
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycan təkcə siyasi cəhətdən ən sabit, iqtisadi cəhətdən ən inkişaf edən dövlət deyil, eyni zamanda, hərbi cəhətdən də regionun ən öndə gedən dövlətidir: "Qonşu dövlət bunu nəzərə almalıdır və bu fikri daim göz önündə saxlamalıdır ki, Azərbaycan öz əzəli torpaqlarını azad etmək üçün müxtəlif variantlara əl ata bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB