Ermənilər Con Boltonun bəyanatlarından təşvişə düşüblər ANALİTİKA

Ermənilər Con Boltonun bəyanatlarından təşvişə düşüblər ANALİTİKA

İşğalı ölkənin deputatları amerikalı rəsminin hər bəyanatına “bəhanə” tapmağa cəhd göstərirlər

ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri çərçivəsində irəli sürdüyü mühüm bəyanat və fikirləri Ermənistanda ciddi təşvişə səbəb olub. SİA xəbər verir ki, bütövlükdə Boltonun istər Bakıda, istərsə də tvitter hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, bütövlükdə ölkəmizlə bağlı rəylərində yalnız müsbət cəhətdən çıxışlar etməsi erməni tərəfini ciddi şəkildə düşünməyə vadar edib. Amerikalı rəsminin Dağıq Qarabağ məsələsində sərgilədiyi ədalətli mövqe də erməni siyasilərinin narahatlığına səbəb olub. Hətta onun yalnız Azərbaycanla deyil, digər məsələlərlə bağlı bölüşdüyü fikirləri də necə deyərlər, ermənilər tərəfindən “atəşə” tutulmaqdadır.

Ermənilərin Con Boltona qarşı hücuma keçmələrinin arxasında onun Azərbaycana qarşı yüksək mövqe sərgiləməsi reallığı dayanır

Buna misal kimi, Ermənistan parlamentində çoxluq təşkil edən Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan keçirdiyi brifinq əsnasında Con Boltonun ABŞ silahlarının Rusiya silahlarından daha yaxşı olması barədə fikirlərinin “doğru” olmadığını bildirib.

Düzdür, sonradan öz fikirlərinə düzəlişlər edən erməni deputat buna baxmayaraq, amerikalı rəsminin silahlarla bağlı münasibət bildirməsini belə “qiymətləndirib”. SİTAT: “Beynəlxalq konvensiyalar çərçivəsində münaqişə tərəflərinə silah satmaq onun daha da qızışmasına səbəb olur. Kimin silahının daha yaxşı olmasını demək doğru fikir deyil. Biz, müharibəyə deyil, münaqişənin sülh yolu ilə həllinə gedirik”.

Göründüyü kimi, ermənilər hazırda bütün istiqamətlərdə ABŞ rəsmisinə qarşı hücuma keçiblər və əlbəttə ki, bunun arxasında Azərbaycana olan yüksək dəyər faktoru dayanmaqdadır. Yəni belə qənaətə də gəlmək olar ki, Respublika fraksiyasının rəhbəri Baqdasaryanın silahla bağlı “iddiaları” sadəcə, Boltona qarşı əks-fikir söyləmək üçün bəhanədir. Çünki bu günə qədər elə Baqdasaryanın təmsil olunduğu Respublika partiyasının rəhbərliyi, xüsusilə Nikol Paşinyan tərəfindən devrilmiş Serj Sarkisyan rejimi dəfələrlə Rusiyadan silahlar alaraq, kredit müqavilələri imzalayıb. Bu isə onu göstərir ki, Ermənistan ümumiyyətlə, bütün hakimiyyətlər dövründə işğalçılıq siyasəti cinahından çıxış edib. Ona görə də Baqdasaryanın fikirlərini ciddi kimi hesab etmək doğru deyil.

Con Bolton Ermənistanın buxivlandığını bildirib və erməni deputatı bu gerçəklidən “qəzəblənib”

Yeri gəlmişkən, Boltonun “Ermənistan tarixi məhduduyyətlərlə buxovlanmamalıdır” fikirlərinə də qarşı çıxan erməni deputat əslində daxilindəki fikirlərini açığa çıxarmış olub. O, buna cavab olaraq, bir daha ermənilərin işğalçılıq siyasəti üzərində fikir yürütdüklərini sübuta yetirib. O, Ermənistanın guya tarixi məhdudiyyətlə buxovunda olmadığını deyərək, “milli dəyərlərindən” dəm vurub və növbəti siyasi həyasızlığını sərgiləyərək, Qarabağın “onlara məxsus” olduğunu bildirib.

Beləliklə, fakt budur ki, Con Boltonun münaqişənin həlli ilə bağlı Ermənistana verdiyi tövsiyələri və bildirdiyi iradları bu kimi erməni siyasətçilərini yerindən oynadıb və görünür bu səbəbdən də amerikalı rəsminin demək olar ki, hər cümləsinə, hər bəyanatına qarşı çıxışlar edirlər. Lakin bu həm də belə qənaətə gəlməyə əsas verir ki, artıq Ermənistana nə Qərb, nə də Rusiya dayaq dayanmaq fikrində deyil. Çünki Ermənistan bütün siyasi rıçaqlarını itirib və bundan sonra işğalçı ölkədə dəfələrlə hakimiyyət dəyişikləri olsa belə, bu kimi “inqilab” prosedurları onların istədikləri nəticələri verməyəcək. Baqdasaryan və onun kimi digərlərinə isə boş-boş əks-bəyanatlar verib, özlərini aldatmaq qalacaq. O zamana qədər ki, torpaqlarımızı azad etməyəcəkləri vaxta qədər. Onlar da yaxşı anlayırlar ki, artıq saatın əqrəbləri Azərbaycana tərəf işləyir və beynəlxalq aləm, o cümlədən ABŞ bu məsələdəki mövqeyini bilavasitə Con Bolton vasitəsi ilə təsdiqlədi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə