Maskalar cırılır
Avropada yaşayan siyasi mühacirlər Məhəmməd Mirzəli və Tural Sadıqlı bir-birini ifşa etməsi gözlənilən idi. Vətən təəssübkeşliyindən dəm vuran dırnaqarası vətənpərvərlərin simasının, daha doğrusu simasızlığının üzə çıxmasında qeyri-adi heç nə yoxdur. Qeyri-adi olan isə bir satqının digərini satqınlıqda qınaması, günahlandırmasıdır. Necə deyərlər, kor kora kor deməsə bağrı partlar.
İctimaiyyətə bəlli idi ki, bu mühacirləri birləşdirən heç də demokratiya, azadlıq, insan haqları, xalq-millət təəssübkeşliyi kimi ali məqamlar deyil və yalnız vətənə xəyanət müqabilində aldıqları paya görə bir araya gəlirdilər. İndi pay bölgüsündə yaranan narazılıq məsələnin tam çılpaq şəkildə üzə çıxmasına şərait yaradıb və bir-birlərini rüsvay etmələri də onlara məxsus reallıqlardır. Qarşılarına Azərbaycan dövləti əleyhinə kampaniya aparmaq tapşırığı qoyulanlar və bunun müqabilində maddi vəsaitlərlə satqınlığa sövq edilənlər pul ala bilməyəndə simasızlıqlarını ortaya qoymaqdan, ictimailəşdirməkdən belə çəkinmirlərsə bu rüsvayçılıqdır. Adı da mühacir rüsvayçılığı.
Vətən əleyhinə fəaliyyət göstərirlərsə, onların bir adı var, xain, özü də vətən xaini
"Made in Azerbaijan" səhifəsinin admini Mirzəli Məhəmməd Sadıqlı Turalı aldığı puldan, qrantdan ona vermədiyinə görə rüsvay etmək qərarına gəlib və bunu sosial şəbəkələr vasitəsilə ictimailəşdirməyə başlayıb. Əslində isə təkcə Turalın yox, bütövlükdə siyasi mühacirlərin çox acınacaqlı, rüsvayçı vəziyyətlərini ifşa edib. İfşa edib və bununla da təsdiq edib ki, bəli, siyasi mühacir Azərbaycan əleyhinə çalışan, düşmən mövqedə olan qüvvələrin vəsaitləri müqabilində öz xalqını, ölkəsini, vətənini satır. Ən gülünc olan məqam isə ondan ibarətdir ki, Tural öz “əqidədaşına” aldığı puldan vermədiyi üçün Məhəmməd ona qarşı çıxıb və onu ittiham etməyə başlayıb. Belə çıxır ki, Sadıxlı vətənə xəyanət müqabilində aldıqlarından ona da versəydi, yaxud “ədalətli bölgü” apasaydı heç də ittihama layiq hesab olunmazdı.
Görəsən bu Mirzəlilər dərk etmirlərmi ki, məsələnin mahiyyəti pulun bölgüsündə yox, xəyanətin etirafındadır? Dərk etmirlərmi ki, Məhəmməd, Tural, yaxud Orduxan və ya başqası, kim olur-olsun, pulu “ədalətlə” bölüb-bölməməsindən asılı olmayaraq, vətən əleyhinə fəaliyyət göstərirlərsə, onların bir adı var, xain. Özü də vətən xaini. Orduxan, Məhəmməd və Tural üçlüyünün timsalında siyasi mühacir öz vətənini satırsa, əvəzində pul alırsa, almırsa, aldığını bölüşdürürsə, yaxud bölüşdürmürsə belə bu xəyanətdir və onlar bunun fərqindədirlərmi?
Dostunu, yoldaşını göstər, sənin kim olduğunu deyim aforizmi Tural və Məhəmmədin timsalında əcəb yerinə düşür
Digər bir maraqlı məqam da odur ki, Mirzəli əqidədaşı Turalın qardaşının narkotiklə bağlı həbsi barədə də məlumat verir. Hətta onun Bakıdakı fəaliyyəti barədə danışmaqla onu təhdid də edir. Hədə-qorxu gəlir ki, bu barədə danışsa Tural Sadıqlı batar. Bununla ürəyi soyumayan Məhəmməd Turalın Almaniyada etdiklərini də ona xatırladaraq bunu sonrakı mərhələyə saxlamaqla ona meydan oxuyur.
Doğrudur, Tural Sadıqlının kim olduğu, nə yuvanın quşu olduğu bəllidir. Övladına sahib çıxmayan, ailəsinin dağılmasına, bir insanın isə ölümünə səbəb olan "ədalət çarcısı" barədə, onun kimliyi haqda uzun-uzadı danışmağa da dəyməz. Sadıqlı tərəfindən dəfələrlə döyüldüyü və xəstəxanaya düşdüyü səbəbdən 4 aylıq hamilə olmasına rağmən boşanmaq məcburiyyətində qalan qadına laqeyidlik nümayiş etdirən mühacirin vətən qayğıkeşliyi çox absurd səslənir və kimliyi də bəlli olur.
Maraqlıdır, Məhəmməd bütün bunları Tural ona puldan pay ayırmadığı zaman xəbərdar olub, yoxsa, elə o zaman ağlı başına gəlib. Axı bütün bunları, Turalın nə mal olduğunu o əvvəlcədən də bilirdi. Sual oluna bilər, ay Mirzəli Məhəmməd, bu Tural belə yaramazın, yararsızın və sair biri idisə, bəs niyə onunla belə dosluq, yoldaşlıq edirdin? Əgər, bir insanın Bakıdakı fəaliyyəti onun “batması” üçün kifayət edirdisə, bəs niyə onunla, yəni batmaq təhlükəsində olan biri ilə əqidə yoldaşlığı, əqidədaşlıq edirdin? Yox əgər sən bunu bilə-bilə yoldaşlıq, əqidədaşlıq qərarına gəlmişdinsə, sənin ondan fərqin nədir? Dostunu, yoldaşını göstər, sənin kim olduğunu deyim aforizmi Tural və Məhəmmədin timsalında əcəb yerinə düşür.
Ağası gülüm olanın başına külüm olar
Pul müqabilində Vətəninə, xalqına, dövlətinə, millətinə qarşı çıxan bu dəstə üzvləri özbaşına hərəkət etmədikləri artıq özləri tərəfindən etiraf edilir. Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələrin, xüsusən də erməni diaspor təşkilatlarının, həmçinin ölkəmizə siyasi təzyiq göstərmək istəyən dövlətlərin əlində maşa rolunu oynadıqlarını özləri belə danmırlar.
Küçə səviyyəsində, təhqirlərlə dolu statuslar yazmaqla, sosial şəbəkədə özlərini "mübariz” hesab edənlərin, cəmiyyətimizə "qəhrəman”, "müxalifətçi” kimi sırınmaq istəyənlərin əqidəsinin, prinsipinin, marağının yalnız pul olduğu artıq heç kimə sirr deyil. "İaşə müxalifəti”nin mərkəzində yer alan iki mühacir gəncin bir-birinin ünvanına qarşılıqlı ittihamlar səsləndirməsinin fonunda bütün həqiqətlər və məsələnin iç üzü, xəyanət motivləri gün kimi aydın olur.
Məhəmməd Mirzəli əqidədaşı, daha doğrusu əqidəsiz daşı Tural Sadıqlı haqda sosial şəbəkədə “sən "xalqın layihəsini də qrant” üçün etdin” deyirsə, bu həmin mühacirlərin kimliyi və nə əqidəyə qulluq etdikləri haqda qənaətə gəlmək üçün yetərlidir. Avropada söyüş kampaniyasına start verənlərin bunu Vətəni sevdiklərinə görə yox, ağalarından aldıqları qrantlara görə etdikləri yuxarıda qeyd etdiyimiz faktdan sonra öz təsdiqini tapır. Xalqın layihəsi adı altında pullara göz dikənlərin ərbablarının büdcəsinə göz dikməsi zərrə qədər şübhə doğura bilməz.
Ərbablar da kim ola bilər, Azərbaycanın düşmənlərindən başqa? Ölkəmizin uğurlarını gözü götürməyənlərdən başqa bu satqınları muzdlu xəyanətkara çevirən kim ola bilər? Maliyyə mənbələrinin ermənipərəst qüvvələrdən tutmuş, erməni lobbisinə qədər bu sifarişçilər içərisində olmadığına kim zəmanət verə bilər?
Düşmənlərimizin maliyyələşdirdiyi “küçə qəhrəmanları” elə əvvəldən, bu düşmən qüvvələrin toruna düşdüyü zaman özlərini gülünc, rüsvayçı günə qoymuşdular və bu gün o rüsvayçılıq tam çılpaqlığı ilə ictimailəşdirilir. Xəyanətkarın, düşmənə satılanın axırı nə ola bilər? “Ağası gülüm olanın başına külüm olar” aforizminin də indi əcəb yeri var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB