Fransanın müşahidəçi mövqeyi BMT Təhlükəsizlik Şurasının tələblərinə ziddir TƏHLİL
Fransa hökuməti şəhər merlərinin işğalçılarla dostluq bəyanatı imzalamasına müşahidəçi mövqe sərgiləməməlidir
Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə Fransanın Sent-Etiyen şəhəri arasında dostluq haqqında bəyanat imzalanması barədə məlumatların Ermənistan kütləvi informasiya vasitələrində yayımlanması erməni təşviqatına nə qədər xidmət edirsə, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın nüfuzuna bir o qədər də xələl gətirir. Qərəzli, anti-Azərbaycan mövqeyi ilə tanınan və erməni lobbisinin təsiri altında olan Fransua Roşbulanın müşayiəti ilə Fransanın Seynt-Etiyen şəhərinin meri Qael Perdriaunun qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ümumiyyətlə, Avropanın bütün dünyaya nümayiş etdirmək istədiyi dəyərlərə ziddir.
Seynt-Etiyen şəhərinin merinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, daha doğrusu, Azərbaycana məxsus ərazilərə qanunsuz şəkildə girməsi nə beynəlxalq hüququn, nə də Azərbaycan konstitusuyasının normalarına uyğun deyil. Daha doğrusu qanunsuz olan bu tip səfərlər hüquq normalarına, qanunun aliliyinə hörmətsizlik və onların kobud şəkildə pozulması deməkdir. Minsk Qrupunun Fransa kimi həmsədr ölkəsinin şəhər merinin belə bir qeyri-qanuni, qeyri-etik davranışlarının fonunda sözsüz ki, ondan mənəvi-əxlaqı dəyərlərə hörmət gözləmək mənasızdır. Amma qanun və qanunvericiliyə, beynəlxalq hüququn normalarına riayət etməsi tələb olunmalıdır.
Fransalı merlərin işğal altında olan ərazilərimizə qanunsuz səfərinə Fransa hökuməti cavabdeh olmalıdır
Qael Perdriaunun Fransua Roşbulanın müşayiəti ilə Azərbaycana məxsus ərazilərə icazəsiz daxil olması, yəni qanunsuz səfərini, qeyri-qanuni bəyanat imzalanmasını Azərbaycan ictimaiyyəti kəskin şəkildə pisləyir. Ölkə ictimaiyyətinin belə qanunsuz səfərlərə hiddətini də başa düşmək çətin deyil. Fransalı merlərin işğal altında olan ərazilərimizə qanunsuz səfərinə etiraz edərək yaydığı bəyanatda Fransanın mərkəzi hökuməti tərəfindən bu kimi qeyri-qanuni əməllərə münasibətdə passiv müşahidəçi münasibət göstərilməsinə irad etməkdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icması haqlıdır. Hər hansı bir şəhərin meri mərkəzi hökumətin icazəsi olmadan səfər edə, ələlxüsus qanunsuz səfərləri reallaşdıra bilməz. Fransalı merlərin işğal altında olan ərazilərimizə qanunsuz səfərinə Fransa hökuməti cavabdeh olmalıdır.
Erməni lobbisinin təsiri altında Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər etmək, hərbi işğal altında olan şəhərlərlə müxtəlif qeyri-qanuni sənədlər imzalamaq Fransa kimi bir Avropa ölkəsinə, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinə heç yaraşmır. Əvvəla ona görə ki, Fransa mədəniyyətini, ədalətlilik, bərabərhüquqluluq, qanunun aliliyi prinsiplərini bütün dünyaya az qala nümayiş etdirmək iddiasında olan Avropanın bir ölkəsidir. O Avropa ki, hər daim haqq və hüquqlardan, humanizm, insanpərvərlik kimi ali prinsplərdən dəm vurur və beynəlxalq hüququn keşikçisi kimi özünü qələmə verir. Bütün bu ali prinsplərin fonunda Avropanın ən nüfuzlu dövlətlərindən birinin, Fransanın, öz şəhər merinin qanunsuz səfərinə hələ də reaksiya vermədən müşahidəçi mövqe tutmasını yaraşdırmaq mümkündürmü? Əlbəttə ki, yox. Digər tərəfdən, vasitəçilik missiyasını, Dağlıq Qarabağda münqişənin həlli ilə bağlı öz üzərinə öhdəçilik götürən ATƏT-in Minsk Qrupu kimi bir qurumun həmsədr ölkəsinin münaqişə zonasına, daha doğrusu Azərbaycan torpaqlarına qanunsuz səfəri bəlkə Fransa hökumətinə yaraşandır? Yaxud, bu qanunsuz səfərdən sonra Fransa hökumətinin Seynt-Etiyen şəhər merinin qanunsuz hərəkətlərinə müşahidəçi mövqeinin fonunda nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya ictimaiyyəti həmin ölkənin münaqişənin həllinə təsir, hətta səy göstərəcəyinə inanarmı? Bəlkə, hələ də ATƏT-in Minsk Qrupu nə isə müsbət nəticə gözləyir, amma artıq ictimaiyyət tamam başqa, tamam fərqli fikirdədir.
Seynt-Etiyen merinin qanunsuz səfərini sadəcə müşahidə etməklə Fransa hökuməti etnik təmizləməni, işğalçılığı dəstəkləyir
Bəlkə 1992-ci ilin 8 may tarixində Azərbaycanın qədim Şuşa şəhərinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduğunu da bilmir Fransa hökuməti? Yoxsa Fransa hökuməti qanunsuz səfərini reallaşdıran və işğalçılarla dosluq bəyanatı imzalayan Seynt-Etiyen merinin qanunsuz hərəkətlərini sadəcə müşahidə etməklə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, Azərbaycan ərazilərinin işğalını və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləməni dəstəkləyir və bəlkə ona bəraət qazandırır? Bəlkə, Şuşa şəhərinin və rayonun 30 kəndinin işğalı nəticəsində dağıdıldığından, 195 nəfər dinc sakinin həlak olmasından, 165 nəfərin yaralanmasından, 58 nəfərin itkin düşməsindən, 24 mindən çox əhalinin etnik təmizləməyə məruz qalmasından xəbərsizdir? Hər halda şəhər meri Şuşaya qanunsuz getmək üçün erməninin qılıncının altından keçməyi bildiyi halda, təmsil etdiyi Fransa hökumətinin insan haqlarının kobud şəkildə pozulması faktlarından xəbərsizliyi inandırıcı deyil.
İnandırıcı deyil ki, Fransa Azərbaycanlılara qarşı soyqırım siyasəti yürüdüldüyündən, ərazilərimizin erməni terroru nəticəsində işğal edildiyindən xəbərsizdir. İndi bütün dünya ictimaiyyəti, bütün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycan ərazilərinin erməni separatçıları tərəfindən işğal edildiyini, azərbaycanlılara qarşı saysız-hesabsız cinayətlər torədildiyini çox yaxşı bilir. Azərbaycan vətəndaşlarının ermənilər tərəfindən kütləvi şəkildə, özü də xüsusi amansızlıqla qətlə yetirilməsindən, hətta cəsədlər üzərində təhqiramiz hərəkətlərə belə yol verilməsindən bütün dünya xəbərdardır. Şuşa şəhərinin də işğalı çox uzaq bir keçmişə təsadüf etmir ki, işğal faktı barədə kimsə məlumatsız olsun. Belə olan halda sual ortaya çıxır ki, görəsən Seynt-Etiyen şəhərinin meri, həmin merin qanunsuz səfərinə müşahidəçi mövqe sərgiləyən Fransa hökuməti dostluq haqqında bəyanatı işğalçılarla imzaladığının fərqində deyilmi?
Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binasının, 160-dək mədəniyyət və tarixi abidənin, məbədgah və məscidlərin dağıdılması işğal, talan faktıdır ki, bu erməni işğalçılarının əməlləridir. Bu əməllər isə Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması ilə ərazilərin mənimsənilməsi siyasətinin, erməni xislətinin əsasını təşkil edir. Pənah xanın sarayının və kitabxanasının, Xan sarayının, karvansarayın, məscidlərin, Vaqifin Mavzoleyinin, Natavanın ev muzeyinin və sair digər tarixi abidələrin dağıdılması ərazilərə sahib çıxmaq deyil. Yaxud, işğal edilib dağıdılmış ərazilər ermənilərə mənsub olma faktını təsdiqləmir və Fransa merinə əsas vermir ki, həmin ərazilərə erməni lobbisinin köməyi ilə qanunsuz soxulsun. Dağıdılmış Şuşa şəhəri ilə dostluq haqqında bəyanatı həmin şəhəri işğal edib, dağıdanlarla imzaladığını Fransa meri yoxsa dərk etmir? Bəlkə Fransa hökuməti fərqində deyil ki, Şuşa şəhərini işğal edənlərlə Fransanın Seynt-Etiyen şəhər merinin dostluq barədə imzaladığı bəyanata müşahidəçi mövqe tutur? Fransa hökuməti hansı üzlə bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi missiyasını icra edəcəyini iddia edəcək?
Fransa hökumətinin qanunsuz səfərə müşahidəçi mövqedə dayanması beynəlxalq hüquq normalarına hörmətsizlikdir
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin riyakarlıqla təşviq edilməsini dəstəkləyən bir dövlətin vasitəçilik missiyasi müsbət nəticə verə bilməz və bu nəticə heç bizə lazım da deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistanın öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması, Azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı icmasının öz doğma torpaqlarına qaytarılması tələbinin fonunda Fransa şəhərlərindən birinin merinin qanunsuz səfər edərək, dosluq haqqında bəyanat imzalaması, buna Fransa hökumətinin reaksiya verməməsi, müşahidəçi mövqedə dayanması beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Bu səfər və səfər çərçivəsində imzalanan bəyanat Təhlükəsizlik Şurasının tələbləri ilə də ziddiyyət təşkil edir. Bu ziddiyətin fonunda ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa hökumətinin mövqeyi də, missiyası da artıq Azərbaycan üçün maraqsızdır.
Fransa da daxil olmaqla bütün dünya dövlətlərinin, beynəlxalq təşkilatların, demokratik institutların, insan hüquq və azadlıqları cəmiyyətlərinin Ermənistanın təşviqata hesablanmış cılız mənimsəmə siyasətinə “dur” deməli olduğu bir vaxtda tamam başqa bir mövqe sərgilənməsi, işğal altında olan torpaqlara qanunsuz səfər etməsi, işğalçılarla görüşməsi, dosluq barədə bəyanat imzalaması münaqişənin həllinə deyil, yalnız onun mürəkkəbləşdirilməsinə xidmət edə bilər. İndi bütün dünya separatçılıqla, terrorçuluqla mübarizə apardığı bir zamanda işğalı davam etdirmək nə qədər ziddiyyətlidirsə, işğalçı ilə dosluq bəyanatı imzalamaq da bir o qədər təzadlıdır. Belə ziddiyyətlər və təzadlarla münaqişənin həllinə nail olmağa çalışan həmsədr ölkələr və beynəlxalq qurumlar böyük səhv edirlər və bilməlidirlər ki, işğalçını öz adı ilə çağırmadıqca, ona qarşı sanksiyalar tətbiq edilmədikcə, qanunun tələblərinə riayət etməsinə təhrik edilmədikcə, işğalçılarla dostluq münaibətlərinə yer ayrıldıqca münaqişənin həlli barədə danışmaq cəfəngiyyat kimi səslənir. Dağlıq Qarabağ, Şuşa da daxil olmaqla oradakı bütün şəhərlər Azərbaycana məxsusdur və həmin ərazilərə qanunsuz səfər edilməsi, Şuşa və yaxud həmin ərazilərdə yerləşən digər şəhərlərlə dostluq müqviləsinin işğalçılarla, qondarma rejim təmsilçiləri ilə imzalanması qəbuledilməzdir. Azərbaycanın sərhədləri və ərazi bütövlüyünə hər kəs hörmətlə yanaşmalı və bilməlidir ki, ərazi bütövlüyünün təmin edilməsi şərti ilə regionda dayanıqlı və ədalətli sülh təmin oluna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB