Yeni Azərbaycan Partiyası daim yeniləşən və inkişaf edən partiyadır

Yeni Azərbaycan Partiyası daim yeniləşən və inkişaf edən partiyadır

YAP Binəqədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirib

Bu gün YAP Binəqədi rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdən öncə, iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Tədbir Yeni Azərbaycan Partiyasının və rayon təşkilatının fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlanıb.

Tədbirdə giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd edib ki, YAP-ın yaradılması müstəqil Azərbaycan tarixində mühüm bir hadisədir. Ulu Öndərimiz Heydər Əliyev qüdrətinin məhsulu olan YAP-ın yaradılması tarixi zərurət idi. R.Göyüşov bildirib ki, YAP-ın qələbələrinin kökündə Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları, Onun tərəfindən müəyyənləşdirilmiş strateji xətt, inkişaf strategiyası dayanır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib ki, Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan YAP-ın möhtəşəmliyinin bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır: "Çünki Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual strateji proqramında ana xətti təşkil edir".

Millət vəkili Kamaləddin Qafarov çıxışında ötən 15 ilə yaxın bir müddət ərzində, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə əldə edilmiş uğurlara nəzər salıb. Millət vəkili bildirib ki, dövlət başçısının müəllifliyi və rəhbərliyi ilə ölkəmiz irimiqyaslı beynəlxalq layihələrə uğurla imza atıb.

YAP-ın Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bildirib ki, dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni

Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir: "Bu gün 725 mindən artıq insanı sıralarında birləşdirən partiya, dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 26 illik tarixini qələbələr və uğurlarla zənginləşdirir".

Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev tədbirdə çıxış edərək, diqqətə çatdırıb ki, Ümummilli Liderimiz Heydər Əliyevin zəkasının məhsulu olan Yeni Azərbaycan Partiyasının yaradılması müasir müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi kimi yadda qaldı: "İndi hər kəsə aydındır ki, o zaman bu partiya yaranmasaydı, Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi, yəqin ki, ölkəmiz indiki kimi olmayacaqdı. 26 ildir ki, Yeni Azərbaycan Partiyası inkişaf yolumuza məşəl tutaraq, ölkəmizi uğurlara aparmaqdadır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasını, Cənab Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla həyata keçirir və bunun nəticəsidir ki, bu gün ölkəmiz regionda güc amilinə, Avropada və dünya birliyində söz sahibinə çevrilib. Bütün bu uğurların əldə edilməsində, sözsüz ki, Cənubi Qafqazın ən nüfuzlu partiyası olan Yeni Azərbaycan Partiyasının öz yeri, öz payı var".

Tədbirdə, həmçinin, YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə Fəxri Fərmanla təltif edildilər. YAP sıralarına yeni üzv qəbul edilmiş bir qrup gəncə partiyaya üzvlük vəsiqəsi təqdim edilib.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib.Rayonun istedadlı gənclərinin ifasında YAP-a və vətənpərvərlik mövzusuna həsr olunmuş mahnılar və şeirlər səsləndirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə