“Bakı Forumunda bu məsələlərin hamısı ciddi surətdə analiz edildi" ÖZƏL-ŞƏRH

“Bakı Forumunda bu məsələlərin hamısı ciddi surətdə analiz edildi" ÖZƏL-ŞƏRH

“Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forum artıq neçə ildir ki, keçirilir. “Bakı Prosesi” deyilən özündə həmçinin digər tədbirləri də ehtiva edən çox böyük ümumdünya əhəmiyyətli tədbirlərdir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu humanitar tədbirdə əsasən dövlətlərarası, xalqlararası gərginlik yaradan məqamların səbəbləri barədə, eləcə də ondan çıxmağın yolları haqqında fikir mübadiləsi aparılırdı: “Son nəticədə isə sivilizasiyalararası barış, dialoq və ehtimad mühitinin yaradılması ilə bağlı müxtəli maraqlı siyasətçilərin, elm və bilik adamlarının fikirləri burada səsləndirilirdi. Amma VI Bakı Humanitar Forumunda daha çox Qafqaz problemləri, post-sovet məkanındakı müxtəlif millətlərarası münaqişələr, multikultural proseslər və bütün bunların ümumdünya tarixi inkişaf prosesinə təsiri barədə çox ciddi polemikalar aparılırdı. Bu polemikalar zamanı həm də dünyanın gələcək inkişaf meylləri müəyyənləşdirilməyə çalışılırdı və müxtəlif proqnozlar verilirdi.

10-20 il bundan sonra dünyanın ictimai-siyasi vəziyyəti necə olacaq, dövlətlərarası münasibətlər necə olacaq, sülh ideyası müharibə ideyası üzərində qələbə çala biləcəkmi yoxsa indiki şəkildə olan böyük güclərin qarşıdurması, gərginliyi davam edəcəkmi və s. Zənnimcə bu sarıdan işıqlı və nikbin proqnozlar verildi. Məsələn, müasir elmi-texniki inqilabın nailiyyətləri nəticəsində dünyanın həm siyasi mənzərəsi, həm də iqtisadi mənzərəsinin dəyişəcəyi, maddi rifah halının yüksəlməsi nəticəsində dövlətlərarası münasibətlərdə yaranmış və yarana biləcək gərginliklərin aradan qaldırılması mümkün olacaq. Çünki indi dünyanın bir sıra qlobal problemləri var. Bunların çoxu ekoloji xarakterli, maddi rifahla bağlı problemlərdir və s. Bu problemlərin hamısı yekun halında həm beynəlxalq münasibətlərə, həm də dövlətlərarası münasibətlərə və fərqli mədəniyyətlərin, sivilizasiyaların bir-birinə ola münasibətlərinə təsir göstərir. Bakı Forumunda bu məsələlərin hamısı ciddi surətdə analiz edildi və verilən proqnozlar zənnimcə, ümidvericidir. Bu proqnozlarda dünyada gərginliyin get-gedə artması deyil, onun get-gedə azalması meylini vurğulayanlar daha çox oldu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə