Tahir Süleymanov: “Bu, Cənab Prezidentin mənə yüksək etimadıdır” MÜNASİBƏT ÖZƏL

Tahir Süleymanov: “Bu, Cənab Prezidentin mənə yüksək etimadıdır” MÜNASİBƏT ÖZƏL

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tahir Süleymanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısı Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb: “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tahir Süleyman oğlu Süleymanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.

Millət vəkili Tahir Süleymanov təltif olunması ilə bağlı SİA-ya verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən onun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülməsi ilk növbədə, dövlətin ona göstərdiyi yüksək etimadın göstəricisidir.

“Mən ilk növbədə cənab Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm ki, Vətən, dövlət qarşısında göstərdiyim xidmətlərimə görə məni mükafatlandırıb, yüksək etimad bəsləyib”, deyə vurğulayan Tahir Süleymanov bundan sonrakı fəaliyyətində də əzmlə çalışacağını, Azərbaycan dövlətinin inkişafı və tərəqqisində öz töhfələrini verəcəyini qeyd edib: “Biz, öz fəaliyyətimizi ölkəmizin qanunvericilik orqanı olan Milli Məclisdə də davam etdiririk ki, həmin fəaliyyətimizin tərkib hissəsi xalqımıza, seçicilərimizə xidmət etməkdir. Çünki möhtərəm Prezidentimiz də dəfələrlə öz çıxışlarında qətiyyətlə vurğulayıb ki, hər bir vəzifəli şəxs, məmur ilk növbədə öz xalqına, dövlətinə, xidmət etməli, ölkəsinin inkişafında, tərəqqisində fəal olmalıdır. Eyni zamanda, parlament seçkilərində seçicilərimin mənə göstərdiyi etimad da apardığım fəaliyyətin tərkib hissəsidir və mən həmçinin millətimin vəkili olaraq, üzərimə düşən vəzifələrin öhdəsindən maksimum gəlməyə çalışıram. Düşünürəm ki, İlham Əliyev cənabları məhz bu fəaliyyətimin müqabilində məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi. Mənə verilən dəyərə görə, Cənab Prezidentimizə öz dərin minnətdarlığımı və ehtiramımı bildirirəm”.

Tahir Süleymanov bu gün Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində uğurlu inkişaf yolu tutduğunu, ölkəmizin regional və beynəlxalq aləmdə təşəbbüskar kimi çıxış etdiyini bildirib və bütün bunların təməlində Ulu Öndər Heydər Əliyev ideologiyasının, eləcə də bu ideologiyanı qətiyyətli, məqsədyönlü siyasəti ilə layiqincə davam etdirən İlham Əliyev faktorunun olduğunu vurğulayıb: “Söz yox ki, bizlər də əldə edilən nailiyyətlərdən, siyasi-iqtisadi uğurlardan fərəhlənir, qürur hissi keçirir, o cümlədən, fəaliyyətimizi də bu reallıqlardan bəhrələndirərək inamla irəli baxırıq. Əldə edilən hər bir müvəffəqiyyət istər məni, istərsə də hər bir vətəndaşımızı ruhlandırır, sevindirir. Əlbəttə, azərbaycanlı olaraq, Azərbaycan vətəndaşı olaraq biz, bundan sonra bu ideoloji prinsiplərə sədaqətimizi davam etdirməklə daha möhtəşəm zəfərlərə doğru getməli, Prezident İlham Əliyev cənabları ətrafında daha da sıx birləşməliyik”.

Millət vəkili son olaraq onu da bildirib ki, əslində ona verilən dövlət ordeni daxilində Vətən və dövlətçilik, Ulu Öndər Heydər Əliyev sevgisi daşıyan hər bir kəsə aiddir və ona verilən bu mükafat qeyd olunanların tərkib hissəsidir: “Mən fürsətdən istifadə edərək, bir daha cənab Prezidentimizə öz təşəkkürlərimi bildirir, Ona öz işlərində davamlı uğurlar arzulayıram”.

Rəfiqə KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə