Bahar Muradova: “Dağlıq Qarabağla bağlı ciddi qərarların qəbul edilməsinin vaxtıdır” - MÜNASİBƏT

Bahar Muradova: “Dağlıq Qarabağla bağlı ciddi qərarların qəbul edilməsinin vaxtıdır” - MÜNASİBƏT

"ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını daşıdığı üçün istənilən tədbirində Qarabağla bağlı mövqeyini sərgilənməsini, onun da sənədlərdə əks olunmasını gözləyirik". Bunu SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. Onun sözlərinə görə, 11 ildən sonra keçirilən sammitdə bu məsələyə də ciddi diqqət ayrılacaq. Belə ki, artıq Dağlıq Qarabağla bağlı ciddi qərarların qəbul edilməsinin vaxtıdır. Hətta vaxtından bir az da keçib: "Ekspertlərin də əksəriyyəti bildirir ki, ATƏT-in Astana Sammiti həlli uzadılan münaqişələrlə, xüsusən Dağlıq Qarabağla bağlı ciddi qərarlar qəbul etməlidir. Amma edəcəkmi? Təbii ki, hansısa qərarlar qəbul olunacaq. Amma bu məsələnin həllinə ciddi təsir göstərə biləcək qərar olacaqmı? Bununla bağlı bir fikir söyləyə bilmərəm. Çünki bu qərara imza atacaq tərəflərdən biri Ermənistandır. Belə ki, sammit öncəsi Ermənistan qeyri-konstruktiv mövqeyini nümayiş etdirməkdədir və onların hansısa bir ciddi qərara imza atacağını və qəbul edəcəyini gözləmək mənim üçün çətindir. Ümumiyyətlə, ATƏT-in belə bir sənədin qəbul olunmasında istəkli olduğunu demək olar. Buna ən azı qurumun son zamanlar intensivləşmiş fəaliyyəti, həmsədr dövlətlərin nümayəndələrinin bölgəyə intensivləşən səfəri deməyə əsas verir. Ən azı belə bir razılaşmanın əldə olunmasına cəhd və səy göstərdiklərini bəyan edirlər. Astana Sammiti bu məsələyə hansı münasibət sərgiləyəcək və Ermənistanı konstruktiv mövqeyə gətirmək üçün hansı addımları atacaq, bunu qarşıdakı iki gün göstərəcək".

ATƏT-in Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkilərinin müzakirə olunacağını bildirən Bahar Muradova deyib ki, qurum tərəfindən hazırlanan hesabatda bir sıra fikirlər öz əksini tapacaq və ATƏT-in ilkin rəyindən çox fərqlənməyən bir rəy olacaq: "ATƏT-in qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkiləri əlbətdə müzakirə olunacaq. Eyni zamanda Amerikada və Qırğızıstanda keçirilən seçkilərə münasibət bildiriləcək və bununla bağlı müzakirələr aparılacaq. Düşünürəm ki, ATƏT-in və digər müşahidəçilərin söylədikləri fikirlər bu hesabatda öz əksini tapmalıdır. Hər halda ATƏT-in ilkin rəyindən çox fərqlənməyən bir rəy orada öz əksini tapacaq. Bu rəyin içərisində əlbəttə ki, onların mənfi qiymətləndirdiyi məqamlarda var. Hansı ki, bəzi sahələrdə onların dəyərləndirməsi ilə reallıqda vəziyyət tam fərqlidir. Düşünürəm ki, sonrakı əməkdaşlığın daha da dərinləşdirilməsinə yönələn hansısa fikirlər bu hesabatda öz əksini tapa bilər".

Eyni zamanda B.Muradova Turqut Ərin yazdığı kitaba da münasibət bildirib. O, qeyd edib ki, ATƏT-in sammiti öncəsi bu kitabın nəşr etdirilməsi nəzərdə tutulan müxtəlif məqsədlərə baxmayaraq istənilən nəticəni verməyəcək: "Əgər bu Azərbaycan və Türkiyə xalqlarının arasına nifaq salmasına yönəlibsə, bu cür cəhdlər dəfələrlə olub və iki dövlətin qardaşlıq və dostluq münasibəti bütün bu kimi cəhdləri puça çıxarıb və qalib gəlib. Yox, əgər bu kitab ümumilli lider Heydər Əliyevin tək Azərbaycan deyil bütün türk dünyasında fəaliyyətinə kölgə salmağa yönəlibsə, bu qətiyyən həyata keçən bir iş deyil. Yəni onlar bunun öhdəsindən gələ bilməyəcəklər. Cünki, Heydər Əliyevin kimliyini təkcə Tuqut Ər və onun cızma qaraları müəyyənləşdirmir. Heydər Əliyevin siyasi xadim kimi kimliyi və fəaliyyəti öz ölkəsinə, dünyada gedən proseslərə verdiyi töhvələri, əməlləri sübut edir. O, əməllər bu gün real həyatda var. Bunu dəyərləndirən çoxsaylı dünya siyasətçiləri, dünya rəhbərləri, beynəlxalq dairələr var. Eyni zamanda Heydər Əliyevin həyatına, fəaliyyətinə obyektiv işıqlandıran kitabların sayı hədsiz çoxdur. Bu kimi cızma-qaralar o kitabların arasında heç görünmür də. Yenə də demək istərdim ki, "ər" adına yaraşmayıb hərəkət edən yazılarla gündəmə gələn, Heydər Əliyevə hücum etməklə və çamur atmaqla gündəmə gəlmək istəyənlərin fəaliyyəti, hesab edirəm ki, onların özlərinin kimliyini, mahiyyətini ortaya qoyur. Zaman-zaman dahilərə, dövlət və siyasi xadimlərə belə bir hücumlarla kimlərsə yadda qalmaq istəyir. Amma bu yaddaş həmin adam üçün çox səhf olub. Demək istəyirəm ki, hansısa dairələrdən maliyyələşən, xırda maraqlara xidmət edən, ATƏT-in Astana Sammiti ərəfəsində Azərbaycanın imicinə zərbə vurmağa çalışanların göstərdikləri səylər bəhrə verməyəcək. Çünki, Astana Sammitinə gələn 56 ölkənin rəhbər şəxsləri Turqut Ərin "kitabları"nı oxumur. Nə də orada yazılanlara görə nə Azərbaycana, nə də Heydər Əliyevə münasibət bəsləmirlər. Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə