Siyasi ekspert: “ABŞ öz müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir” ÖZƏL-MÖVQE

Siyasi ekspert: “ABŞ öz müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir” ÖZƏL-MÖVQE

“Məlum 11 sentyabr hadisələrindən sonra dünyanın geosiyasi mənzərəsi yenidən formalaşmağa başladı. ABŞ müsəlman aləmindən 11 sentyabr terrorunun qisasını almaq üçün yeni planlar və hərbi əməliyyatlar həyata keçirmək qərarına gəldi. Sanki ABŞ ekiz qüllələrində həlak olan çoxsaylı yəhudi kökənli sakinlərinin qisasını almaqda çox israrlı idi. Əlbəttə ki, yaxın şərqin yenidən dizayn edilməsi planının daha dərin kökləri var. Məsələ heç də 11 sentyabrın qisasını almaq deyilmiş. İsrail və ABŞ kimi dövlətlərə yaxın şərqi yenidən dizayn etmək üçün 11 sentyabr kimi bir terror aktına ehtiyacı var idi. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları bu işə girişərkən güclü müttəfiqlərinə ehtiyac duyurdu”. Bunu SİA-ya siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Türkiyə həm NATO üzvü, həmçinin ABŞ-ın bölgədə ən etibarlı tərəfdaşı kimi bu məsələlərdə xüsusi rola malik idi: “Lakin nə sionist rejimi, nə də Amerikanın yaxın şərq planını hazırlayanlar Türkiyədə AKP-nin bu planı pozacağını ağıllarına belə gətirmirdilər. Hər şey ondan başladı ki, 2003-cü ildə Türkiyə böyük millət məclisi ABŞ-ın İraqa hərbi müdaxiləsi üçün Türkiyə ərazisindən istifadəsinin əleyhinə səs verdi, yəni icazə vermədi. ABŞ İraqa əsas müttəfiqi İngiltərə və digər NATO üzvü olan qüvvələrlə daxil oldu. Səddam Hüseyn devrilsə də, ABŞ-ın İraq siyasəti fiaskoya uğradı. İraqda tapılmayan nüvə silahı və həlak olan on minlərlə müsəlmanlar, uzun sürən xaos həm İraqa, həm də ABŞ-da külli miqdarda maddi ziyan vurdu, ABŞ bu müharibəyə milyardlarla dollar xərcləsə də nəticədə ABŞ-ın dünyada etibarı və mövqeyi xeyli zəiflədi.

Lakin ABŞ yaxın şərq siyasətindən əl çəkmədi və bu dəfə silahların gücü ilə deyil, yumşaq gücdən istifadə edərək digər müsəlman ölkələri olan Liviya, Misir və Tunisdə inqilabları dəstəkləyərək orada hakimiyyətlərin devrilməsinə və qarışıqlıqların yaranmasına səbəbkar oldu. Bu inqilablarda gənclərdən, vətəndaş cəmiyyəti və sosial şəbəkələrdən geniş istifadə olundu və ABŞ bu yöndə təlimlərin keçirilməsinə milyonlarla vəsait ayırdı. Suriyada yumşaq gücdən istifadənin qeyri-mümkünlüyünü görən ABŞ yenidən hərbi əməliyyatlara qərar verdi. Suriya məsələsində ABŞ artıq regionda Rusiya və İran kimi regional güclərin dirənişləri ilə üz-üzə qalaraq güzəştə getmək məcburiyyətində qaldı. Əlbəttə ki, baş verən bütün bu proseslərdə ən çətin duruma düşən məhz qardaş ölkə Türkiyə oldu. Bir tərəfdən ərəb dünyasına demokratiya gətirmək və diktatur rejimləri devirmək adı altında müsəlman ölkərinə qarşı aparılan səlib yürüşünə islam dəyərlərini əlində rəhbər tutan Ərdoğan üçün biganə qalmaq mümkün olmadığı qədər, NATO üzvü və ABŞ-ın müttəfiqi olaraq öz ərazsindən qonşu müsəlman ölkələrinə qarşı platzdarm rolunda istifadəsinə razı olmaq qəbuledilməz bir siyasi dilemma idi. Beləliklə Türkiyəyə qarşı təzyiqlər getdikcə artmağa başladı, Suriya üzərindən PKK-ya dəstək, məlum gəzi olayları və ötən ilin Feto terror örgütünün Türkiyədə AKP hakimiyyətini devirmək planları və ABŞ-ın bütün bu proseslərə açıq və gizli dəstək verməsi, İranı vurmaq üçün yenidən Türkiyənin hədəf seçilməsi artıq Ərdoğan hakimiyyətini ciddi seçim qarşısında qoydu. Bu gün ABŞ tərəfindən Türkiyə dövlətçiliyinin qəbul edə bilməyəcəyi təkliflər irəli sürülür. Görünən odur ki, ABŞ açıq aydın illərlə yetişdirdiyi Feto terror şəbəkəsinin vasitəsi ilə Türkiyədə çevriliş edərək onlara daha loyal qüvvələrin hakimiyyətə gəlməsinə və yaxın şərqlə bağlı gələcək planlarını həyata keçirməyi düşünür. Çünki onlara İsrailə “one minute” olayını yaşadan, ABŞ-ın və sionist rejimin regionda məkirli yaxın şərq (orta doğu) projesinə əngəl olan, ərazisində NATO hərbi bazalarının mövcud olmasına baxmayaraq öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan verməyən Ərdoğan kimi siyasi iradəsi olan qətiyyətli dövlət başçısı sərf etmir.

Artıq regionda ABŞ-ın maraqlarına uymayan yeni situasiya yaranmaqdadır. Dolaysı ilə ABŞ öz müttəfiqinə qarşı etdiyi ədalətsiz hərəkətləri ilə həm öz etibarını və maraqlarını ciddi şəkildə zədələmiş oldu, eyni zamanda da regionda yeni birliyin, Rusiya-İran-Türkiyə üçbuçağının yaranmasına rəvac vermiş oldu. Beləliklə baş tutmayan yaxın şərq projesi və bu proseslərdə ABŞ-ın yalnız öz çıxarlarından çıxış edərək bölgədə əsas müttəfiqi Türkiyəyə qarşı sərgilədiyi ədalətsiz münasibət artıq Türkiyə, İran və Rusiya ittifaqını qaçılmaz edir və bu ittifaqın möhkəmlənməsi, ticari iqtdiasi bağlarının daha da genişlənməsi ABŞ-ın bölgədə maraqlarını ciddi sual altına qoyur.

Azərbaycanın mövqeyinə gəldikdə isə əlbəttə ki, Azərbaycan hər zaman qardaş ölkə Türkiyənin yanındadır və bu məsələdə də Türkiyəyə dəstək olacaq. Eyni zamanda Rusiya ilə strateji müttəfiq və İranla xoş qonşuluq münasibətləri saxlayan Azərbaycanın bu ittifaqda yer alması qaçılmazdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə