“Vətəndaşlarımız rahat şəkildə müxtəlif sənədləri imzalaya biləcəklər" ÖZƏL-MÜNASİBƏT

“Vətəndaşlarımız rahat şəkildə müxtəlif sənədləri imzalaya biləcəklər" ÖZƏL-MÜNASİBƏT

“Uzun müddət gözlədiyim və arzusunda olduğum bir hadisə baş verir. Yəni Azərbaycan xüsusən də özünün iqtisadi inkişafı və yeni texnologiyaların tətbiqi baxımından bu proseslərdə geri qalmamalı idi, kifayət qədər sürətli bu prosesi həyata keçirməli idi. Amma müəyyən çətinliklər ucbatından məsələ bir balaca gecikmiş oldu. Artıq bugündən Azərbaycanda yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ötən gün Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli elektron şəxsiyyət vəsiqəsi Prezident İlham Əliyevə təqdim olundu: “Təbii ki, bu hadisə bizim Kütləvi İnformasiya Vasitələrində (KİV) geniş işıqlandırıldı. Bunun üstünlüyü yeni texnoloji çağırışlara cavab verməsidir. Burada söhbət şəxsiyyət vəsiqəsinin daşıyıcısının özünü tanıtması üçün artıq əvvəlki bir sıra primitiv çətinliklərlə üzləşməməsidir. Bu vəsiqənin daşıyıcıları özlərini rəqəmsal texnologiyalar vasitəsilə rahat bir şəkildə tanıda biləcəklər, eyni zamanda da müxtəlif sənədləri imzalaya biləcəklər. Yəni bu bütün dünyada xüsusən də inkişaf etmiş dünya ölkələrində tətbiq olunan bir sistemdir.

Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdiriləcək. Bunun özü insanların yaşayışını, fəaliyyətini asanlaşdıracaq amillərdəndir. Digər tərəfdən bildiyiniz kimi Azərbaycanda “ASAN” imza tətbiq olunur. Bu da mobil telefonlar vasitəsilə həyata keçirilir. Artıq yeni nəsil şəxsiyyət vəsiqəsi əldə etmiş vətəndaşlar mobil telefon vasitəsilə “ASAN” imza əldə etməyə məcbur qalmayacaqlar. Bu da əlavə olaraq vətəndaş üçün rahatlıq, xidmətin daha yüksək səviyyəyə çıxarılması deməkdir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə