Politoloq: “Putin bu dəfə Ərdoğana “HƏ” dedi” - ÖZƏL

Politoloq: “Putin bu dəfə Ərdoğana “HƏ” dedi” - ÖZƏL

“Rusiya prezidenti Vladimir Putin Tehranda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı eşitmədi, onun Suriyanın İdlib şəhəri üçün atəşkəs istəyinə 3 dəfə ”yox” dedi”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Tehranda bir az dərinə getsəydilər Astana prosesi (Türkiyə-Rusiya-İran dialoqu) dağılacaqdı. Ötən gün Ərdoğan yenə Putinlə görüşdü. Bu dəfə Putin Ərdoğanın arqumentlərini qəbul etdi. Rusiya İdlibə hücum etməyəcək. Bunun əvəzinə rusiyalı və türkiyəli hərbçilər İdlib ətrafında təhlükəsizlik zolağı yaradacaqlar. Ancaq Putinin iki şərti yenə gündəmdədir.

Birinci şərt – İdlib istiqamətindən Rusiyanın Suriyadakı hərbi bazalarına hücum təhlükəsi olmamalıdır. İkinci şərt – İdlibdəki terrorçular ağır silahları ərazidən çıxartmalı, bir müddət sonra isə özləri də şəhəri tərk etməlidirlər. Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək. Bütün hallarda bugünkü razılaşma hər iki dövlətin xeyrinədir. Rusiya İdlibə hücum etməyib terrorçuların bölgəni tərk etməsinə nail olarsa həm Qərbin təzyiqlərindən yaxa qurtaracaq (çünki hücum olsaydı çox sayda insan öləcəkdi), həm də Suriyada hərbi varlığını gücləndirəcək. Türkiyə isə İdlibə hücumun qarşısını almaqla həm qətliamın qarşını aldı, qaçqın axını ilə üzləşməyəcək, həm də Suriyadakı hərbi varlığını Rusiya ilə birgə gücləndirəcək”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə