Politoloq: “Prezidentlərin görüşünə böyük ümidim var” ÖZƏL-MÖVQE

Politoloq: “Prezidentlərin görüşünə böyük ümidim var” ÖZƏL-MÖVQE

“Rusiya istəyir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsun”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli son günlər Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözgedən məsələ Azərbaycan mətbuatına sızıb: “Mətbuatda bəziləri hümanizmi müdafiə edir, təbliğ edir bəziləri isə əks mövqedə dayanır. Bu nöqteyi-nəzərdən ictimai fikirdə Rusiyanın etdiyi təklifə münasibətlər birmənalı deyil. Bu gün Soçidə Azərbaycan və Rusiya prezidentləri görüşür. Yəqin ki, bu məsələlərə də toxunulacaq. Rusiyada sanki belə bir əhval-ruhiyyə hiss olunur ki, Rusiya Azərbaycanla strateji münasibətləri daha yüksək səviyyəyə müttəffiqlik səviyyəsinə qaldırmaq istəyir. Hətta rus politoloqların sözlərinə inansaq, Ermənistanla münasibətlər fonunda Rusiya Azərbaycanı Qafqazda özünün əsas müttəfiqi kimi seçmək istəyir. Təbii ki, bütün bunlar söz-söhbətdir. Danışıqlar prosesindən sonra biz bunun şahidi olacağıq. Rusiya doğrudanmı Azərbaycanla səmimi, bərabərhüquqlu strateji müttəfiqliyə əsaslanan qonşuluq münasibətləri qurmaq niyyətindədir? Bunun da həyata keçməsi üçün başlıca amillərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq çərçivəsində, BMT-nin qətnamələri çərçivəsində və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində yanaşmasından asılı olacaq.

Ümumiyyətlə, separatizmə yox deyən beynəlxalq hüquq və beynəlxalq təşkilatlar dövlətlərin ərazi bütövlüyünə hörmət göstərilməsini israrla təkid edirlər. Belə bir şəraitdə Rusiya Azərbaycanla münasibətlərini möhkəm təməllər üzərində qoymaq istəyirsə, Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ məsələsinə obyektiv münasibət bəsləməlidir. Bu gün Azərbaycan məsələni hərb yolu ilə də həll etməyə hazırdır. Bu məsələni Ermənistanın başa düşməsi üçün Ermənistan özünün işğalçı olduğunu etiraf etməsə də, dünya artıq bunu etiraf edir. XXI əsrdə sivilzasiyalı bir dünyada yaşadığımız bir zamanda başqa torpaqları işğal edib öz ərazisinə qatmaq qeyri-mümkündür. Mənim Soçidə keçirilən Azərbaycan və Rusiya prezidentlərinin görüşünə böyük ümidim var”.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istədiyini bəyan edərsə, Ermənistan təşkilatdakı veto hüquundan istifadə edərək bunun qarşısını alacaq. Naqdalyan xatırladıb ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında qərarlar konsensus əsasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunur: "Ermənistan tərəfi bu məsələ ilə bağlı öz fikrini bildirib. Düşünmürəm ki, bəyan edilən mövqeyimizin ikinci şərhə ehtiyacı var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə