Ermənistan ədalət qılıncının qarşısında aciz duruma düşmək üzrədir ANALİZ

Ermənistan ədalət qılıncının qarşısında aciz duruma düşmək üzrədir ANALİZ

Ölkə həbs dalğaları və siyasi böhran içində çabalayır

Robert Köçəryanın və Yuri Xaçaturivun həbsləri Ermənistandakı vəziyyəti gərginləşdirib. Belə ki, artıq bir sıra ictimai-siyasi dairələr, xüsusilə hakim Respublika partiyası, Daşnaksyutun, eləcə də Köçəryanın siyasi ofisi sərt bəyanatlar yayaraq, həbs olunanların dərhal azadlığa çıxarılmasını tələb edirlər. Lakin Nikol Paşinyan hökuməti bu tələbləri qulaqardına vuraraq, hətta Rusiyadan KTMT-nin baş katibi Yuri Xaçaturovun bu vəzifədən çıxarılmasını tələb edirlər. Xatırladaq ki, Yuri Xaçaturov da 1 mart qanlı olaylarında xalqa atəş açmaq əmrini alan və bunu amansızcasına yerinə yetirən yüksək rütbəli erməni generallarındadır. Onu da qeyd edək ki, Rusiya qarşısında tələb qoyan Paşinyan hökuməti qarşı tərəfin kəskin bəyanatı ilə qarşı-qarşıya qalıb və artıq Ermənistanla Rusiya arasında ciddi qarşıdurmanın baş verəcəyi an məsələsinə çevrilib. Söz yox ki, Rusiyanın forpostu rolunu oynayan Ermənistanın ərköyünlüyü artıq Rusiyanı boğaza yığıb və bunun sonu heç də ermənilər üçün yaxşı görünmür.

Aydın Mirzəzadə: “Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar”

Bu arada millət vəkili Aydın Mirzəzadə baş verən həbslərlə bağlı feysbuk səhifəsində fikirlərini bölüşüb. O, baş verənləri təhlil edərək, erməni xalqına qan udduran Köçəryan və Xaşaturovun azərbaycanlılara qarşı da eyni əməl törətdiyni xatırladıb. SİTAT: “Azərbaycanda Robert Köçəryan və Yuri Xaçatorovu tanımayan yoxdur. Biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub. Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar”.

A.Mirzəzadə bu cinayətlərinə görə sözügedən şəxslərin cavab verəcəklərinə inandığını bildirib və əlavə edib ki, onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyti zorla ələ keçirməkdə ittiham edilirlər: “Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Köçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. Hətta öz xalqına qarşı da o mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bar daha sübut etdi ki, insanlığa qarşı cinayətlər mütləq cəzalalarını alırlar”.

Beləliklə, həm də belə qənaətə gəlmək olar ki, Ermənistanda cərəyan edən hadisələr və bu fonda davam edən siyasi böhran ölkədə xaos və anarxiyaya doğru istiqamət alıb.

Qabil Hüseynli: “Serj Sarksiyan həbs ediləcək”

Bu ətrafda açıqlama verən politoloq Qabil Hüseynli da maraqlı məqamlara toxunub. O, KTMT-nin baş katibi Yuri Xaçaturovun da həbsini təhlil edərək deyib ki, Xaçaturovun KTMT-nın baş katibi vəzifəsindən azad olunması üçün Rusiyaya müraciət edilib: “Eyni zamanda Rusiyadan başqa digər iştirakçı dövlətlərə də müraciət edilib”.

“Hətta Ermənistanın keçmiş prezidenti Serj Sarksiyan da həbs ediləcək”-deyə proqnoz verən politoloq da hesab edir ki, bu kimi məsələlər İrəvanda, o cümlədən Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirəcək: “Çünki həbslər dalğası genişlənir və bu Qarabağa da çata bilər. Bütövlükdə həbslər Serj Sarkisyanın komandasına daxil olan hərbçilərdən, məmurlardan tutmuş yüksək vəzifəli şəxslərə qədər hamısını əhatə edə bilər. Bu isə böyük gərginlik deməkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın isə bütün bunlardan necə baş çıxaracağını söyləmək çətindir”.

Nəticə etibarilə Ermənistan daha ağır vəziyyətə doğru sürüklənir və bu vəziyyətin əsasında işğalçılıq siyasətinin dayanması da şübhəsizdir. Necə deyərlər, haqq nazilər, amma üzülməz. Hər halda haqsız tərəf olan Ermənistan ədalət qılıncının qarşısında aciz duruma düşmək üzrədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə